Məhkəmə qərarları › İş №3(033)-164/2024

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-164/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-164/2024 11.06.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin polis polkovnik leytenantı X7 tərəfindən barəsində xx.xx.2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında qərara əsasən tətbiq edilən cərimənin üzərinə hesablanmış dəbbə pulunun silinməsi barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş İXM-nin 469.3 və 332.3-cü maddələri ilə inzibati tənbeh vermə haqqında qərarı vaxtında bildirilmədiyinə görə cərimənin üzərinə gələn əlavə manatın silinməsinə köməklik göstərilməsini xahiş etmişdir. Şikayət verən X4 şikayət ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:54 raddələrındə İXM-nin 339.1-1 və 332.2-ci maddələri ilə barəsində tərtib edilmiş EQ 17428139 saylı protokol ona göndərilməmiş, hətta “SMS” vasitəsi ilə xəbər verilməmişdir. DİN-“102" və BDYPİ-nin “902“ qaynar xəttinə müraciət etsə də, barəsində tərtib edilmiş imzibati Xata haqqında protokolu ala bilməmişdir. Lakin xx.xx.2024-cü ildə rəsmi BDYPİnə müraciət etsə də, xx.xx.2024-cü il tarixdə Tərtər rayon Dəmirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik məktubun cavabı Zaqatala şəhərinə göndərmişdir. Şikayət verən şəxs X4 şikayət ərizəsini müdafiə edərək şikayətində göstərilənlərə uyğun izahat verdi və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, surəti işdə olan səlahiyyətli orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin polis polkovnik leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən, X4 Azərbaycan Respublikası İXM-in 339.1-1, 332.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 339.1-1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətdiyini inkar etməmiş, o, inzibati tənbeh vermə haqqında qərar ona vaxtında bildirilmədiyinə görə cərimənin üzərinə gələn əlavə manatın silinməsinə köməklik göstərilməsini xahiş etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, X2 rayonu, Dəmirli kəndində rəsmi qeydiyyatdadır. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkülərin işləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Şəki-Zaqatala-Balakən Rayonları Mənzil- Kommunal İstismar sahəsi tərəfindən verilmiş 03 iyun 2024-cü il tarixli 82 saylı arayışdan görünür ki, X4 hal-hazırda Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə bina 2, mənzil 19 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə göstərilənlərə məcmu halda qiymət verərək qeyd edir ki, X1 şikayətində inzibati xətanı törətməsini mübahisələndirməmiş, həmin inzibati xətaya görə barəsində 100 manat məbləğində cərimə edilməsi haqqında inzibati tənbeh növü tətbiq edilməsi barədə qərara əsasən hesablanmış dəbbə pulunun silinməsini xahiş etmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsində qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin qərara əsasən hesablanmış dəbbə pulunun silinməsi barədə qərar qəbul edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X3 şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsində qərara əsasən hesablanmış dəbbə pulunun silinməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Göstərilən əsaslarla məhkəmə X1nun şikayəti il razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X3 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin polis polkovnik leytenantı X7 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş qərara əsasən tətbiq edilən cərimənin üzərinə hesablanmış dəbbə pulunun silinməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar