Məhkəmə qərarları › İş №3(033)-141/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-141/2023

11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-141/2023 11.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili X11 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxx 1990-cı il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayon Əliabad qəsəbəsində qeydiyyatında olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 521-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 11 may 2023-cü il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 11 may 2023-cü il tarixdə gecə saatlarında 01:10 radələrində Fatma Şıxamirovanın yaşadığı ünvana gedib səs küy salmış, ora gələn polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 521-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(033)-142/2023 nömrəli qərardadına əsasən Şəxs Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar barəsində inzibati xəta haqqında materiala məhkəmə iclasında baxılması xx.xx.2023-cü il tаrixə, sааt 17:30-a Zaqatala Rayon Məhkəməsinin inzibati binasına təyin edilmiş, inzibati xəta haqqında iş üzrə iştirakçıları məhkəmə iclasında iştirak etmələri üçün çağırılması, işin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlərin edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun baxılması üçün Zaqatala Rayon Polis Şöbəsinə qaytarılması qərara alınmışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon polis şöbəsinin İTBnin polis sahə rəisi, polis kapitanı X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 01:17 radələrində Zaqatala Rayonu Yuxarı Tala kənd sakini Fatma Şıxamirova DİN-in 102 xidmətinə zəng vuraraq evinin qarşısında 2 nəfər içkili qadının onu və ailə üzvlərini narahat etməsi barədə məlumat vermişdir. Müraciət əsasında polis əməkdaşları həmin ünvana getmiş və orada Şəxs və X1 küy saldığını görmüş və onları nizam intizama dəvət etmişdirlər. Hər iki şəxs polis əməkdaşlarının tələblərinə məhəl qoymadan bundan sonra da hərəkətlərini davam etdirdiyindən əlavə polis əməkdaşlarının köməyi ilə onlar Zaqatala Rayon Polis Şöbəsinə gətirilmiş və hər birinin ayrı-ayrılıqda izahatı alınmışdır. Bundan sonra onların izahatları alınmış, bunun əsasında Şəxs haqqında 11 may 2023-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, polis şöbəsində verdiyi izahatını təsdiq edir. O, xx.xx.2023-cü il tarixdə tanışı X5 ilə birlikdə Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən “Planet” adlı kafedə yemək yemiş və spirtli içki qəbul etmişdir. Onların bir yerdə oturduqları Pərviz adlı şəxs onlardan ümumilikdə 75 manat pul alaraq, hesabı ödəyəcəyini, spirtli içki və siqaret alacağını bildirmişdir. Axırda o hesabı ödəmək üçün kabinetdən çıxmış, lakin geri qayıtmamışdır. Onlar daha sonra taksi ilə Pərvizin evinə getmiş və qapını döymüşlər və Pərvizin həyat yoldaşı çölə çıxmışdır. Ondan Pərvizi soruşanda, o nəyə görə soruşduqlarını bildirmişdir. Onlar isə Pərvizin onlara pul atdığını bildirmişlər. Pərvizin arvadı onlarla yüksək səslə danışmış və daha sonra onları həmin qapıdan qovmuşdur. Sonra həmin yerə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları aralarında bir müddət söhbət olmuş, sonradan əlavə polis avtomobili ilə onları polis şöbəsinə aparmışlar. O heç bir qayda pozmamış, heç kəsi narahat etməmişdir. Onu polis şöbəsində polis əməkdaşları döymüşlər. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X13 çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından başlanmış icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə adlarını sonradan bildiyi Zəminə və Rəqsanə adlı qadınlar saat 01:10 radələrində onun evinə hücum edərək icazəsiz həyətinə daxil olmuşlar. Onlar əl qol hərəkətləri ilə onun üzərinə gedərək nalayiq küçə söyüşləri söymüşlər. Onların səsinə qonşular da yığılmışdır. Hər ikisi içkili vəziyyətdə olmuşdur. Bir qədər sonra polislər gəlmiş, lakin onlar polisin tələblərinə də tabe olmamış və öz hərəkətlərini davam etdirmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X14 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə o, Zaqatala RPŞ-nın CAB-ın əməliyyat müvəkkili Şahid Kərimovla birlikdə Yuxarı Tala kəndində xidmətdə olarkən növbətçi hissədən onlara zəng edilərək Yuxarı Tala kənd sakini Fatma Şıxəmirovanın 102 xidmətinə müraciət edərək 2 nəfər sərxoş vəziyyətdə olan qadınların onun evinin həyətinə daxil olduqlarını və səs-kuy saldıqlarını, nalayıq ifadələr işlətdiklərini qeyd edərək onları həmin ünvana göndərmişlər. Onlar qeyd olunan yerə getdikdə adları sonradan onlara məlum olan Rəqsanə Mahammatova və Şəxs adlı qadınların sərxoş vəziyyətdə küçədə və vətəndaşın həyətində səs-küy saldıqlarını, uca səslə nalayiq ifadələr işlətdiklərini görmüşlər. Onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra adları qeyd olunan şəxsləri nizam-intizama dəvət etmişlər. Lakin onlar hər ikisi onların qanuni tələblərinə tabe olmayaraq öz qanunazidd hərəkətlərini davam etdirmişlər. Saat 01:10 radələri olmasına baxmayaraq səs-küyə qonşular da küçəyə yığışmışdır. Daha sonra polis şöbəsindən kömək gəlmiş, onlar Şəxs və X7 RPŞ-yə gətirmiş və növbətçi hissəyə təhvil vermişlər. İşdə olan 11 may 2023-cü il tarixli 188 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müşahidə olunur. İnzibati xəta materiallarına əlavə edilmiş 11 may 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 11 may 2023-cü il tarixdə saat 08:15-də inzibati qaydada tutulmuşdur. Məhkəmə Şəxs izahatına hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, onun hər hansı qanun pozuntusu etməməsi ilə bağlı izahatı iş materiallarında olan sübutlarla (onun özünün, şahidlərin izahatları) təkzib olunur, onun hazırki izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və bu səpkidə izahatı işin faktiki hallarını əks etdirmir. Məhkəmə isə bu hala qiymət verərək qeyd edir ki, onun qeyd olunan hərəkətlərin inzibati məsuliyyətə səbəb olmasını bilməməsi, heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin, şahidlərin izahatı və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmalıdır. Zaqatala RPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı həmin əməli sərxoş halda törətməsi müəyyən edildi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sərxoş halda inzibati xəta törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilir. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, həmçinin barəsində inzibati həbs tətbiq edilməsi üçün müstəsna halın olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti proses iştirakçılarına təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar