Məhkəmə qərarları › İş №3(033)-152/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-152/2023

06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-152/2023 06.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1977-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, öz deməsinə görə il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və orada da yaşаyan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 516.0.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 516.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 16 may 2023cü il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, Şəxs müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan oğlu-İsmayıl Baharovu təhsil almaq üçün Sudan Respublikasında yerləşən dini tədris müəssisəsinə göndərmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 516.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyi izahatını təsdiq etdi və özünü təqsirli bilərək göstərdi ki, 15 il olar ki, ibadət edir. Əhli sünnət təriqətində namaz qılıb ibadət edir. Özü hazırda işsizdir, ailəlidir, 5 övladı var. Ailənin azyaşlı üzvləri istisna olmaqla digərləri ibadət edir. Özü dini təhsil almamışdır. Övladlarından qızı Nailə Baharova ailə həyatı qurmuş, digər övladları isə Zaqatala şəhər məktəblərinin birində təhsil alırlar. X3 2007-ci il təvəllüdlüdür və o 2022-ci ildə dini öyrənmək üçün Sudan Respublikasının Xartum şəhərində yerləşən lisenziyalı ərəb liseyinə təhsil almaq üçün getmişdir. Orada təhsil müddəti 4 ildir və təhsilin istiqaməti dini təhsil deyil. Təhsil müəssisəsinin müəlimləri Sudan Respublikasının vətəndaşlarıdır və X3un təhsil alması və şəxsi xərclərin ödənməsi ilə bağlı hər ay ona 150 ABŞ dolları vəsait göndərir. 2022-ci ildə o və yoldaşı X2 təhsil məqsədi ilə Sudan Respublikasına getməsi üçün razılıq vermişdirlər. O həmin liseyi Teleqram tətbiqi vasitəsi ilə tapmış və sonradan maraqlandıqda bəzi tanışlarının uşaqlarının da həmin təhsil müəssisəsində təhsil almasını öyrənmişdir. O da övladını həmin şəxslərin uşaqlarının sırasına qoşmuş və uşaqlar Sudana getmişlər. Bir müddət əvvəl Sudanda vətəndaş müharibəsi başladığından oğlu İsmayıl və digər uşaqlar Azərbaycan və Türkiyə səfirliyi vasitəsi ilə Azərbaycana təxliyə edilmişdirlər. Oğlunun təhsil alması üçün xarici dövlətə göndərilməsinin xüsusi qaydasının olması barədə və icazələr tələb olunduğu barədə məlumatı olmamışdır. Etdiyi hərəkətdən peşmandır və himayəsində 4 azyaşlı uşağının olması nəzərə alınmaqla yüngül tənbeh növünün tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş 14 may 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs övladının ərəb dilini öyrənməsi və dini təhsil alması üçün Sudan Respublikasına getməsinə icazə vermiş və bunu heç bir dövlət orqanı ilə razılaşdırmamışdır. Şəxs əməlində cinayət əməlinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs əməlində İXM-nin 516.0.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 516.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün izahatı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 516.0.1-ci maddəsinə əsasən Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsinə, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş ədəbiyyat nümunələri, mal və məmulatlar və materiallar müsadirə edilməklə, vətəndaşlar iki min manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4.30-1-ci bəndinə əsasən həmin Məcəllənin 516.0.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirirlər. Məhkəmə Şəxs izahatına hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, onun qanunun bu tələbindən məlumatının olmaması ilə bağlı izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun hazırki izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və bu səpkidə izahatı işin faktiki hallarını əks etdirmir. Məhkəmə isə bu hala qiymət verərək qeyd edir ki, onun qeyd olunan hərəkətlərin inzibati məsuliyyətə səbəb olmasını bilməməsi, heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 516.0.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı onun əməlini etiraf etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi müəyyən edildi. Şəxs əməlini etiraf etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci və 32.1.1-ci maddələrinə görə inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını, əksinə məsuliyyəti yüngülləşdirən halın olmasını, onun şəxsiyyətini və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 516.0.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 516.0.1-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar