Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-16/2024 18.01.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, Əliyeva Ayşə İsrafil qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Zərərçəkmiş şəxs X1, Zaqatala RPŞ-nin İTB-nin sahə polis mayoru X2 iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Zaqatala rayonu, Aşağı Tala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Zaqatala rayonu, Aşağı Tala kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş 08 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs yoldaşı Aytən Ramazanovaya qarşı məişət zorakılığı etmiş, onun psixi zorakılığa məruz qoymuşdur. Nəticədə Azərbaycan Respublikası İXM-nin 158.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Zaqatala RPŞ-nin İTB-nin sahə polis mayoru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, qadın halhazıra Yuxarı Tala kəndində yerləşən “OBA” marketdə işləyir. Zaqatala Rayon Polis şöbəsinə ünvanlanmış ərizəsində və izahatında bildirmişdir ki, Şəxs ona bir neçə dəfə vurmuşdur, sosial şəbəkədə mesaj yazaraq onu hədələmiş, hədə-qorxu gəlmişdir, onu izləmiş, dəfələrlə işlədiyi mağazanın qarşısına gəlmişdir. Şəxs ona zərər vurmasından qorxduğu üçün barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs protokolu müdafiə edərək bildirmişdir ki, onlar boşanmamışdırlar. Şəxs ilə rəsmi evlidir. Birgə nikahlarından üç övladları var. Əfqan spirtli içkiyə meyilli olduğundan mütəmadi olaraq aralarında münaqişələr olmuşdur. Dəfələrlə ona güzəştdə getməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. O yenidən içkiyə başlamış və münaqişələr davam etmişdir. Münaqişəyə uşaqları da daxil etdiyi üçün uşaqları da götürüb ata evinə getmişdir. Bir neçə dəfə ona vurmuşdur. Bir neçə gün əvvəl isə “Whatsapp” vasitəsi ilə onu öldürəcəyi ilə hədələmişdir. İşlədiyi mağazanın qarşısına gəlib onu izləmiş, ona psixi zorakılıq tətbiq etmişdir. özünün və uşaqlarının həyatı barədə çox narahatdır.sonuncu dəfə evdə getməsinə səbəb isə Şəxs üzərinə bıçaqla gəlməsi olmuşdur. Onun barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Ramazanova Aytənlə evlidir, üç uşaqları var. Hazırda münasibətləri pozulduğu üçün Aytən uşaqlarla birgə atası evində yaşayır. Aralarında qısqanclıq zəmnində dəfələrlə münaqişələr olmuş və dəfələrlə barışmışdırlar. Lakin içkiyə meyilli olması münasibətlərini pozmuşdur. Aytəni qorxudub evə gətirmək üçün SMS yazaraq onu öldürməklə hədələmişdir. Onun belə bir fikri olmamışdır. Bu məqsədlə real bir hərəkət etməmişdir. Məqsədi qorxutmaq olmuşdur. Səhv etmişdir və peşmandır. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol Zaqatala Rayon Polis şöbəsinə geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi, həmin işlə bağlı heç bir araşdırılma aparılmadan, yalnız zərərçəkmiş şəxsin şikayəti və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin verdiyi izahatı əsasında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsinin sanksiyasında məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Həmçinin həmin maddənin ikinci qeydində göstərilmişdir ki, bu Məcəllənin 158.1 və 158.2-ci maddələri həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin əməlində cinayət tərkibinin olubolmaması müəyyənləşdirilmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Bununla da məhkəmə hesab edir ki, hazırki iş üzrə toplanmış materiallara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin əməlində cinayət tərkibinin olub-olmaması, əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olub-olmamasını məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 158.2ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində cinayət tərkibinin olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Zaqatala Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 may 2019-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsi ilə tərtib edilmiş 08 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikası DİN Zaqatala Rayon Polisi Şöbəsinə qaytarılsın. Zaqatala Rayon Polisi Şöbəsinə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Sədrlik edən Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(033)-16/2024
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-16/2024
18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver