Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-150/2023 22.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili X4 və inzibati xəta haqqında protokol tərtib edən orqan Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- xx xxxx 1989-cu il tarixdə Zaqatala rayonu Qımır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Qımır kəndində qeydiyyatında olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 22 may 2023cü il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 20 may 2023-cü il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan Zaqatala Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 15:05 radələrində Zaqatala şəhəri F.Əmirov küçəsində Vaz 21099 markalı, **-BL-*** nömrə nişanlı avtomobilin sürücüsü avtomobili yüksək səsli musiqi ilə sürərək polis əməkdaşları Rufan Aslanova və Elnur Atayevə yaxınlaşmış və küçənin ortasında patrul avtomaşının yanında ikinci sırada dayanmışdır. Onlar həmin avtomobilin sürücüsündən avtomobili düzgün saxlamasını, yol hərəkəti qaydalarına riayət etməsini xahiş etdikdə həmin şəxs polis əməkdaşlarına qarşı kobudluq edərək onların qanuni tələbinə əməl etməmiş, nəlayiq söyüşlər söyərək yaxşı edirəm deyə bildirmişdir. “siz məni hələ tanımırsız, sizin başınıza oyun açacağam, sizin paqonunuzu sökdürəcəyəm, nə edirəmsə əla edirəm” deyə qışqıraraq ətrafdakı insanların diqqətini özünə cəlb edərək ictimai asayişi pozmaqda davam etmişdir. Polis əməkdaşları onu sakitləşdirməyə çalışıb polis şöbəsinə dəvət etsələr də həmin şəxs daha da qızışaraq hərəkətlərini davam etdirmişdir. Polis əməkdaşlarının qanuni tələblərinə əməl etməməkdə davam etmişdir. Daha sonra o polis şöbəsinə gətirilərək barəsində inzibati qaydada tutma tətbiq edilmişdir. Onun və şahidlərin izahatları alınmış, onun haqqında 22 may 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, 20 may 2023-cü il tarixdə saat 15:000 radələrində Zaqatala şəhəri Faiq Əmirov küçəsində idarə etdiyi qırmızı rəngli Vaz 21099 markalı, **- BL-*** nömrə nişanlı avtomobili dönər almaq məqsədi ilə yolun hərəkət hissəsində ikinci sırada saxlamışdır. Bu zaman polis əməkdaşları yaxınlaşaraq maşını yolun hərəkət hissəsindən çıxarmasını ondan tələb etmişlər. Onlara iki dəqiqəyə çıxaracağını bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə arasında mübahisə olmuş və o, əsəbiləşərək polisin tələbini icra etməmişdir. O, hər hansı qanun pozuntusu etməmiş, hadisə vaxtı nalayiq ifadələr işlətməmiş, yalnız polis əməkdaşları ilə onun arasında mübahisə olmuşdur. Hazırda ona cərimə cəzası verilməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X6 çıxış edərək Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 izahat verərək göstərdi ki, 2020-ci ildən Daxili İşlər orqanlarında polis nəfəri kimi işləyir. xx.xx.2023-cü il tarixdə saat 15:04 radələrində Zaqatala Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri polis serjantı Elnur Atayevlə birlikdə ** PC *** dövlət nömrə nişanlı post patrul xidməti avtomobili ilə xidmətdə olan zaman Zaqatala şəhəri Faiq Əmirov küçəsinin yardımçı hərəkət hissəsində Vaz 21099 markalı, **-BL-*** nömrə nişanlı avtomobilin saxlandığını və bu halın avtomobillərinin gediş-gəlişinə maneçilik törətdiyini görmüşlər və sürücüyə yaxınlaşaraq avtomobili yolun hərəkət hissəsindən kənara çəkməsini tələb etmişlər. Bu zaman sürücü avtomobildən düşərək “yaxşı edib saxlamışam!, siz kimsiniz?!, siz məni yaxşı tanımırsınız!, sizin paqonlarınızı sökdürəcəm” deyərək daha sonra ünvansız nalayiq söyüşlər söymüş, qışqıraraq səs-küy salmağa başlamış və ictimai qaydanı pozmağa davam edərək polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra həmin şəxsi polis şöbəsinə gətirmişlər və orada onun şəxsiyyətini müəyyən edərkən onun Zaqatala rayonu Qımır kənd sakini Şəxs olması müəyyən edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Zaqatala Rayon Polis X12 Xidməti Bölüyünün polis nəfəri X1 Rufan Bəhlul oğlu ilə oxşar məzmunda izahat verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan AZA seriyalı 001921 nömrəli 20 may 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 20 may 2023-cü il tarixdə 16:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə Şəxs izahatına hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, onun hər hansı qanun pozuntusu etməməsi ilə bağlı izahatı iş materiallarında olan sübutlarla (onun özünün, şahidlərin izahatları) təkzib olunur, onun hazırki izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və bu səpkidə izahatı işin faktiki hallarını əks etdirmir. Məhkəmə isə bu hala qiymət verərək qeyd edir ki, onun qeyd olunan hərəkətlərin inzibati məsuliyyətə səbəb olmasını bilməməsi, heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, sahə rəisinin, şahidlərin izahatları və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini və əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, eyni zamanda inzibati xəta törədən şəxsi tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati həbs edilməsinin əvvəli onun tutulduğu vaxtdan, yəni 20 may 2023-cü il tarixdən, saat 16:00-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclası zalında həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 20 may 2023-cü il tarixdən, saat 16:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Zaqatala RPŞ-nə həvalə edilsin. Qərarın surəti proses iştirakçılarına təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov .
Məhkəmə qərarları › İş №3(033)-150/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-150/2023
22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver