Məhkəmə qərarları › İş №3(033)-151/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-151/2023

23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-151/2023 23.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X7, tələbkar X3 və Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- xx xxxxxx 1976-cı il tarixdə Zaqatala rayonu Kebeloba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, rəsmi işləməyən, öz deməsinə görə il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonu Kebeloba kəndində qeydiyyatda olan və orada yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Zaqatala rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Osiyev X9 Rayon Məhkəməsinin 2(033)-250/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədini icra etmədiyinə və icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 22 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 izahatında göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-250/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Zaqatala rayon məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, 2(033)-845/2019 saylı qətnaməsi ilə cavabdeh Şəxs iddiaçı Butdayeva (Osiyeva) Hürü Ramazan qızının xeyrinə 01 dekabr 2008-ci il tarixdə doğulmuş X10 və 19 oktyabr 2011-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan 125 (bir yüz iyirmi beş) manat miqdarda alimentin məbləğinin artırılması, 01 dekabr 2008-ci il tarixdə doğulmuş X10 və 19 oktyabr 2011-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat miqdarında sabit pul məbləğində aliment və 50 (əlli) manat məbləğində mediasiyaya dair xərcinin tutularaq iddiaçı Butdayeva (Osiyeva) Hürü Ramazan qızına verilməsi, cavabdeh Şəxs 33.20 (otuz üç manat iyirmi qəpik) manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Tərəfindən borclu Şəxs «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədinin icrası tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin edilən xəbərdarlıqlara baxmayaraq Şəxs icra sənədi üzrə tam ödəniş etməmişdir. Borclunun hazırda 2630 manat borcu qalmışdır. Protokol məhkəməyə təqdim edildikdən sonra icra sənədi üzrə tərəflər olan tələbkarla borclu arasında razılıq əldə edilmişdir. Tələbkar hazırda şikayətçi deyil və borcun hissə-hissə ödənilməsi üçün vaxt verilməsinə razılıq vermişdir. Göstərilənlərin nəzərə alınaraq Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-250/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 01 dekabr 2008-ci il tarixdə doğulmuş X10 və 19 oktyabr 2011-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat miqdarında sabit pul məbləğində aliment tutularaq X4 verilməlidir. Məhkəmə qərarından xəbərdardır. Tələbkarla aralarında razılıq əldə olunmuş və qalıq qalmış 2630 manat borcun ödənilməsi üçün tələbkar tərəfindən ona vaxt verilmişdir. Göstərilənlərin nəzərə alınaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X12 çıxış edərək Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı tələbkar X6 izahat verərək göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-250/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi tam şəkildə icra edilməmişdir. O, borclu Şəxs ilə qalıq qalmış borcun ödənilməsi ilə bağlı razılığa gəlmişdir. Hal-hazırda ondan heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən məhkəmədə baxılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Bununla bağlı ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola ona əlavə edilmiş sənədlərlə birlikdə baxarkən müəyyən etdi ki, Zaqatala rayon məhkəməsinin 04 mart 2022-ci il tarixli 2(033)-250/2022 saylı qətnaməsi əsasında cavabdeh Şəxs iddiaçı X3 xeyrinə xx.xx.2008ci il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat miqdarında sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Osiyev X9 Rayon Məhkəməsinin 2(033)-250/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmamış, əksinə o, qalıq qalmış 2630 manat aliment borcunun ödənilməsi ilə bağlı tələbkarla razılığa gəlmişdir. İşin qeyd edilən halları protokol tərtib etmiş şəxsin, borclunun və tələbkarın məhkəmə iclası zamanı verdiyi izahatı ilə yanaşı, tələbkarın məhkəməyə ünvanladığı ərizə və məhkəməyə təqdim edilmiş sənədlərlə də öz təsdiqini tapır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar