Məhkəmə qərarları › İş №3(033)-136/2021

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-136/2021

25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-136/2021 25.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X5 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs-30 avqust 1990-cı il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Yuxarı Tala kəndində qeydiyyatında olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 339.1- 1, 332.2 və 511.1-ci maddələri ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 339.1- 1, 332.2 və 511.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 25 fevral 2021-ci il tarixli İXP ******* və ******* saylı protokollar tərtib edilmişdir ondan ötrü ki, o, 25 fevral 2021-il tarixdə VAZ 2107 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə və idarə etmək hüququ olmadan, həmçinin nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə edərək həmin avtomobil ilə avtoxuliqanlıq hərəkətləri etmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 339.1-1, 332.2 və 511.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 25 fevral 2021-ci il tarixdə gecə saat 01 radələrində Zaqatala rayonu “Bayraq Meydanı” ərazisində idarə etdiyi VAZ 2107 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü həmin avtomobillə dəfələrlə xuliqanlıq hərəkətləri etdiyinə görə saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə müəyyən olunmuşdur ki, Şəxs nəqliyyat vasitəsini etibarnamə və idarə etmək hüququ olmadan, həmçinin nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə edərək həmin avtomobil ilə avtoxuliqanlıq hərəkətləri etmişdir. Şəxs 25 fevral 2021-ci il tarixdə, saat 12:00-da şöbəyə gəlmişdir. Bundan sonra onun izahatı alınmış və onun haqqında 25 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 339.1-1, 332.2 və 511.1-ci maddələri ilə inzibati xəta haqqında İXP ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib etmişdir. Ona görə də, onun barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, Zaqatala rayonu Yuxarı Tala kəndində yaşayır. Maddi imkanı olmadığından taksi fəaliyyəti ilə məşğul olur. Lakin, avtomobili etibarnamə və idarə etmək hüququ olmadan, həmçinin nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə edir. 25 fevral 2021-ci il tarixdə gecə saat 01 radələrində Zaqatala rayonu “Bayraq Meydanı” ərazisində idarə etdiyi VAZ 2107 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hava şəraitinə görə, yəni yolların buz bağlaması səbəbindən, həmçinin avtomobilinin şinlərinin qış üçün yararlı olmadığından 2 dəfə fırlanmışdır. O, həmin vaxt Kapital Banka getmək istəmiş, lakin bankı keçdikdən sonra dairəni fırlanmış, sonra da avtomobili yol buzlu olduğundan fırlanmışdır. Polis əməkdaşları onu saxlatmış, lakin ona özlərini təqdim etməmişlər. Avtoxuliqanlıq hərəkətləri etmədiyindən, həmin hərəkətlərin avtoxuliqanlıq olmadığından protokolla razılaşmır. Özünü avtoxuliqanlıq hərəkətləri etməkdə təqsirli bilmir. Barəsində qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin PPXB-nin polis nəfəri X6 izahatında göstərdi ki, 24 fevral 2021-ci il tarixdən 25 fevral 2021-ci il tarixə keçən gecə Zaqatala şəhəri F.Əmirov küçəsində xidmətdə olan zaman “Bayraq Meydanı” adlanan ərazidə ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkətdə olarkən manevr hərəkətləri edərək bir neçə dəfə dairə vurmuşdur. Həmin vaxt o, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol vermişdir. Sonra oradan uzaqlaşmış, yenidən həmin istiqamətdə qayıdan zaman onlar tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. O, dediyinə görə Kapital Banka getmək istəyirmiş, halbuki həmin banka getməsi üçün orada olan dairəni keçəməyə ehtiyac yoxdur. Lakin o, həmin dairəni də bir neçə dəfə yolun buzlu olmasından istifadə edərək fırlanmış, sonra isə avtomobilini 2 dəfə hərəkətdə olan zaman fırlatmışdır. Polis şöbəsində ondan etdiyi hərəkətlər barədə soruşan zaman, o, heç bir hərəkət etmədiyini, avtomobilini qaydalara uyğun idarə etdiyini bildirmişdir. Lakin, onun etdiyi manevr hərəkətləri kamera ilə qeydə də alınmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin PPXB-nin manqa komandiri X1 şahid X3 izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdi, əlavə olaraq göstərdi ki, polis əməkdaşlarına qarşı da etik qaydalara riayət etmədən onlarla kobud rəftar etmişdir. Məhkəmə Şəxs izahatına hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, onun avtoxuliqanlıq hərəkətləri etməməsi, etdiyi hərəkətlərin avtoxuliqanlıq hərəkətləri olduğunu bilməməsi ilə bağlı izahatı iş materiallarında olan sübutlarla (onun özünün, şahidlərin izahatları) təkzib olunur, onun hazırki izahatı məsuliyyətdən və ona tənbeh tədbiri tətbiq edilməsindən yayınmaq məqsədi güdür və bu səpkidə izahatı işin faktiki hallarını əks etdirmir. Məhkəmə isə bu hala qiymət verərək qeyd edir ki, onun qeyd olunan hərəkətlərin inzibati məsuliyyətə səbəb olmasını bilməməsi, heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Məhkəmə onu da qeyd edir ki, Şəxs nəqliyyat vasitəsini etibarnamə və idarə etmək hüququ olmadan, həmçinin nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməsi onun qanunlara əməl etməməsinə dəlalət edir. Bu da nəticədə onun yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsinə gətirib çıxarmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 339.1-1, 332.2 və 511.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin və şahidlərin izahatları, videogörüntü, Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə -əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 339.1-1, 332.2 və 511.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 339.1-1, 332.2 və 511.1-ci maddələrində nəzərdə tutulmuş xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğundan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin xətalardan daha ciddi xəta olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə sonda bu qənaətə gəlir ki, Şəxs 25 fevral 2021-il tarixdə VAZ 2107 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə və idarə etmək hüququ olmadan, həmçinin nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə edərək həmin avtomobil ilə avtoxuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, onun şəxsiyyətini və əmlak vəziyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla, inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirli bilinib inzibati həbs edilməsinin əvvəli onun şöbəyə gəldiyi vaxtdan, yəni 25 fevral 2021-ci il tarixdən, saat 12:00-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 339.1-1, 332.2 və 511.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclası zalında həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun şöbəyə gəldiyi vaxtdan, yəni 25 fevral 2021-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Zaqatala RPŞ-nə həvalə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar