Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-144/2023 12.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kərimova Şəhla Saleh qızının katibliyi, Şikayət verən şəxs X7 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon yol patrul xidmətinin baş inspektoru polis leytenantı X5 iştirakları ilə Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X7 “Zaqatala Rayonu DYPB-nin polis kapitanı X16 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi, Zaqatala rayon yol patrul xidmətinin baş inspektoru polis leytenantı X11 tərəfindən tərtib edilmiş 23 sentyabr 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməsi barədə” şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şikayət verən şəxs X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi və barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarxili İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola onun hüquqları pozulmaqla xx.xx.2022-ci il tarixdə Zaqatala RPŞ-nin DYP-nin rəisi Elgün Əliyev tərəfindən baxılaraq tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan verdiyi şikayət əsasında Zaqatala rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(033)-94/2022 saylı qərarı ilə X8 qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək işə yenidən baxılması üçün geri qaytarılmışdır. Məhkəmənin həmin qərarında göstərilən göstərişlərə əməl olunmayaraq Zaqatala RPŞnin DYP-nin əməkdaşı X13 tərəfindən xx.xx.2022-ci il tarixdə yenidən inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan verdiyi şikayət əsasında Zaqatala rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(033)-1/2023 saylı qərarı ilə Aqil Hüseynovun qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək işə yenidən baxılması üçün geri qaytarılmışdır. Lakin həmin qərardan apelyasiya şikayəti verməsinə baxmayaraq yenidən polis əməkdaşı qərarın qanuni qüvvəsini almasını gözləmədən məhkəmə qərarının icraya yönəldilməsini gözləmədən xx.xx.2023-cü il tarixdə Zaqatala RPŞ-nin YPX-nın baş inspektoru X16 barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmişdir. Hansı ki, verdiyi apelyasiya şikayəti əsasında iş apelyasiya məhkəməsində xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Yenə Zaqatala rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Elgün Əliyevin barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarixli qərarı ləğv olunub. Buradan görünür ki, Zaqatala RPŞ-nin DYP-nin bölməsinin rəisin 2 qərarı və kiçik rəis heyətində çalışan polis leytenantı Aqil Hüseynovun isə 1 qərarı yalnız onun barəsində olan 3 qərar prosessual pozuntulara görə məhkəmə tərəfindən ləğv edilmişdir. Sadə prosessual qaydalara əməl etməyərək məhkəmənin göstərişlərini nəzərə almırlar. Buradan görünür ki, onların qəbul etdikləri protokol və qərarlar İXM-nin tələbləri kobud surətdə pozulmaqla qəbul olunur. Sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə barəsində yenə TP ******* saylı qərar tərtib edilərək cərimə növündə inzibati tənbeh edilmişdir. Yenə də barəsində qərar qəbul edilərkən prosessual pozuntulara yol verilmişdir. Belə ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola Elgün Əliyev tərəfindən baxılarkən o vəsatət vermişdir, vəsatəti ilə hadisə yerində olmuş şahid X4 ifadəsi alınması xahiş edilmişdir. Protokola baxılarkən vəsatəti təmin edilmiş, şahidin izahatı alınmışdır. Lakin qəbul olunmuş qərarda şahidin ifadəsi qeyd olunmamışdır. Şahidin ifadəsinə qərarda qiymət verilməmişdir. Şahidin ifadəsi ilə polis tərəfindən təqdim olunan sübutlar arasında kəskin ziddiyyət olmasına baxmayaraq qərarda hər hansı bir sübut qiymətləndirilməmişdir. İXM-in 8.3-cü maddəsinin tələbləri pozulmuşdur. Hazırki şikayətə baxılarkən qeyd etdiyi problemlərin araşdırılmasını və müvafiq tədbirlər görülməsini xahiş edir. Barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarı qanunsuz hesab edir. Birinci şikayətində qeyd olunan faktları təsdiq edir. Belə ki, xx.xx.2022-ci il tarixdə Aşağı Tala kəndi ərazisində mülkiyyətində olan ** FA *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən Zaqatala rayon Polis Şöbəsinin istifadəsində olan dövlət nömrə nişanının sonu 077 və 586 nömrəli DYP avtomobilləri və onların içərisində olan 5 nəfər dövlət yol polisi arxasınca hərəkət edərək saxlanılması üçün heç bir əsaslı səbəb olmadan mikrafon vasitəsi ilə ona “saxla” işarəsi verildi. Avtomobili saxladıqdan sonra inspektor Təbriz Nəsirov ona yaxınlaşaraq avtomobilin arxa dövlət nömrə nişanı üzərindəki işığın yanmadığını, həmin səbəblə onu saxladığını bildirmiş və avtomobilin və onun sürücülük vəsiqəsini tələb etmişdir. O, sənədlərini təqdim etdikdən sonra o, ona sərxoşluğunun yoxlanılması üçün alkotestrdən istifadə etməyini xahiş etdi. O, da etiraz etməyərək alkotestrdən bir dəfə üfürmüşdür. Alkotestr göstərmədi, təkrar üfürməyini xahiş etdi, təkrar üfürdü. Bundan sonra o, ona bildirdi ki, alkotestr guya onun sərxoş olmağını göstərir. O, isə ona bildirdi ki, o, sərxoş deyil. O, ondan avtomobilini tərk etməyini xahiş etdi. O, avtomobildən düşdü və o, ona avtomobilinin arxasında dövlət nömrə nişanının üzərində olan işıqlardan birini göstərərək həmin işığın yanmadığını bildirərək barəsində protokol tərtib etmək istədiyini bildirdi. O, isə buna etiraz etmədi. O, bununla əlaqədar protokol tərtib etdi və ona bildirdi ki, başqa sürücülük vəsiqəsi olan şəxs gəlib avtomobili sürə bilər. O, da avtomobili sürmək üçün başqa bir şəxs dəvət etdi. (ona görə ki, əgər o, polisin dediyinin əksini etmiş olsaydı, o ona polisə tabe olmama ittihamı irəli sürəcəkdi). Vəkil olaraq təcrübəsindən görmüşdür və iki yol patrul maşını və 5 nəfər yol polisi ardınca gəlməzdi. Protokolun surətini almış və gecə vaxtı olduğuna görə oxumaqla əlaqədar gözlərində problem olduğuna görə onun yazdığı protokolu axşam oxuya bilməmiş və əhəmiyyət də verməmişdir ki, avtomobildə olan işıqların hansınınsa yanmaması ilə əlaqədar inzibati xətaya görə yüngül cərimə cəzası nəzərdə tutulub və həmin cəriməni ödəyər. Evə gəldikdən sonra protokolu oxudu və protokolda gördü ki, işıqların yanmaması ilə bağlı hər hansı bir maddə yazılmayıb, əksinə protokolda İXM-nin 333.1-ci maddəsi, yəni sərxoş halda avtomobili idarə etməyinə dair inzibati xəta törətməsi ilə bağlı protokol tərtib olunub. Həmin protokolla razı deyil, ona görə ki, sərxoşluq vəziyyətinin yoxlanmasına dair hər hansı bir xüsusi vasitədən istifadə edilən zaman protokolda həmin xüsusi texniki vasitənin, yəni alkotestrin göstəricisi, tipi, markası, modeli, yerləşdiyi yer, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt, dövlət yoxlamasından keçdiyini təsdiq edən sənədin nömrəsi, növbəti dövlət yoxlamasının keçirilməli olduğu vaxt protokola qeyd olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ilin 9 iyun tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsi qaydalarının 4 nömrəli əlavəsinin İİ bəndində qeyd olunur ki, texniki vasitə ilə aparılan ölçmələrin nəticələrinin təhrif olunmasına səbəb ola bilən icazəsiz sazlama və müdaxilənin qarşısının alınması məqsədi ilə texniki vasitənin konstruksiyasının proqramı təminatı daxil olmaqla onun müvafiq hissələrinə müdaxilə edilmənin məhdudluğunu təmin etməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət Dövlət Xidməti tərəfindən müvafiq qərar qəbul edilir. Adı çəkilən təşkilat tərəfindən standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikat verilir. Həmin sertifikatda texniki vasitənin etibarlılıq müddəti və ölçmə vasitəsinin adı qeyd olunur. Təbriz Nəsirovun ona təklif etdiyi alkotestrin isə kimə məxsus olması, onun özünə məxsus olub-olmaması və yaxud da Zaqatala rayon Polis Şöbəsinin istifadəsində olub-olmaması barədə protokolda heç bir məlumat qeyd olunmadığına görə həmin alkotestr əsasında onun sərxoş olmağının müəyyən edilməsi qanuna ziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarının 2.2-ci maddəsində qeyd olunur ki, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağızdaşıyıcıda əks etdirən texniki vasitələrdən, alkotestrdən istifadə etməlidir. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasını 0.3 promili və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Sərxoşluq vəziyyəti müəyyən olunarsa polis əməkdaşları tərəfindən müvafiq protokol tərtib edilir, müayinənin nəticəsini kağızdaşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Barəsində tərtib edilmiş protokola sərxoşluq vəziyyətinə dair müayinənin nəticəsini əks etdirən sənəd əlavə edilməmiş və ona təqdim edilməmişdir. Alkotestrdən isə kağız daşıyıcı çıxmadı, ona yalnız protokol verilmişdir, alkotestrin nəticəsi isə çıxmadığına görə ona verilməmişdir. O hadisə yerindən getdikdən sonra onun iştirakı olmadan alkotestrin kağız daşıyıcısını əldə edib məhkəməyə təqdim ediblər. İXM-in 76.2-ci maddəsində deyilir ki. qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Buna görə də hesab edir ki, polis əməkdaşının əlində olan xüsusi texniki vasitə xüsusi qurma bir işin nəticəsidir. Təbriz Nəsirov məhkəmə iclasında alkotestrin nəticəsinin əldə edilmə anını ona sübut etməlidir, çəkdiyi videoda göstərməli və ya şahidlər gətirməlidir. Hadisə yerində olan yeganə şahid Eyibov Şahid isə izahat verərək göstərir ki, alkotestri üfürdükdən sonra ondan heç bir nəticə əldə olunmamışdır. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda avtomobilin saxlanmasına səbəb olmuş maddə, yəni işıq cihazlarının işləməməsi qeyd olunmamışdır və avtomobilində də işıq cihazları hamısı işlək vəziyyətdədir, hər hansı bir yol hərəkəti qaydalarını pozmadığına görə Təbriz Nəsirovun onu saxlaması qanunsuz hərəkət hesab olunur. Onun bütün bu hərəkətlərini, eyni zamanda 2 Dövlət yol polis avtomobilinin onun ardınca gəlməsini özünün vəkillik fəaliyyəti ilə əlaqələndirir. Vəkillik fəaliyyətini həyata keçirməyə maneələr törətməkdə Zaqatala rayon polis şöbəsinin əməkdaşları davam edirlər, bununla əlaqədar müvafiq sənədləri Zaqatala rayon polis əməkdaşlarının qanunsuz hərəkətlərindən, vətəndaşlara göstərdiyi hüquqi xidmətlə bağlı şikayətlərin tərtib edilməsinə dair hüquqi xidmət göstərdiyinə görə DYP əməkdaşları 2 avtomobillə kəndin ara yolunda bir-birinin ardınca 5 nəfər olmaqla gələrək onu şantaj etmək, nəticədə şərləyərək böhtan atmaq fikirlərində olmuşlar. Apardığı araşdırma nəticəsində bu tapşırığın da Zaqatala RPŞ-nin müavini Samir Məmmədov tərəfindən olduğunu aşkar etmişdir. Tərtib olunmuş inzibati xəta haqqında protokolun da qanun pozuntularını saymaqla bitmir. Belə ki, Daxili İşlər Nazirliyinin "Yol Patrul Xidməti haqqında təlimatı”nda qeyd olunur ki, YPX inspektoru alkotestri onun istismarı üzrə təlimata müvafiq olaraq nəqliyyat vasitəsinin sürücüsünün alkoqoldan istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətini müəyyənləşdirmək məqsədi ilə nəfəs verilməklə yoxlanılır. Müayinə olunan şəxs sərxoş olmasını etiraf edərək alkotestrin nəticəsi ilə razı qaldıqda, bu hal qanunvericiliklə müəyyən edilmiş qaydada 2 nəfər hal şahidinin iştirakı ilə sənədləşdirilir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən vaxt avtomobili idarə edərkən sərxoş vəziyyətdə olub-olmamağı yuxarıda qeyd edilən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən edilmiş sübutetmə vasitələri ilə sübut edilməli olduğundan həmin vaxt alkoqol sərxoşluğu vəziyyətində olub-olmamağı qanunla nəzərdə tutulmayan digər sübut vasitələri ilə təsdiq edilə bilməz. Çünki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları qanunvericilikdə dəqiq olaraq müəyyən edilmişdir. Belə ki, həmin vaxtı onun sərxoş olmağını müəyyən edən müayinənin nəticəsini kağızdaşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunmalı idi və bu hərəkət 2 nəfər hal şahidinin iştirakı ilə sənədləşdirilməli idi. Kağızdaşıyıcının necə əldə olunması heç bir yerdə görünmür. İnzibati xəta haqqında protokolda göstəricisi, tipi, markası, modeli, yerləşdiyi veri, dövlət yoxlamasından keçdiyi vaxt, dövlət yoxlamasının sənədinin nömrəsi və tarixi, növbəti dövlət yoxlamasının keçirilməli olduğu vaxt göstərilməyən və qanunla müəyyən edilmiş sertifikatı olmayan, eyni zamanda müayinənin nəticəsinin kağızdaşıyıcıda əks etdirməyən hər hansı xüsusi texniki vasitə ilə sərxoşluğun müəyyən edilməsi qanunsuz bir hərəkətdir. Həmin texniki vasitənin göstəriciləri onun sərxoş olmağını müəyyən etməsi qanunla qadağandır. Əldə etdiyi məlumata görə Zaqatala rayon Polis Şöbəsinin DYPB-də 2 növ alkotestr vardır. Həmin alkotestrin biri müayinənin nəticəsini kağızdaşıyıcıda əks etdirir, digər alkotestrin isə belə bir kağızdaşıyıcısı yoxdur. Kağızdaşıyıcı müayinənin nəticəsini kağızdaşıyıcıda əks etdirən alkotestrin verdiyi müayinənin nəticəsi yazılan kağızda müayinə olunan şəxsin adı, familiyası qeyd olunmalı və həmin alkotestrin verdiyi kağızdaşıyıcıya müayinə olunan şəxs öz imzasını atmalıdır. Əldə etdiyi məlumata əsasən polis əməkdaşları kağızdaşıyıcısı olan alkotestrdən müayinənin nəticəsini hər hansı bir yolla əldə etmişlər və inzibati xəta haqqında işə əlavə etmişlər. Müayinənin nəticəsinə dair kağızdaşıyıcısını, videogörüntüləri DYP-dən tələb etsə də, ona təqdim olunmamış və ona bildirilmişdir ki, qərardan şikayət verdiyi halda yalnız məhkəməyə təqdim oluna bilər. Buna görə də, hesab edir ki, məhkəməyə təqdim olunan hər hansı bir alkotestrdən çıxarılmış müayinənin nəticələrinə dair kağızdaşıyıcı sübut kimi qəbul oluna bilməz ona görə ki, barəsində tərtib olunmuş protokolda həmin alkotestrin göstəriciləri sertifikat nömrəsi, markası modeli, dövlət yoxlamasından keçməsinə dair məlumatlar qeyd olunmamışdır. Ona görə də, İXM-nin 76.2-ci maddəsinə əsasən sübut kimi məhkəməyə təqdim olunacaq hər hansı bir alkotestrin göstəriciləri qanuna zidd olaraq əldə edilmiş sübut hesab olunmalıdır. Bütün bu hadisələri müşahidə edən hal şahidi X3 da məhkəmədə ifadə verməsi üçün dəvət olunması barədə məhkəmə qarşısında vəsatət qaldırır. Hazırki şikayətində qeyd etdiyi əsaslar: Birinci şikayəti ilə əlaqədar məhkəmə araşdırması zamanı DYP-nin təqdim etdiyi video görüntülərə baxış keçirilmişdir. Onun video görüntüdə inzibati xəta törətdiyini təsdiq edən sübutlar aşkar edilmədi. Video görüntüdən göründü ki, DYP-nin inspektoru tərəfindən ondan soruşulur ki, spirtli içki qəbul etmişəmmi. Bu suala o “yox” cavabı verir. Daha sonra inspektorun alkotestrin yoxlama təklifini qəbul edərək 2 dəfə alkotestri üfürmüş, lakin alkotestrdən sərxoşluqla bağlı hər hansı bir kağız daşıyıcının çıxdığı video görüntüdən görünmür. Bundan başqa, məhkəmə iclasında inspektor Rəşad Nabatov dindirilərkən onun sualına cavab olaraq bildirdi ki, o, alkotestrə üfürən zaman üfürdükdən sonra orada alkotestrdən hər hansı bir kağızdaşıyıcı çıxmadı. Həmin kağızdaşıyıcı sonradan çıxarılaraq protokola əlavə olundu. Göründüyü kimi o, inzibati xəta törətməyi ilə bağlı razılaşmadığı şəraitdə barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdirdə təqsiri olub-olmamasını müəyyən etmək üçün sübut toplamadan, araşdırmadan məhkəmə qərarında qeyd olunan hallara əməl olunmadan protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışlar. O, inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmış olsaydı inspektor Təbriz Nəsirovun spirtli içki qəbul edib-etmədiyinə, sərxoş olub-olmadığına dair sualına “yox” cavabı verməzdi. Onun spirtli içki qəbul etməməyinə dair verdiyi cavab onu göstərir ki, o, inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamışdır. Lakin buna baxmayaraq heç bir sübut toplamadan inzibati tənbeh verilmişdir. Sübut toplamaq isə inzibati orqanın üzərinə düşür. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Barəsində protokol tərtib edilmiş şəxs, yəni o, sübut etməli deyil ki, inzibati xəta törətməmişdir. İXM-nin vəzifə və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamların onun xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən həmin qərarda qeyd edilən əməlin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən xətanın törədilib-törədilməməsini yoxlamalıdır. Hazırki iş üzrə qərarda isə konkret sübut göstərilmədiyi üçün belə bir qərar İXM-nin tələblərinə uyğun çıxarılmış qərar hesab edilə bilməz. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X12 şikayətini müdafiə edərək şikayətinin məzmununa uyğun izahat verdi və şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon yol patrul xidmətinin baş inspektoru polis leytenantı X11 izahat verərək göstərdi ki, Əhməd Nəbiyev tərtib edilmiş protokoldan və həmin protokol üzrə iki fərqli tarixdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayət vermiş və həmin qərarlar ləğv edilmişdir. Sonuncu dəfə qərar Zaqatala Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 3(033)-47/2023 nömrəli qərarı ilə ləğv edilmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Zaqatala Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanmışdır. Zaqatala Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 3(033)-47/2023 nömrəli qərarı icra edilməsi üçün inzibati xəta haqqında protokol və digər sənədlərlə birlikdə Zaqatala Rayon Polis Şöbəsinə göndərilmişdir. Əhməd Nəbiyevin mübahisələndirdiyi qərarın qəbul edilməsinə əsas olmuş inzibati xəta haqqında 23 sentyabr 2022-ci il tarixli protokolu o özü tərtib etmişdir. Protokolun tərtib edilməsinə əsas olmuş hadisə ilə bağlı əvvəlki şikayətlərə baxılması zamanı da izahat vermiş və təkrar olaraq izahatını təsdiq edərək bildirir ki, xx.xx.2022-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala ərazisində xidməti vəzifələrini icra edərkən ** FA *** dövlət nömrə nişanlı Hyundai İX 35 markalı avtomobilin sürücüsü tərəfindən sola dönmə zamanı sola dönmə işığından istifadə etmədiyinə görə ona səs gücləndiricisi vasitəsi ilə saxlama əmri verilmişdir. ** FA *** dövlət nömrə nişanlı Hyundai İX 35 markalı avtomobilin sürücüsü avtomobili saxladıqdan sonra ona yaxınlaşaraq özünü təqdim etmiş, avtomobilə dair sənədləri və sürücülük vəsiqəsini təqdim etməsi sürücüdən tələb edilmişdir. Sürücü sənədləri təqdim etdikdə ondan alkoqol qoxusu gəldiyi üçün ona alkotester vasitəsi ilə sərxoşluq müayinəsindən keçməsi təklif olunmuş və sürücü Əhməd Nəbiyev müayinədən keçməyə razılaşmışdır. Bundan sonra, alkotester vasitəsi ilə onun sərxoşluq vəziyyəti müayinə edilmiş və alkoqol miqdarının 0,491 mg/l olduğu müəyyən edilmişdir. Alkotesterin qəbzinin Əhməd Nəbiyevə verilməsi təklif olunmuş, lakin o bundan imtina etmişdir. Bundan sonra onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və bir nüsxəsi ona təqdim edilmişdir. Protokol tərtib edilərkən Əhməd Nəbiyev protokolla razı olduğunu və heç bir etirazının olmadığını bildirmiş və bu məzmunda qeydi protokola əlavə edərək imzalamışdır. Eyni zamanda Əhməd Nəbiyev özü sürücülük hüququ olan başqa şəxsi dəvət edərək onunla birlikdə getmişdir. Baş vermiş bütün hadisələr yol patrul xidməti maşınına quraşdırılmış video registrator vasitəsi ilə qeydə alınmışdır. ** FA *** dövlət nömrə nişanlı Hyundai İX 35 markalı avtomobilin sürücüsü tərəfindən qayda pozuntusuna yol verildiyi üçün, yəni işıq cihazlarından istifadə etmədiyi üçün o, həmin avtomobili saxlamışdır. Hesab edir ki, şikayət əsassızdır, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar və inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Məhkəmə şikayət verən şəxs X7 şikayətini, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, X7 şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X12 23 sentyabr 2022-ci il tarixdə idarə etdiyi Hyundai İX35 markalı ** FA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Spirtli içki qəbul etdiyinə dair şübhələr olduğundan Respublikası Daxili İşlər Nazirliyinin Zaqatala RPŞ-nin DYPB-nin YPX inspektoru, Təbriz Nəsirov tərəfindən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitə olan Alkometrdən istifadə olunmuş və Alkometr göstəricilərinə əsasən X7 qanında alkoqolun konsentrasiyasının 0,491 faiz olduğu müəyyən edilmişdir. Buna görə onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zaqatala RPŞ-nin DYPB-nin YPX inspektoru, X11 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələri ilə İXP ******* saylı inzibati xəta haqqında protokol və həmin protokol əsasında Zaqatala rayon yol patrul xidmətinin baş inspektoru polis kapitanı X16 tərəfindən qəbul edilmiş 04 may 2023-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X12 inzibati xəta törətməməsini əsas göstərərək inzibati tənbeh vermə haqqında 04 may 2023-ci il tarixli TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və 23 sentyabr 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon yol patrul xidmətinin baş inspektoru polis leytenantı X11 tərəfindən tərtib edilmiş 23 sentyabr 2022-ci il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22:55-də Hyundai İX35 markalı ** FA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokol onu tərtib edən şəxs və X12 tərəfindən imzalanmışdır. X12 “protokolla razı olduğunu, heç bir etirazı yoxdur” qeydini yazaraq imzalamışdır. İş materiallarına əlavə edilmiş “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinə göndərilmə” barədə protokoldan görünür ki, X1 spirt qoxusunun gəlməsi səbəbindən ona məxsus Hyundai markalı ** FA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iltizamla ayıq sürücüyə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 23 sentyabr 2022-ci il tarixli iltizamdan görünür ki, X9 BC dərəcəli AC463403 saylı sürücülük vəsiqəsi var. X10 məxsus Hyundai markalı ** FA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ünvana qədər sürüb aparmağa söz verir. İş materiallarında olan Zaqatala Rayon Polis X20 Polisi Bölməsinin polis leytenantı X13 tərəfindən X10 ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, X12 23 sentyabr 2022-ci il tarixli İXP ******* nömrəli protokolun baxılması ilə əlaqədar xx.xx.2023cü il tarixdə Zaqatala Rayon Polis Şöbəsinə gəlməsi tövsiyə olunub. Gəlmədiyi şəkildə inzibati xəta haqında işə onun iştirakı olmadan baxılacağı bildirilmişdir. İş materiallarında olan Zaqatala rayon yol patrul xidmətinin baş inspektoru polis kapitanı X16 tərəfindən qəbul edilmiş 04 may 2023-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X12 xx.xx.2022-ci il tarixdə saat 22:55-də Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində Hyundai İX35 markalı ** FA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən alkoqoldan istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 400 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan görünür ki, qərar Zaqatala rayon yol patrul xidmətinin baş inspektoru polis leytenantı X11 tərəfindən tərtib edilmiş 23 sentyabr 2022-ci il tarixli İXP ******* nömrəli protokolu və inzibati xəta haqqında işin digər materialları əsasında qəbul edilmişdir. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 3(033)-1/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Zaqatala Rayon Polis X20 Polisi Bölməsinin polis leytenantı X13 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək və hazırkı qərarın inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana, yəni Zaqatala Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(107)- 37/2023 nömrəli qərarından görünür ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X12 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 09 yanvar 2023-cü il tarixli, 3(033)-1/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclasında da inzibati xətanın törədilməməsinə əsas kimi onun 23 sentyabr 2022-ci il tarixdə spirtli içki qəbul etməməsini və sərxoş olmamasını qeyd etmişdir. O əlavə olaraq sərxoşluq vəziyyəti yoxlanılarkən istifadə edilmiş xüsusi texniki vasitəsinə dair məlumatların inzibati xəta haqqında protokolda qeyd olunmamasını və bu halın qanuna zidd olmasını göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, şikayətçı X12 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixdə tərtib edilmiş İXP ******* saylı protokoldan da görünür ki, protokol, tərtib edən şəxslə yanaşı X12 tərəfindən də imzalanmış və o protokolla razı olduğuna və heç bir etirazının olmadığına dair qeyd qoymuşdur. Eyni zamanda həmin tarixli “nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinə göndərilmə” barədə protokoldan görünür ki, Əhməd Nəbiyevin idarə etdiyi Hyundai İX35 markalı ** FA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iltizamla ayıq sürücüyə təhvil verilmişdir. Həmin protokol da Əhməd Nəbiyev qeydi edilməklə onun tərəfindən imzalanmışdır. X17 tərəfindən verilmiş 23 sentyabr 2022-ci il tarixli iltizamla o X10 məxsus Hyundai markalı ** FA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ünvana qədər sürüb aparmağa söz vermişdir. Məhkəmə bunların hər birini şikayət verən şəxsin etirafedici davranışı kimi qiymətləndirir və hesab edir ki, şikayət verən şəxs X12 xx.xx.2023-cü tarixdə Hyundai İX35 markalı ** FA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair həmin tarixdə Zaqatala rayon yol patrul xidmətinin baş inspektoru polis leytenantı X11 tərəfindən tərtib edilmiş İXP ******* saylı protokol əsaslı olmuşdur. Bundan başqa, şikayətçi qeyd edir ki, onu yoxlayan alkotestrə hər hansı sertifikat verilməmiş, onu saxladıqları vaxt alkotestrdən kağızdaşıyıcı çıxmamışdır. Eyni zamanda protokolun surətini almış və gecə vaxtı olduğuna görə oxumaqla əlaqədar gözlərində problem olduğuna görə onun yazdığı protokolu axşam oxuya bilməmiş və əhəmiyyət də verməmişdir. Bununla bağlı isə məhkəmə qeyd edir ki, X7 şikayətdə göstərdiyi xüsusatlar barəsində qəbul edilmiş Zaqatala rayon polis şöbəsinin DYPB-nin inzibati tənbeh vermə haqqında 04 may 2023-ci il tarixli TP seriyalı ******* nömrəli qərarının ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün də heç bir hal yoxdur. İş materiallarından görünür ki, X2 barəsində İXM-nin 333.1-ci maddəsi ilə tərtib ediləcək protokol ilə bağlı heç bir etiraz etməmiş, alkotestrin göstəricisi ilə razılaşmışdır. Ümumiyyətlə şikayətdə göstərilənlərin əksini sübut edən hallar baxış keçirilmiş hadisə ilə bağlı audio-video görüntüləri özündə əks etdirən diskin baxışı zamanı da müəyyən edilmişdir. Məhkəmə şikayətdə göstərilən hallara bir daha qiymət verərək qeyd edir ki, X7 göstərdiyi inzibati xəta törətməməsinə dair xüsusatlar işdə olan sübutlarla təkzib olunur. Belə ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi protokol tərtib edən şəxsin izahatı, Alkometrin göstəriciləri əks olunan xx.xx.2022-ci il tarixdə tərtib edilən protokolla və Zaqatala RPŞdən daxil olmuş materialla tam təsdiq olundu. Şikayətçinin şikayətində göstərdiyi hallar heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Həmin hallar formal mülahizələrdən ibarət olmaqla iş üzrə icraata xitam verilməsi və onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Məhkəmə eyni zamanda qeyd edir ki, mübahisələndirilən qərarın qəbul edilməsi üçün inzibati xəta haqqında protokolun olması zəruri şərtdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin 08 fevral 2023-cü il və 07 aprel 2023-cü il tarixli qərarlarından da görünür ki, qeyd olunan protokolun qanuniliyi məhkəmələr tərəfindən yoxlanılmış, Əhməd Nəbiyev tərəfindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı verilmiş şikayətlər təmin olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 96.1.4-cü maddəsinə əsasən dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasına güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda, fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5-cı maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.7-ci bəndində də göstərilir ki, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin qərarın 2.4-ci bəndində isə göstərilir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X2nun şikayətində göstərdiyi xüsusatlar iş materiallarında olan sübutlarla təkzib olunur, şikayətdə göstərilən hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, protokol tərtib edən şəxsin izahatı ilə yanaşı, işdə olan sübutlarla da X7 23 sentyabr 2022-ci il tarixdə idarə etdiyi Hyundai İX35 markalı ** FA *** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 əməlində İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması İXM-də nəzərdə tutulan qaydada tam sübuta yetirilmişdir. Göstərilən əsaslarla məhkəmə ümumilikdə X2nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X7 “Zaqatala Rayonu DYPB-nin polis kapitanı X16 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi, Zaqatala rayon yol patrul xidmətinin baş inspektoru polis leytenantı X11 tərəfindən tərtib edilmiş 23 sentyabr 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməsi barədə” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-144/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-144/2023
12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver