Məhkəmə qərarları › İş №3(033)-163/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-163/2023

09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-163/2023 09.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 katibliyi, Şikayət verən şəxs X6 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayonu yol patrul xidməti inspektoru, polis kiçik serjantı X9 iştirakları ilə, Şikayət verən şəxs X6 Zaqatala rayon polis şöbəsinin DYPB-nin inzibati tənbeh vermə haqqında 30 aprel 2023-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi və 25 aprel 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, İXM-nin 329.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP-5706857 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsinə və barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs X12 şikayət ərizəsində göstərmişdir ki, Zaqatala YPX-nin baş inspektoru polis kiçik serjantı X14 xx.xx.2023-cü il tarixdə saat 19:09-də barəsində İXM-nin 329.1, 333-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında xx.xx.2023-cü il tarixdə YPX-i baş inspektoru, polis kapitanı X17 inzibati tənbeh vermə haqqında inzibati qərar tərtib etmişdir. Qərarın surətini 12 may 2023-cü il tarixdə poçt vasitəsilə almışdır. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və tənbeh tətbiq etmə haqqında qərarı qanunsuz hesab edir. Qərar ləğv edilməli, inzibati işin icraatına xitam verilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixdə mülkiyyətində olan JJ336PP dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Zaqatala YPX-nin baş inspektoru polis kiçik serjantı X14 heç bir əsaslı səbəb olmadan onu saxlamışdır. O sənədlərini təqdim etdikdən sonra o, ona sərxoşluğunun yoxlanılması üçün alkotesterdən istifadə etməsini xahiş etmişdir. O da etiraz etməyərək alkotestrdən bir dəfə üfürmüşdür. Alkotestri polis şöbəsinin binasında üfürmüş, hər hansı bir hal şahidi iştirak etməmişdir. Alkotestrdən onun nəticəsinə dair hər hansı bir kağızdaşıyıcı çıxmadı. Bunu təsdiq edən hər hansı bir şahid ifadəsi yoxdur. Onu yoxladıqları alkotestrin rekvizitləri protokolda qeyd olunmamışdır. Həmin protokolla o razı deyil ona görə ki, sərxoşluq vəziyyətini yoxlanmasına dair hər hansı bir xüsusi vasitədən istifadə edilən zaman protokolda həmin xüsusi texniki vasitənin yəni, alkotestrin göstəricisi, tipi, markası, modeli, yerləşdiyi yer, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt, dövlət yoxlamasından keçdiyini təsdiq edən sənədin nömrəsi, növbəti dövlət yoxlamasının keçirilməli olduğu vaxt protokola qeyd olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ilin 9 iyun tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsi qaydalarının 4 nömrəli əlavəsinin İİ bəndində qeyd olunur ki, texniki vasitə ilə aparılan ölçmələrin nəticələrinin təhrif olunmasına səbəb ola bilən icazəsiz sazlama və müdaxilənin qarşısının alınması məqsədi ilə texniki vasitənin konstruksiyasının proqramı təminatı daxil olmaqla onun müvafiq hissələrinə müdaxilə edilmənin məhdudluğunu təmin etməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət Dövlət Xidməti tərəfindən müvafiq qərar qəbul edilir. Adı çəkilən təşkilat tərəfindən standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikat verilir. Həmin sertifikatda texniki vasitənin etibarlılıq müddəti və ölçmə vasitəsinin adı qeyd olunur. Ona təklif edilən alkotestrin isə kimə məxsus olması, onun özünə məxsus olub-olmaması və yaxud da Zaqatala rayon Polis Şöbəsinin istifadəsində olub-olmaması barədə protokolda heç bir məlumat qeyd olunmadığına görə həmin alkotestr əsasında onun sərxoş olmağının müəyyən edilməsi qanuna ziddir. Buna görə də hesab edir ki, polis əməkdaşının əlində olan xüsusi texniki vasitə xüsusi qurma bir işin nəticəsidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol Patrulu xidməti haqqında təlimat”ın 5.1-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qayda pozuntularını qeydə alan texniki vasitələr... və digər texniki vasitələr onlardan istifadə qaydaları haqqında təlimata uyğun olaraq tətbiq edilir. Həmin maddənin qeyd hissəsində yazılmışdır ki, metroloji yoxlamadan keçməmiş və ya yoxlama şəhadətnamələrinin vaxtı keçmiş nəzarət ölçü cihazlarının tətbiqi qadağandır. Tərtib olunmuş inzibati xəta haqqında protokolun da qanun pozuntularını saymaqla bitmir. Belə ki, Daxili İşlər Nazirliyinin “Yol Patrul Xidməti haqqında təlimatı”nda qeyd olunur ki, YPX inspektoru alkotestri onun istismarı üzrə təlimata müvafiq olaraq nəqliyyat vasitəsinin sürücüsünün alkoqoldan istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətini müəyyənləşdirmək məqsədi ilə nəfəs verilməklə yoxlanılır. Müayinə olunan şəxs sərxoş olmasını etiraf edərək alkotestrin nəticəsi ilə razı qaldıqda, bu hal qanunvericiliklə müəyyən edilmiş qaydada 2 nəfər hal şahidinin iştirakı ilə sənədləşdirilir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən vaxt avtomobili idarə edərkən sərxoş vəziyyətdə olub-olmamağı yuxarıda qeyd edilən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən edilmiş sübutetmə vasitələri ilə sübut edilməli olduğundan həmin vaxt alkoqol sərxoşluğu vəziyyətində olub-olmamağı qanunla nəzərdə tutulmayan digər sübut vasitələri ilə təsdiq edilə bilməz. Çünki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları qanunvericilikdə dəqiq olaraq müəyyən edilmişdir. Belə ki, həmin vaxtı onun sərxoş olmasını müəyyən edən müayinənin nəticəsini kağızdaşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunmalı idi və bu hərəkət 2 nəfər hal şahidinin iştirakı ilə sənədləşdirilməli idi. İnzibati xəta haqqında protokolda göstəricisi, tipi, markası, modeli, yerləşdiyi yeri, dövlət yoxlamasından keçdiyi vaxt, dövlət yoxlamasının sənədinin nömrəsi və tarixi, növbəti dövlət yoxlamasının keçirilməli olduğu vaxt göstərilməyən və qanunla müəyyən edilmiş sertifikatı olmayan, eyni zamanda müayinənin nəticəsinin kağızdaşıyıcıda əks etdirməyən hər hansı xüsusi texniki vasitə ilə sərxoşluğun müəyyən edilməsi qanunsuz bir hərəkətdir. Həmin texniki vasitənin göstəriciləri onun sərxoş olmağını müəyyən etməsi qanunla qadağandır. Onun sərxoş olmağı ilə əlaqədar məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında iş üzrə tərtib olunmuş protokol qanuna zidd olaraq tərtib olunmuş, toplanmış sübutlar; şübhəli olmaqla qanuna zidd olaraq əldə edilmiş, buna görə də İXM-nin 76.2-ci maddəsini əsas tutaraq həmin Məcəllənin 53.0.2 maddəsinə görə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclası zamanı şikayət verən şəxs X12 şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Zaqatala rayon polis şöbəsinin DYPB-nin inzibati tənbeh vermə haqqında 30 aprel 2023-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsini və barəsində tərtib edilmiş 25 aprel 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanmış icraatına xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq göstərdi ki, protokolda yazılan qeydi, yəni “heç bir etirazım yoxdur, bir daha avtomobili sərxoş vəziyyətdə idarə etməyəcəm” sözlərini özü yazmışdır. Həmin qeydi yazmasının müəyyən səbəbləri var idi, lakin demək istəmir. Həmin protokol yazılan zaman hər hansı etiraz, narazılıq etməmişdir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala RPŞ-nin Dövlət yol polisi bölməsi yol patrul xidməti inspektoru, polis kiçik serjantı X14 izahatında göstərdi ki, X6 barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol və qərar qanuni, əsaslı və ədalətlidir. X12 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən qayda pozuntusunu etdiyinə görə o, inzibati qaydada 400 manat məbləğində cərimə edilmişdir. Belə ki, o, inspektor Elçin Kərimov ilə xidmətdə olduğu zaman X12 idarə etdiyi Mercedes Benz E220 minik markalı, JJ336PP qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 25 aprel 2023-cü il tarixdə hərəkətdə olarkən maşın barəsində axtarış olduğu üçün və təhlükəsizlik kəməri bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə saxlanılmışdır. Ona maşının axtarışda olması barədə və etdiyi qayda pozuntusu barədə məlumat verilmişdir. Həmin vaxt ondan spirtli içki iyi gəldiyindən yoxlanılması üçün polis şöbəsinə dəvət olunmuşdur. O özü də həmin vaxt spirtli içki içdiyini etiraf etmişdir. Bundan sonra onun qanında spirtin konsentrasiyasını müəyyən etmək məqsədi ilə ÖVY 093648 nömrəli ölçmə vasitələrinin yoxlanılması haqqında Şəhadətnamə ilə təsdiq edilmiş Alkometrlə ölçülmüş və alkoqolun miqdarının 0,582 faiz olduğu aşkar edilmişdir. Bu əsaslarla da tərəfindən X12 barəsində 25 aprel 2023-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol və protokol əsasında 30 aprel 2023-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. X6 şikayəti əsassızdır və şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Zaqatala Zaqatala RPŞ-nin Dövlət yol polisi bölməsinin əməkdaşı X7 inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala RPŞ-nin Dövlət yol polisi bölməsi yol patrul xidməti inspektoru, polis kiçik serjantı X9 izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X12 25 aprel 2023-ci il tarixdə idarə etdiyi Mercedes Benz E220 minik markalı, JJ336PP dövlət qeydiyyat nişanlı avtomobili ilə saat 19:09-da təhlükəsizlik kəməri bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə saxlanılmışdır. O, spirtli içki qəbul etdiyi üçün yoxlanılması üçün polis şöbəsinə dəvət olunmuş və onun idarə etdiyi avtomobil saxlanc üçün Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra onun sərxoşluq vəziyyəti ÖVY 093648 nömrəli Ölçmə vasitələrinin yoxlanılması haqqında Şəhadətnamə ilə təsdiq edilmiş Alkometrlə ölçülmüş və alkoqolun miqdarının 0,582 faiz olduğu aşkar edilmişdir. Buna görə onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zaqatala RPŞ-nin DYPB-nin YPX inspektoru, polis kiçik serjantı X14 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə İXP ******* saylı inzibati xəta haqqında protokol və həmin protokol əsasında 30 aprel 2023-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Protokol onu tərtib edən şəxs və X12 tərəfindən imzalanmışdır. X12 inzibati xəta törətməməsini əsas göstərərək inzibati tənbeh vermə haqqında 30 aprel 2023-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş İN 641652 nömrəli Alkometr cihazının qəbzindən görünür ki, operator Elvin tərəfindən Əhmədov soyadlı sürücünün müayinəsi saat 19:06da keçirilmiş və 0,582 faiz alkoqol miqdarı aşkarlanmışdır. İş materiallarına əlavə edilmiş ÖVY 093648 nömrəli Ölçmə vasitələrinin yoxlanılması haqqında Şəhadətnamədən görünür ki, Almaniya istehsalı olan zavod nömrəsi 641652 oln ACEZ-Series tipli Alkometr cihazında hər hansı nöqsan aşkar edilməmişdir. Yoxlama tarixi xx.xx.2023, növbəti yoxlama tarixi xx.xx.2023. İş materiallarına əlavə edilmiş avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə 25 aprel 2023-cü il tarixli aktdan görünür ki, X6 idarə etdiyi Mercedes Benz E220 minik markalı, JJ336PP qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanca qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 25 aprel 2023-cü il tarixli iltizamdan görünür ki, X3 Aydın Məmməd oğluna məxsus Mercedes Benz E220 minik markalı, JJ336PP qeydiyyat nişanlı nəqliyyat vasitəsini ünvana qədər sürüb aparmağa söz vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, öz mövqeyini şikayətində göstərdiyi bir neçə hallarla əsaslandırmışdır. Hansı ki, onun şikayətinin dəlilləri ondan ibarətdir ki, ilk öncə qeyd edir ki, onu polis əməkdaşları heç bir əsas olmadan saxlamışlar. Bununla bağlı məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən görünür ki, X12 idarə etdiyi Mercedes Benz E220 minik markalı, JJ336PP qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 25 aprel 2023-cü il tarixdə hərəkətdə olarkən maşın barəsində axtarış olduğu üçün və təhlükəsizlik kəməri bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə saxlanılmışdır. Ona görə də, onun bu dəlili əsassızdır. Bundan başqa, şikayətçi qeyd edir ki, onu yoxlayan alkotestrə hər hansı sertifikat verilməmişdir. Bununla bağlı isə məhkəmə qeyd edir ki, işdə olan ÖVY 093648 nömrəli Ölçmə vasitələrinin yoxlanılması haqqında Şəhadətnaməsindən görünür ki, Almaniya istehsalı olan zavod nömrəsi 641652 oln ACEZ-Series tipli Alkometr cihazında hər hansı nöqsan aşkar edilməmişdir. Yoxlama tarixi xx.xx.2023, növbəti yoxlama tarixi xx.xx.2023. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X6 şikayətdə göstərdiyi xüsusatlar barəsində qəbul edilmiş Zaqatala rayon polis şöbəsinin DYPB-nin inzibati tənbeh vermə haqqında 30 aprel 2023-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün də heç bir hal yoxdur. Məhkəmə şikayətdə göstərilən hallara qiymət verərək qeyd edir ki, X6 göstərdiyi xüsusatlar işdə olan sübutlarla təkzib olunur. Belə ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi protokol tərtib edən şəxsin, şahidin izahatları və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Şikayətçinin şikayətində göstərdiyi hallar heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Həmin hallar formal mülahizələrdən ibarət olmaqla iş üzrə icraata xitam verilməsi və onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 96.1.4-cü maddəsinə əsasən dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasına güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda, fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5-cı maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Həmin Məcəllənin 96.6-cı maddəsinə əsasən sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.7-ci bəndində də göstərilir ki, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin qərarın 2.4-ci bəndində isə göstərilir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X2nun şikayətində göstərdiyi xüsusatlar iş materiallarında olan sübutlarla təkzib olunur, şikayətdə göstərilən hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Məhkəmə şikayətin yuxarıda qeyd edilən dəlillərini ümumilikdə əsassız hesab edir və həmin dəlilləri inzibati məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərdən də görünür ki, X12 barəsində İXM-nin 333.1-ci maddəsi ilə tərtib ediləcək protokol ilə bağlı heç bir etiraz etməmiş, məhkəmə iclası zamanı da protokolda yazılmış qeydləri özü yazdığını bildirmiş, həmin vaxt hər hansı etiraz etmədiyini də qeyd etmişdir. Alkotestrin göstəricisi ilə də razılaşmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş İXP ******* saylı protokoldan da görünür ki, X12 “heç bir etirazım yoxdur, bir daha avtomobili sərxoş vəziyyətdə idarə etməyəcəm” qeydini yazmışdır. Həmçinin iş materialllarına əlavə edilmiş “nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinə göndərilmə” barədə protokoldan görünür ki, X1 spirt qoxusunun gəlməsi səbəbindən ona məxsus Mercedes Benz E220 minik markalı, JJ336PP dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iltizamla ayıq sürücüyə təhvil verilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş 25 aprel 2023-cü il tarixli iltizamdan görünür ki, X8 BC dərəcəli AB528879 saylı sürücülük vəsiqəsi var. X10 məxsus Mercedes Benz E220 minik markalı, JJ336PP dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ünvana qədər sürüb aparmağa söz verir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, protokol tərtib edən şəxsin və şahidin izahatları ilə yanaşı, işdə olan sübutlarla da X6 25 aprel 2023-ci il tarixdə, idarə etdiyi Mercedes Benz E220 minik markalı, JJ336PP dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən təhlükəsizlik kəməri bağlamadan nəqliyyat vasitəsini idarə etməsi və eyni zamanda sərxoşluq vəziyyətinin müayinəsi zamanı sərxoş olduğu müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6 əməlində İXM-in 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması İXM-də nəzərdə tutulan qaydada tam sübuta yetirilmişdir. Göstərilən əsaslarla məhkəmə ümumilikdə X2nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X6 “Zaqatala rayon polis şöbəsinin DYPB-nin inzibati tənbeh vermə haqqında 30 aprel 2023-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi və 25 aprel 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar