Məhkəmə qərarları › İş №3(033)-136/2024

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-136/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-136/2024 11.06.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs qanuni təmsilçisi X8 və hüquqi şəxs Şəxs hüquqşünası X6 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xətaya dair işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs 346506.08 Avro məbləğində vəsaiti 18 mart 2022-ci il tarixdə xaricə köçürmüş və 02 ildən artıq müddət keçsə də, 346506.08 Avro məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Buna görə də, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə 03 aprel 2024-cü il tarixdə, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankından Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs qanuni təmsilçisi X10 etiraz ərizəsi və vəsatətlə məhkəməyə müraciət edərək bildirdi ki, inzibati xəta hadisəsi olduğu iddia edilən hərəkətlərdə inzibati xəta tərkibinin olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs MMC, Belarusiyanın "xxxx" X12” ASC ilə 2007-ci ildən əməkdaşlıq etməklə qanunvericiliyə uyğun qaydada tütün məhsullarının satışını həyata keçirir. Həmçinin "xxxx" X12” ASC, Şəxs MMC ilə yanaşı X4 Dubay şəhərində fəaliyyət göstərən “X2” DMCC ilə də mütəmadi olaraq tütün məhsulları və köməkçi materialları tədarük edərək qarşılıqlı əməkdaşlıq edirlər. Şəxs MMC ilə "xxxx" X12” ASC arasında 02 fevral 2022-ci il tarixli, 148 nömrəli müqavilə bağlanmış, müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində Satıcı tütün xammalı və köməkçi materialları tədarük etməyi, Alıcı təhvil verilmiş Malı qəbul etməyi və haqqını avans yolu ilə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" X12” ASC tərəfindən Belarusiya Respublikasından avans olaraq konkret kəmiyyət ifadə etmədən ümumi müqavilənin icrası üçün satıcı Şəxs MMC-nin Rusiyanın “Sberbank”-da olan hesabına 207.875.000 rubl vəsait köçürülmüş, daha sonra həmin məbləğ konvertasiya edilərək Şəxs MMC-nin "xxxx" ASC-də yerləşən hesabına köçürülmüşdür. Həmin vəsaitdən 346.506,08 avro məbləği mal-material alışı üçün 16 mart 2022-ci il tarixdə istifadə edilərək X4 Dubay şəhərində fəaliyyət göstərən “X2” DMCC təşkilatına köçürülmüşdür. Tərəflər arasında bağlanmış kommersiya müqavilələrinin mahiyyəti ondan ibarət olmuşdur ki, Şəxs MMC, Belarus Respublikasında fəaliyyət göstərən "xxxx" X12” ASC üçün X4 “X2” DMCC təşkilatından siqaret istehsalında istifadə olunan köməkçi materialların alınmasına köməklik göstərəcəkdir. Bu məqsədlə Şəxs MMC tərəflər arasında qazanc əldə etmək məqsədi ilə vasitəçilik edərək, "xxxx" X12” ASC-nin əvvəlcədən onun hesabına etdiyi avans ödənişi hesabına “X2” DMCC təşkilatından malmaterial alaraq "xxxx" X12” ASC-yə göndərilməsini təmin etmiş, əldə etdiyi gəlirdən vergi və bütün dövlət ödənişlərini avans daxil olan vaxtdan ödəmişdir. Şəxs MMC qeyd olunan malları X3 alıb Belarusiyaya göndərməklə edəcəyi komersiya əməliyyalarını apararkən Azərbaycan Respublikasına müvafiq malların idxal edilməsini, müəyyən işlər görülməsini və xidmətlər göstərməsini öz üzərinə götürməmişdir və xaricə köçürdüyü valyuta vəsaiti əvvəlcədən xaricdən avans olaraq hesabına daxil olmuş vəsait hesabına aparılmışdır. Aşkar görünür ki, kommersiya işindən əldə edilmiş gəlirdən dövlətin vergisi ödənilmiş, Şəxs MMC avans hesabına mal alıb satmışdır, ölkədən heç bir qanunsuz vəsait çıxarmamışdır. Çıxardığı vəsait başqasının köçürdüyü avans olmuş, həmin vəsaitə görə ölkəyə heç nə gətirməli olmamışdır. Bu müqavilələrdən yalnız vasitəçilik hesabına qazanc əldə edib dövlətin vergisini ödəmiş, həm özü həm də dövlət qazanmışdır. Ona görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyət cəlb edilməsi qanuni hesab edilməməlidir. 02 fevral 2022-ci il tarixli, 148 nömrəli müqaviləyə əsasən satıcı Şəxs MMC tütün xammalı və köməkçi materialları tədarük edərək alıcı "xxxx" X12” ASC-yə satmağı, alıcı isə malın dəyərini avans yolu ilə satıcının bank hesabına ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə ödəniş valyutası avro nəzərdə tutulmuşdur. Bundan sonra satıcı "xxxx" MMC 16 mart 2022-ci il tarixli, SO4156 nömrəli müqaviləyə əsasən “X2” DMCC-dən tütün məhsullarını tədarük edərək alıcıya satmışdır. Müqavilə üzrə ödəniş valyutası avro nəzərdə tutulmuşdur. Göründüyü kimi alıcı "xxxx" X12” ASC tərəfindən Belarusiya Respublikasından avans olaraq satıcı Şəxs MMC-nin Rusiyanın “Sberbank”-da olan hesabına 207.875.000 rubl vəsait köçürülmüş, daha sonra həmin məbləğ konvertasiya edilərək Şəxs MMC-nin "xxxx" ASC-də yerləşən hesabına köçürülmüşdür. "xxxx" X12” ASC tərəfindən tələb olunan malları Şəxs MMC, “X2” DMCC-dən avro ilə almalı olduğundan dolları avroya konvertasiya edərək X7 köçürmüşdür. Aydın görünür ki, Şəxs MMC-nin "xxxx" ASC-də yerləşən hesabında olan həmin avro vəsaiti onun özünə məxsus olmamışdır, müqavilə şərtləri daxilində "xxxx" X12” ASC tərəfindən Belarusiya Respublikasından avans olaraq göndərilmişdir. Həmçinin həmin vəsaitdən istifadə edilmiş avro ilə müqavilə şərtlərinə əsasən “X2” DMCC-yə, yəni X7 göndərilmişdir. Bu köçürmələr, "xxxx" ASC-nin arayışları ilə də öz təsdiqini tapmışdır. Bunu görməmək də mümkün deyildir. Şəxs MMC ilə "xxxx" X12” ASC arasında bağlanmış 02 fevral 2022-ci il tarixli, 148 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində tütün xammalı və köməkçi materialları tədarük etməyi, alıcı isə həmin malları qəbul etməyi və haqqını ödəməyi ödəsinə götürmüşdür. "Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1- ci maddəsinə əsasən tütün anlayışı - yarpağı emal olunduqdan sonra tütün məmulatının istehsalında əsas xammal kimi istifadə edilən birillik texniki bitki mənasını ifadə edir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən qeyri-tütün komponentləri anlayışı - tütün məmulatının istehsalında istifadə edilən siqaret kağızı, mürəkkəb, yapışqan maddələr, filtrlər, habelə tütündən fərqli olan hər hansı digər hissələr mənasını ifadə edir. 02 fevral 2022-ci il tarixli, 148 nömrəli müqavilənin 1.1-ci bəndində qeyd edilmiş “köməkçi materiallar” anlayışı məhz Qanunun tələbinə əsasən qeyri-tütün komponentləri olan tütün məmulatının istehsalında istifadə edilən siqaret kağızı, mürəkkəb, yapışqan maddələr, filtrlər, habelə tütündən fərqli olan hər hansı digər hissələri ehtiva edir. Həmçinin “X2” DMCC ilə "xxxx" MMC arasında bağlanmış 16 mart 2022-ci il tarixli, SO4156 nömrəli müqavilənin 1.1-ci bəndində də müqavilənin şərtlərinə uyğun alıcı tütün məhsullarını satıcıdan almağı, satıcı isə həmin malı alıcıya satmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, hər iki müqavilənin predmeti eyni olmaqla, bir-biri ilə tam əlaqəlidir. Müqavilələrə uyğun həmin əməliyyatları apararkən Şəxs MMC öz valyuta vəsaitini sərf etməmiş, hər hansı malların alınaraq ölkəyə idxal edilməsi öhdəliyi götürməmiş və daşımamışdır. Şəxs MMC, tərəflər arasında müqavilələr bağlayaraq alıcı "xxxx" X12” ASC-nin vəsaiti hesabına satıcı “X2” DMCC-dən müəyyən malların tranzit yolu ilə alınıb-satılmasında vasitəçi olmuşdur. Bundan başqa, nəzərə almaq lazımdır ki, “X2” DMCC ilə Şəxs MMC arasında 16 mart 2022-ci il tarixli, SO4156 nömrəli müqaviləyə 18 mart 2022-ci il tarixli, 1 nömrəli əlavə edilmişdir. Həmin əlavəyə əsasən müqavilənin 6.3-cü bəndi dəyişdirilərək malın çatdırılması ünvanının “Belarusiya Respublikası” olması qeyd edilmişdir. Alıcı Şəxs MMC, malları Gürcüstanın Poti limanında qəbul edəcəyindən, satıcıya bu barədə məlumat vermişdir. Həmin hal müqavilə bağlandıqdan sonra “X2” DMCC tərəfindən göndərilmiş invoyslarda da öz əksini tapmışdır. Yəni bank da bundan məlumatlı olub heç bir etirazı olmamışdır. Bundan başqa Azərbaycan Respublikasının Mərkəzi Bankı müddət məsəsləsinə də əməl etməmişdir. Məhkəmə inzibati xəta barədə müddətləri də diqqətdə saxlamalırı. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsini və Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndini əlaqəli şəkildə təhlil edilərsə, bu əməldə inzibati xəta tərkinini olmadığını aydın görməyə imkan yaradacaqdır. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.-cü yarımbəndində göstərilir ki, Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr aşağıdakı növ əməliyyatlar üzrə aparılır: 4.3.2-1. malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə təqdim edilməsi üzrə rezidentlərin və qeyrirezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələri. Belə köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir. Vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələr vasitəçinin vəsaiti hesabına avans yolu ilə həyata keçirildikdə, belə köçürmələr əlavə olaraq mal alan tərəfindən qabaqcadan ödənilmiş məbləğ həcmində vasitəçinin xeyrinə açılan geri çağırılmayan akkreditiv və (və ya) geri götürülməyən, qüvvədə olma müddəti öhdəliklərin icra müddətindən ən azı 30 (otuz) bank günü çox olan bank qarantiyası təqdim edilməklə aparılır. Qabaqcadan ödənilmiş məbləğ ödənişin aparıldığı gündən ən geci 180 (yüz səksən) gün müddətində geri qaytarılmadıqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir; Konstitusiyanın 59-cu maddəsinə görə, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Konstitusiyanın 79-cu maddəsinə əsasən, heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz. Konstitusiyanın 59-cu maddəsi hər bir fərdin sahibkarlıq fəaliyyətini onun şəxsi azadlığının iqtisadi sahədə təzahürü kimi qəbul edir və iqtisadi fəaliyyət azadlığı prinsipini inkişaf etdirir. Azad sahibkarlıq fəaliyyətinin təminatı olaraq Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs ona məxsus daşınar və daşınmaz əmlakı, o cümlədən milli valyutanı, xarici valyuta sərvətlərini və s. sahibkarlıq fəaliyyəti və qanunvericliklə qadağan edilməyən digər iqtisadi fəaliyyət sahələrinə sərbəst yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilər. Ölkədə sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlığın inkişafı məqsədi ilə biznes mühitinin daim yaxşılaşdırılması, sahibkarlıq sahəsində dövlət maliyyələşmə mexanizminin daha da təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi, sahibkarlığın inkişafı sahəsində normativ-hüquqi sənədlərin qəbulu və qanunvericilik bazasının təkmilləşdirilməsi dövlətin iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən sahələr üzrə sahibkarın həyata keçirdiyi müstəqil bir iqtisadi fəaliyyət növüdür. Mülki Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun sahibkarlıq hüdudlarının nizamlanması əsaslarını müəyyən edən 5-ci maddəsinə əsasən yalnız qanunla nəzərdə tutulmuş hallarda sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yol verilir. Dövlət hakimiyyəti və dövlət idarəetmə orqanlarına mülkiyyət və təşkilati-hüquqi formasından asılı olaraq bu və ya digər sahibkarlıq növünə imtiyazlar verən qərarlar çıxarmaq qadağan olunur. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna edilməklə dövlət orqanlarının, həmkarlar təşkilatlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsi qadağandır. Azad sahibkarlıq hüququnun İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətlə məhdudlaşdırılmasına qanunla nəzərdə tutulmuş hallar mövcud olduqda yol verilir. Konstitusiyada təsbit olunmuş azad sahibkarlıq hüququnun pozulması yolverilməzdir, məhdudiyyət tətbiq edilərkən bu hüququn pozulub-pozulmamasına aydınlıq gətirilməsi zəruridir. Azad sahibkarlığın əsasını mülkiyyət təşkil edir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİ hissəsi). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında xüsusilə vurğulamışdır ki, mülkiyyət hüququna müdaxilə qanuni və mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir (“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair” 2010-cu il 29 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci 16 dekabr il tarixli Qərarlar və s.). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində dəqiq müəyyən edilmiş dir ki, müəyyən edilən hal qanunla pozuntu hesab edilirsə və ictimai maraq kəsb edirsə mülkiyyət hüququna müdaxiləyə yalnız həmin hallarda yol verilir. Göründüyü kimi, mülkiyyət hüququna müdaxilə ilk növbədə qanunauyğunluq tələbini ödəməlidir. Konvensiyaya görə ”qanun” ifadəsi müstəqil məna daşıyaraq yalnız formal mənada “qanun” demək deyil. Bura Konstitusiya, aidiyyəti dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, habelə qanun qüvvəli normativ aktlar da aid edilə bilər. Şəxsin mülkiyyət hüququna qanuni müdaxilə yalnız ümumi (ictimai) maraqlar üçün legitim məqsəd güdüldüyü halda əsaslandırıla bilər. Bu öhdəlik Konvensiyanın qeyd edilən maddəsində əmlakdan məhrumetmə və əmlakdan istifadəyə münasibətdə açıq şəkildə ifadə edilmişdir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” X1 2012-ci il 12 mart tarixli Qərarı). Yuxarıda göstərilən tələblər baxımından həmçinin nəzərə almaq lazımdır ki, sahibkarlıq fəaliyyəti ilə məşgul olan Şəxs MMC azad və qanuna uyğun fəaliyətinin maneəsiz təminatı dövlət tərəfindən qorunur. Malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə təqdim edilməsi üzrə rezidentlərin və qeyrirezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələrin məbləği vasitəçilik edən MMC-nin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamışdır və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilələr banka təqdim edilmişdir. Vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələr vasitəçinin vəsaiti hesabına avans yolu ilə həyata keçirildiyindən, bu köçürmələr əlavə olaraq mal alan tərəfindən qabaqcadan ödənilmiş məbləğ həcmində vasitəçinin xeyrinə açılan geri çağırılmayan akkreditiv və (və ya) geri götürülməyən, qüvvədə olma müddəti öhdəliklərin icra müddətindən ən azı 30 (otuz) bank günü çox olan bank qarantiyası təqdim edilməklə aparılmışdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mal alan tərəfindən əvvəlcədən MMC-nin müvəkkil bankdakı hesabına avans olaraq köçürülən məbləğdən dövlət gəlirlərinə qanunla müəyyən edilmiş vergi həmin anda da ödənilmişdir. Ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə ölkədə maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərdən biri kimi X13 Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə qəbul edilmiş Qaydalar və həmin Qaydaların 4.3.2-1-ci yarımbəndi ilə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar zamanı malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsinin (xidmətlərin göstərilməsini təsdiq edən sənədin) təqdim edilməsi ilə bağlı müəyyənləşdirilən dəqiq müddət məhdudiyyəti ilə tətbiq edilmiş valyuta əməliyyatlarına xüsusi nəzarət rejiminin qaydalarına əməl edilməmişdir. Müddətlər keçdikdən sonra qanunsuz tədbirlər görülmüş, cərimələr edilməklə sahibkarlığın azad inkişafina maneələr yaradılır. Bu iş üzrə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətlərinin yaranması üçün zəruri olan hallardan heç biri Şəxs MMC-nin hərəkətlərində olmamışdır. Bunun sübutu üçün sənədlərə diqqətlə baxmaq və əlaqəli təhlil etmək kifayətdir. Müddətin keçməsi də əlavə bir haldır. Konstitusiyanın 79-cu maddəsinə və Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə əsaslanmaqla qeyd edirik ki, fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq hüququ vardır və bunlar qanunla qorunur. Qaydaların 4.3.2-1-ci yarımbəndi isə MMC-nin bu hüququnun yerinə yetirilməsi ilə tam üst-üstə düşməklə icrasına təminat verir. Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Nəzərə alınmalıdır ki, sahibkarlıq subyekti olan Şəxs MMC mülki qanunvericilikdə təsbit olunmuş müqavilə azadlıqlarını reallaşdırarkən sərbəstdir və həmin vaxt hüquqi aktda - Qaydaların 4.3.2-1-ci yarımbəndə mövcud olan imperativ tələblərə şərtsiz əməl etmişdir. Göründüyü kimi, qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik vermiş, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmişdir və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğundur. Bundan başqa Konstiusiya Məhkəməsinin Plenumu müvafiq qərarında qeyd etmişdir ki, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4- cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. X13 Heyəti Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında müəyyən edilmiş tövsiyələrinə uyğun olaraq, həmçinin son illər ölkənin tədiyə balansının göstəricilərində müşahidə edilən yaxşılaşmanı, gömrük nəzarətinin, bütövlüklə valyuta nəzarətinin gücləndirilməsi istiqamətində aparılan islahatların müsbət nəticələrini nəzərə alaraq 20 fevral 2020-ci il tarixli qərarı ilə Qaydalara dəyişiklik etmiş, qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti 270 gündən ən geci 2 il müddətinə qədər uzadılmışdır. Bundan başqa idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq söyləmək olur ki, "xxxx" MMC-nin hazırkı iş üzrə hərəkətlərində inzibati xəta tərkibinin olmadığını Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.2-1-ci yarımbəndinin Azərbaycan Respublikası Konstitusiyasının 59 və 79-cu maddələri ilə əlaqəli şəkildə təhlil etməklə aydın görmək olur. Odur ki, qeyd olunanları nəzərə alaraq inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Eyni zamanda bildirdi ki, həmin inzibati xəta haqqında protokol müddət ötürülməklə tərtib edilmişdir və Şəxs MMC heç bir inzibati xətaya yol vermədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Bununla bağlı məhkəməyə vəsatət-etiraz verilmişdir. Ona görə də, eyni qəbildən olan işlər üzrə məhkəmənin fərqli yanaşmalarını nəzərə alaraq xahiş edirik ki, iş üzrə Konstitusiya Məhkəməsinə müraciət edilib fikir ayrılıqlarına şərh verildikdən sonra qərar verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs hüquqşünası X9 hüquqi şəxs Şəxs qanuni təmsilçisi X10 tərəfindən təqdim edilən etiraz ərizəsini və vəsatəti müdafiə etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, iş materiallarına əlavə edilmiş 148 saylı 02 fevral 2022-ci il tarixli müqavilədən görünür ki, “Borc verən” adlanan Şəxs MMC-nin direktoru X10 ilə “borc alan” adlanan "xxxx" X12 ASC-nin baş direktoru səlahiyyətlərini icra edən, baş direktorun birinici müavini-baş mühəndis E.O.Rıneyski arasında müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində “Borc verən” 495008.69 (dörd yüz doxsan beş min səkkiz avro altmış doqquz sent) Avro məbləğində vəsaiti “Borc alan”ın mülkiyyətinə keçirir və “Borc alan” bu müqavilə ilə müəyyən edilmiş müddətlərdə borc məbləğini “Borc verən”ə qaytarmağı öhdəsinə götürür. Həmin müqaviləyə xx.xx.2022-ci il tarixli əlavə razılaşmaya əsasən müqavilənin 1.2-ci bəndinə “Təşkilatın kreditoru dedikdə “X5 DMCC” nəzərdə tutulur” cümləsi əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş SO4156 saylı 16 mart 2022-ci il tarixli müqavilədən görünür ki, “Satıcı” adlanan “X5 DMCC”-nın şirkət direktoru Paul Gardiner ilə “Alıcı” adlanan "xxxx" MMC-nin direktoru X10 arasında müqavilənin şərtlərinə uyğun olaraq “satıcı” bundan sonra “Mal” adlandırılacaq “Tütün FCV X3F”-73725.0 kg- 4.70 avro satmağı öhdəsinə götürmüşdür. “Alıcı” müqavilənin maddə 1.1 uyğun olaraq göstərilən “malı” qəbul edib və müqavilə ilə müəyyən edilmiş qaydada qabaqcadan ödəniş aparılmasını öhdəsinə götürmüş, müqavilənin ümumi məbləği 346507.05 Avro həcmində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş RB-02/1133 saylı xx.xx.2024-cü il tarixli “avans köçürmələr” haqqında məktubdan görünür ki, Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə Şəxs MMC tərəfindən qabaqcadan ödəniş aparıldığı xx.xx.2022-cü il tarixdən iki il müddətində malların ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş RB00160322İB951 saylı xx.xx.2022-ci il tarixli xarici valyuta ilə nağdsız əməliyyat aparılması üçün ödəniş tapşırığından görünür ki, 346506.08 EUR (üç yüz qırx altı min beş yüz altı avro səkkiz sent) məbləğ vəsaitin vəsait köçürən müştəri Şəxs MMC-nin hesabından vəsaiti alan müştəri “X5 DMCC”-in hesabına köçürülməsi barədə ödəniş tapşırığı verilmişdir. İş materiallarına əlavə edilmiş 03 aprel 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən 346506.08 avro məbləğində vəsait 18 mart 2022-ci il tarixdə xaricə köçürülmüş və 2 il müddət keçsə də, 346506.08 avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş, valyuta vəsaitini geri qaytarılmamışdır. Məhkəmə araşdırmasında müəyyən edildi ki, “Satıcı” adlanan “X5 DMCC”-nın şirkət direktoru Paul Gardiner ilə “Alıcı” adlanan "xxxx" MMC-nin direktoru X10 arasında SO4156 saylı 16 mart 2022-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən müqavilənin şərtlərinə uyğun “Alıcı” “Mal” adlandırılacaq “Tütün FCV X3F”-73725.0 kg- 4.70 avro qəbul edib müqavilə ilə müəyyən edilmiş qaydada qabaqcadan ödəniş aparılmasını, “Satıcı” isə həmin malı “Alıcı”ya satmağı öz öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri 346507.05 avro həcmində müəyyən edilmişdir. Mal-material alışı üçün 18 mart 2022-ci il tarixində "xxxx" MMC tərəfindən 346506.08 avro məbləğində pul X4 Dubay şəhərində fəaliyyət göstərən “X5 DMCC"-nin hesabına ödənilmişdir. Lakin, 346506.08 avro məbləğində pul ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçsə də, həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mərkəzi Bankını 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş 28 noyabr 2016-cı il tarixli Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarından da görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin "xxxx" ASCdə olan hesabından “X5 DMCC"-nin bank hesabına ödənilmiş 346506.08 avro məbləğində pul ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçsə də, həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə Şəxs nümayəndəsinin verdiyi izahata və onun tərəfindən təqdim edilmiş sənədlərə münasibətdə qeyd edir ki, 148 saylı 02 fevral 2022-ci il tarixli müqaviləyə əsasən “borc alan” adlanan "xxxx" X12 ASC-nin baş direktoru səlahiyyətlərini icra edən, baş direktorun birinici müavini-baş mühəndis E.O.Rıneyski ilə “borc verən” adlanan Şəxs MMC-nin direktoru X10 aralarında müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində “borc verən” kredit, tədarük olunan mallara görə borcalanın kreditorları ilə hesablaşmaların aparılması məqsədi ilə borcalana öz dövriyyə kapitalını artırmaq üçün 495008.69 avro məbləğində vəsaiti “borc alan”ın mülkiyyətinə keçirməyi, “borc alan” isə bu müqavilə ilə müəyyən edilmiş müddətlərdə borc məbləğini “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin icrası ilə bağlı "xxxx" X12 ASC tərəfindən "xxxx" MMCnin Rusiya Federasiyasında yerləşən “Promsvyazbank”da olan hesabına xx.xx.2022-ci tarixdə 495147.10 avro vəsait daxil olmuş və həmin vəsait konvertasiya edilərək "xxxx" MMC-nin "xxxx" ASC-də olan rubl hesabına köçürülmüş və həmin vəsait Avroya konvertasiya edilərək xx.xx.2022-ci il tarixində mal-material alışı üçün həmin vəsaitdən 346506.08 avro "xxxx" ASC-də olan hesabdan SO4156 saylı 16 mart 2022-ci il tarixli müqavilə əsasən “X5 DMCC" təşkilatına köçürülmüşdür. Məhkəmə hesab edir ki, Şəxs hesabına 148 saylı 02 fevral 2022-ci il tarixli müqavilənin icrası ilə əlaqədar "xxxx" X12” ASC tərəfindən köçürülmüş 495147.10 avro vəsaitlə Şəxs tərəfindən SO4156 saylı xx.xx.2022-ci il tarixli müqavilənin icrası ilə bağlı “X5 DMCC" təşkilatının hesabına köçürülmüş 346506.08 Avro pul vəsaiti arasında bağlılığın mövcud olduğunu mötəbər sübutlarla müəyyən etmək olmamışdır. Həmçinin məhkəmə onu da qeyd edir ki, təqdim edilmiş sənədlərə əsasən ümumiyyətlə "xxxx" X12” ASC ilə “X5 DMCC" təşkilatı arasında hər hansı bağlılıq müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 148 saylı 02 fevral 2022-ci il tarixli müqavilənin icrası ilə əlaqədar "xxxx" X12” ASC tərəfindən Şəxs hesabına köçürülərək qaytarılmış 495147.10 avro borc pul köçürüldükdən sonra həmin vəsait Şəxs özünə məxusus şəxsi vəsait olmuşdur və bunu təkzib edəcək hər hansı sübut isə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin əməlində İXM-in 430.4-cü maddəsinin tərkibinin olması tam sübuta yetirilir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 fevral 2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, Konstitusiyanın 59cu maddəsinin tələblərinə uyğun olaraq, Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə müvafiq valyuta əməliyyatı ilə bağlı xüsusi nəzarət rejiminin müəyyən edilməsinə və İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində valyuta tənzimi qaydasının pozulmasına görə məsuliyyətin nəzərdə tutulması sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıyır. Göründüyü kimi, yuxarıda qeyd olunan sübutlarla Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsi tam təsdiq olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Həmçinin məhkəmə Şəxs qanuni təmsilçisi X8 icraatın dayandırılması və Konstitusiya Məhkəməsinə sorğu verilməsi ilə bağlı vəsatətinə münasibətdə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması əsasları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 104-cü maddəsində olmasa da, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2016-cı il tarixli qərarına əsasən cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiq edərək Zaqatala Rayon Məhkəməsinin 3(033)-136/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən inzibati xəta haqında iş üzrə icraatı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin yekun qərarı alınana kimi dayandırmış, hüquqi şəxs Şəxs qanuni təmsilçisi X10 21 may 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında qeyd olunan şikayətin qısa müddət ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin icraatına qəbul ediləcəyini qeyd etməsinə baxmayaraq məhkəmənin təşəbbüsü ilə aparılmış araşdırma zamanı "İLHAM-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətinin icraata qəbul edilməsi barədə hər hansı məlumat əldə edilməmiş və Zaqatala Rayon Məhkəməsinin 3(033)-136/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə işi üzrə icraat təzələnmişdir. Eyni zamanda Şəxs qanuni təmsilçisi X10 həmin inzibati xəta haqqında protokol müddət ötürülməklə tərtib edilməməsi ilə bağlı vəsatətinə münasibətdə qeyd edir ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas, vəsaitin xaricdə fəaliyyət göstərən hüquqi şəxsə köçürülməsi anı ilə deyil, bu ödənişin aparıldığı gündən Qaydaların 4.3.1.3-cü bəndində müəyyən edilmiş müddətdə malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsinin və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədin banka təqdim olunmaması ilə şərtləndirilmişdir. Bu halda avans ödənişi edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində mallar (xidmətlər) idxal edilmədikdə və ya valyuta vəsaiti geri qaytarılmadıqda növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. “İqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar” Fəslinə aid edilən İnzibati Xətalar Məcəlləsinin 430-cu maddəsi, yəni valyuta tənzimi qaydalarının pozulması, həmin Məcəllənin 38.1-ci maddəsinin ikinci cümləsində göstərilmədiyindən bu növ inzibati xətalara inzibati tənbeh, onun törədildiyi gündən ən geci dörd ay keçənədək tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi üzrə məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə (2 il) müvafiq malların idxal edilməməsi, işlər görülməməsi və ödənilmiş valyuta vasaitinin xaricdən geri qaytarılmamasına görə nəzərdə tutulduğundan inzibati xəta tərkibi 2 il müddətində müvafiq malların (işlərin, xidmətlərin) idxal edilməməsinə, valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə yaranır. İnzibati xətanın törənməsi və müddət axımı valyuta növbəti vəsaitinin köçürüldüyü gündən riyazi hesablama ilə 2 ilin tamam olduğu günün ertəsi günündən başlamış olur. Yəni, bu halda avans ödənişi edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində mallar (xidmətlər) idxal edilmədikdə və ya valyuta vəsaiti geri qaytarılmadıqda növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Hazırki iş üzrə üzrə inzibati xəta 19 mart 2024-cü il tarixində törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması,habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmiş, həmçinin məhkəmə araşdırması zamanı da hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs səlahiyyətli nümayəndəsinin törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, eyni zamanda inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin, yəni 346506.08 (üç yüz qırx altı min beş yüz altı avro səkkiz sent) avro məbləğinin iyirmi faizi məbləğində (ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatına olan məzənnə nisbətində) inzibati qaydada cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar