Məhkəmə qərarları › İş №3(033)-135/2022

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-135/2022

20.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-135/2022 20.05.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, Zaqatala rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X15 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Zaqatala rayon prokurorluğundan daxil olmuş inzibati xətaya dair işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X15 Mərkəzi MMC-nin direktor müavini vəzifəsində işləyən X2 qanunsuz hərəkətləri ilə bağlı 04 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş Zaqatala rayonunun Yuxarı Tala kənd sakini X4 müraciəti əsasında Zaqatala rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X16 tərəfindən 56 C-22 nömrəli material üzrə araşdırma aparılmışdır. Zaqatala rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X7 26 aprel 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə 56 C-22 nömrəli material üzrə X9 barəsində cinayət işinin başlanmasının rədd edilməsi, X15 Mərkəzi MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün toplanmış materialların qərarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. Toplanmış materiallara əsasən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirləri Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dövlət qeydiyyatına alınmış (VÖEN **********), hüquqi ünvanı ünvan 1 X10 olan X15 Mərkəzi MMC faktiki olaraq ünvan 2 ünvanında yerləşən obyektdə ayrı-ayrı fənlər üzrə tədris işini həyata keçirmiş və bu məqsədlə pedaqoji təhsilə malik olan şəxslər müəllim (və ya müəllimə) kimi xidmətlərin göstərilməsinə cəlb edilmişdir. Buna görə də, Zaqatala rayon prokuroru, baş ədliyyə müşaviri X17 tərəfindən “X15 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 26 aprel 2022-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar tərtib edilmişdir. Qeyd edilən material üzrə hüquqi şəxs “X15 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon prokurorluğu tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X15 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, lakin Cəmiyyətin vəkili Vəkil məhkəməyə ərizə göndərərək göstərmişdir ki, X11 ilə “X15 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xidmət müqaviləsi bağlanılmışdır. Araşdırma materiallarında olan sənədlər və izahatlardan göründüyü kimi, xidmət müqaviləsinin bağlanılmasının səbəbi bunun məhz Gülnara Şüküri tərəfindən istənilməsi, habelə Gülnara Şüküri tərəfindən müqaviləyə daxil edilən şərtlərin əmək münasibətlərinə uyğun olmamasıdır. Bu mənada nəzərə almaq lazımdır ki, işçi ilə işəgötürən arasında əmək müqaviləsi sərbəst bağlanılır və heç kəs əmək müqaviləsi bağlanılmasına məcbur edilə bilməz. İşdən də göründüyü kimi, Gülnara Şükürinin özü də izahatında əmək müqaviləsinin bağlanılmasına etiraz edərək məhz xidmət müqaviləsi bağlanılmasını tələb etmişdir. Belə olan halda, şəxsin iradəsinin ziddinə onu əmək müqaviləsini bağlamağa məcbur etmək Konstitusiyanın 35-ci maddəsində müəyyən edilən konstitusion tələblərin və hüquqların pozulmasına səbəb olardı. Göründüyü kimi, hüquqi şəxsin fəaliyyətində inzibati xəta tərkibinin olması iş materialları ilə təkzib olunur. Bundan əlavə, işdən göründüyü kimi, inzibati icraat Gülnarə Şüküri tərəfindən deyil, hüquq münasibətinin tərəfi olmayan, yəni hazırki işlə hər hansı hüquqi bağlılığı olmayan tamamilə başqa şəxsin müraciəti əsasında başlanılmışdır. Halbuki, hüquq münasibətinin tərəfi olan Gülnarə Şüküri özünün heç bir hüququnun pozulmadığını və şikayətçi olmadığını, əksinə bu formada sənədləşmənin özünün istəyinə uyğun olmasını qeyd etmişdir. Ona görə də, mübahisə həll edilərkən X4 deyil, Gülnarə Şükürinin mövqeyi və iradəsi nəzərə alınmalıdır. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Zaqatala rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X12 izahatında göstərdi ki, hüquqi şəxs “X15 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, X15 Mərkəzi MMC-nin direktor müavini vəzifəsində işləyən X2 qanunsuz hərəkətləri ilə bağlı 04 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş Zaqatala rayonunun Yuxarı Tala kənd sakini X4 müraciəti əsasında Zaqatala rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X16 tərəfindən 56 C-22 nömrəli material üzrə araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı müvafiq şəxslərin əməllərində cinayət tərkibi olmadığından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və toplanmış materiallar həmin qərarla birlikdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün prokurora təqdim edilmişdir. Qeyd edilən qərar, eləcə də toplanmış materiallara əsasən müəyyən edilmişdir ki, xx.xx.2021-cı il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirləri Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dövlət qeydiyyatına alınmış (VÖEN **********), hüquqi ünvanı ünvan 1 X10 olan X15 Mərkəzi MMC faktiki olaraq ünvan 2 ünvanında yerləşən obyektdə ayrı-ayrı fənlər üzrə tədris işini həyata keçirmiş və bu məqsədlə pedaqoji təhsilə malik olan şəxslər müəllim (və ya müəllimə) kimi xidmətlərin göstərilməsinə cəlb edilmişdir. Yəni, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranmışdır. Bu halda Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsinə əsasən tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edildiyindən həmin münasibətlər məhz əmək müqaviləsi ilə rəsmiləşdirilməli olduğu halda 1 nəfər şəxslə əmək müqaviləsi bağlanmamışdır. Belə ki, X13 ilə MMC-nin təsisçisinin xx.xx.2021-ci il tarixli, 2021/10 nömrəli əmri ilə MMC-nin direktoru vəzifəsinə təyin edilmiş X9 arasında 5 yanvar 2022-ci il tarixdə bağlanmış xidmət müqaviləsinə əsasən X11 əmək müqaviləsi bağlamadan 3 ay müddətində qanunsuz olaraq X15 Mərkəzi MMC-də məntiq fənni üzrə müəllimə kimi xidmətlərin göstərilməsinə cəlb edilmiş, 14 mart 2022-ci il tarixdə öz ərizəsi əsasında işdən azad edilmişdir. Qeyd edilənlər X5 və X15 Mərkəzi MMC-nin direktoru X6 izahatları, eləcə də araşdırma materialına əlavə edilmiş digər sənədlərlə bir daha öz təsdiqini tapmışdır. Bununla da, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) inzibati xəta məhz hüquqi şəxs olaraq “X15 Mərkəzi” MMC tərəfindən törədilmişdir. Qeyd olunanlar isə hüquqi şəxs “X15 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsasdır. Qeyd olunanlara əsasən, “X15 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati tənbeh tədbirinin tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş dövlət reyestrindən çıxarışdan görünür ki, “X15 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti 04 iyul 2014-cü il tarixdə VÖEN ********** nömrəsi ilə qeydiyyata alınmış, qanuni təmsilçi kimi X9 göstərilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon prokurorluğunun 26 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 56 C-22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş 05 yanvar 2022-ci il tarixli xidməti müqavilədən görünür ki, “X15 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi kimi X9 ilə X18 arasında 05 yanvar 2022-ci il tarixdə müddətli, yəni 31 mart 2022-ci il tarixədək xidmət müqaviləsi bağlanılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X15 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi Zaqatala rayon prokurorluğundan daxil olmuş materialla və iş materiallarına əlavə edilmiş sübutlarla tam təsdiq olundu. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi mövcuddur. İnzibati xəta törədilməsi müəyyən edildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X15 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkilinin məhkəməyə göndərdiyi ərizəsində göstərdiyi, yəni MMC ilə xidməti müqavilə bağlanmış Gülnarə Şükürinin özünün hər hansı şikayətinin olmaması, başqa şəxsin müraciəti əsasında araşdırma aparılması, həmçinin şəxsin iradəsinin ziddinə onu əmək müqaviləsi bağlamağa məcbur etmək onun hüquqlarının pozulmasına səbəb olmasına dair xüsusatlara qiymət verərək qeyd edir ki, qeyd edilən hallar inzibati iş üzrə icraata xitam verilməsi və Cəmiyyətin məsuliyyətdən azad edilməsi üçün əsas deyil. İşin hallarından da görünür ki, X14 ilə MMC-nin təsisçisinin xx.xx.2021-ci il tarixli, 2021/10 nömrəli əmri ilə MMC-nin direktoru vəzifəsinə təyin edilmiş X9 arasında 5 yanvar 2022-ci il tarixdə bağlanmış xidmət müqaviləsinə əsasən X11 əmək müqaviləsi bağlamadan 3 ay müddətində qanunsuz olaraq X15 Mərkəzi MMC-də məntiq fənni üzrə müəllimə kimi xidmətlərin göstərilməsinə cəlb edilmiş, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsinə əsasən tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edildiyindən həmin münasibətlər məhz əmək müqaviləsi ilə rəsmiləşdirilməli olduğu halda onunla əmək müqaviləsi bağlanmamışdır. Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi məsələlərini tənzimləyən 49-cu maddəsinin 1-ci hissəsinin tələbinə görə «Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir». Əmək qanunvericiliyinin yuxarıda istinad olunan müddəasından göründüyü kimi, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi ilə şərtləndirilir. Beləliklə, əmək müqaviləsi hüquqi qüvvəyə minməmiş işçinin (hətta əmək müqaviləsi kağız daşıyıcıda artıq bağlanıbsa da belə) işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. İşin faktik hallarından görünür ki, “X15 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti nəinki Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, hətta əmək müqaviləsi bağlamadan X8 işlərin yerinə yetirilməsinə cəlb etdiyi müəyyən olunmuşdur. “X15 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən də prokurorluqda araşdırma zamanı həqiqətən X14 ilə əmək müqaviləsi bağlanmadığını etiraf etmişdir. Göstərilənlərə əsasən “X15 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Eyni Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Zaqatala rayon prokurorluğundan daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X15 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmiş, həmçinin məhkəmə araşdırması zamanı da hüquqi şəxs “X15 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X15 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinin tələblərini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X15 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 20.000 (iyirmi min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və Zaqatala rayon prokurorluğuna təqdim edilsin (poçtla göndərilsin). Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar