Məhkəmə qərarları › İş №3(033)-132/2022

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-132/2022

21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-132/2022 21.04.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili X3, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin sahə rəisi X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxxxx 1985-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, il ərzində eyni xəta üzrə inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada da yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 14 aprel 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 26 mart 2022-ci il tarixdə saat 17 radələrində aralarında yaranmış mübahisə zamanı Zaqatala şəhəri Vidadi küçəsində Zərərçəkmiş şəxs sillə vuraraq ona qəsdən fiziki ağrı yetirmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon polis şöbəsinin İTBnin sahə rəisi X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə Zaqatala rayonu Muğanlı kəndində yaşayan Məmmədov X5 RPŞ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində Şəxs aralarında yaranmış mübahisə zamanı onu döymüşdür. O, Elnur barəsində tədbir görülməsini xahiş etmişdir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, 26 mart 2022-ci il tarixdə, saat 17:00 radələrində Əliyev X7 şəhəri Vidadi küçəsində, Zərifə Əliyeva adına parkın qarşısında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs sifətinə sillə vurmuşdur. Toplanmış material üzrə Şəxs əməlində cinayət tərkib olmadığından cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Buna baxmayaraq, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan onların izahatları alınmış və qərarın əsasında onun haqqında 14 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı polis şöbəsində verdiyi izahatını təsdiq edərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Zaqatala şəhəri Zərifə Əliyeva parkında yerləşən Azər adlı şəxsin kafesində sərxoş vəziyyətdə tək oturub çay içdiyi zaman əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs onunla eyni kafedə tək oturub pivə içmişdir. O, həmin vaxt yaxınlaşıb Anardan siqaret istəmişdir. Anar ona siqareti olmadığını bildirmişdir. O, həmin vaxt ünvansız nəlayiq ifadə işlətmişdir. Anar isə həmin vaxt onu söyüb kafedən çıxmış və şəhərin Vidadi küçəsi istiqamətində addımlamağa başlamışdır. O, arxasınca gedib Zərifə Əliyeva adına parkın qarşısında, Vidadi küçəsində Anara yaxınlaşmış və “sən kimsən məni söyürsən” deyib Anarın sifətinə sillə vurmuşdur. Sifətinə sillə dəydiyi zaman Anar “sənin başına oyun açacağam” deyib onun yanından qaçmışdır. Kafenin içərisində Anarla aralarında mübahisə olmadığını, Vidadi küçəsində Anara sillə vurduğunu kənar şəxslərdən heç kimin görmədiyini, Vidadi küçəsində Anarla aralarında yaranmış mübahisənin bir dəqiqə ərzində başlayıb bitdiyini, həmin mübahisəni kənar şəxslərdən heç kimin görmədiyini, sillə vurduğu zaman Anarın yerə yıxılmadığını, Anarın mübahisə zamanı ona xəsarət və ya fiziki ağrı yetirmədiyini göstərmişdir. Törətdiyi əməli etiraf edir. Əməlindən peşmandır. Bir də belə hərəkətlərə yol verməyəcəkdir. Dedikləri nəzərə alınmaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında polis şöbəsində verdiyi izahatını təsdiq edərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Zaqatala şəhəri Zərifə Əliyeva parkında yerləşən kafelərdən birində tək oturub pivə içdiyi zaman əvvəlcədən tanıdığı Zaqatala şəhəri A.Həmidov küçəsi ev 109-da yaşayan Şəxs sərxoş vəziyyətdə yaxınlaşıb ondan siqaret istəmişdir. O, iki ədəd siqareti qaldığını bildirərək Elnura siqaret verməmişdir. Həmin vaxt Elnur onu söymüşdür. O da cavab olaraq Elnuru söyüb kafedən çıxmış və şəhərin Vidadi küçəsi istiqamətində addımlamağa başlamışdır. Elnur arxasınca gəlib Zərifə Əliyeva parkın qarşısında, Vidadi küçəsində ona yaxınlaşmış və “sən kimsən məni söyürsən” deyib üzərinə hücüm çəkib qəfil onun sifətinə yumruq vurmuşdur. O, yumruq zərbəsindən yerə yıxılmışdır. Yerə yıxıldığı zaman Elnur onun yanından getmişdir. O, isə ayağa qalxıb Zaqatala RPŞ-yə gəlib Elnurdan şikayət etmişdir. Kafedə Elnurla bir birilərini söydükləri zaman yanlarında heç kimin olmadığı, kafenin içərisində Elnurla mübahisəsinin 2-3 dəqiqə davam etdiyini, Zərifə Əliyeva adına parkın qarşısında, Vidadi küçəsində Elnurun ona yumruq vurduğunu kənar şəxslərdən heç kimin görmədiyini, Vidadi küçəsində Elnurla mübahisəsinin bir dəqiqə ərzində başlayıb bitdiyini, həmin mübahisəni kənar şəxslərdən heç kimin görmədiyini göstərmişdir. O, Elnurdan şikayətçidir, onunla barışmamışdır, ancaq onun həbs olunmasını istəmir. Ona cərimə cəzası verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X6 məhkəmə iclası zamanı çıxış edərək Şəxs barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərarla cinayət işinin başlanması rədd edilmiş, qərarın əsasında Şəxs haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxs həmin qərarı mübahisələndirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin, protokol tərtib edən şəxsin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, ekspert rəyi ilə və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə tövsif olunmalıdır. Zaqatala RPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı onun həmin əməli törətməsini səmimi etiraf edərək peşmançılıq çəkməsi müəyyən edildi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin əməli törətməsini səmimi etiraf edərək peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, zərərçəkmiş şəxsin izahatını, həmçinin inzibati həbsin tətbiq edilməsi üçün hər hansı müstəsna halın olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə, müdafiəçiyə, zərərçəkmiş şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar