Məhkəmə qərarları › İş №3(033)-168/2021

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-168/2021

11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-168/2021 11.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Baş yol patrul xidməti inspektoru, polis serjantı X5 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis X1 Bölməsinin polis kapitanı X4 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx xxx 1986-cı il tarixdə Zaqatala rayonu Muxax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, eyni inzibati xətanı il ərzində təkrar törətməmiş, Zaqatala rayonu Muxax kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 329.3, 332.1, 334.1 və 535.1-ci maddələri ilə Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 11 mart 2021ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir ondan ötrü ki o, 11 mart 2021-ci il tarixdə saat 02:00 radələrində Zaqatala rayonu Dardoqqaz kəndində polisin qanuni tələbinə tabe olmamışdır. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan materiallar baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Həmçinin, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 329.3, 332.1 və 334.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 11 mart 2021-ci il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 11 mart 2021-ci il tarixdə saat 02:00 radələrində VAZ 21063 minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan idarə etmiş, işıq cihazlarından istifadə qaydalarını pozmuş, nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnamə olmadan sərxoş vəziyyətdə idarə etmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 329.3, 332.1 və 334.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Zaqatala Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərardadı ilə Şəxs İnzibati Xətalar Məcəlləsinin 329.1, 329.3, 332.1 və 334.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(033)-169/2021 nömrəli işin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(033)- 168/2021 nömrəli işə birləşdirilməsi və onlara bir icraatda baxılması qərara alınmışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis X1 Bölməsinin polis kapitanı X6 məhkəmə iclasında verdiyi izahatında protokolu müdafiə etdiyini bildirdi. Eyni zamanda bildirdi ki, Zaqatala RPŞ-nin PPXB-nın polis əməkdaşları 11 mart 2021-ci il tarixdə saat 02:00 radələrinə Zaqatala rayonu Dardoqqaz kəndində xidmətdə olarkən kəndin meşə ərazisindən Balakən rayonuna gedən yolda VAZ 21063 minik markalı ** BK *** nömrəli avtomobilin dayandığını görmüşlər. Həmin avtomobilin işıqlarının yanılı vəziyyətdə olmasından şübhələnmişlər. Bu səbəbdən həmin avtomobilə yaxınlaşdıqda görmüşlər ki, həmin avtomobildə sürücü, bir qadın və bir kişi vardır. Onlara özlərini təqdim etdikdən sonra onlardan kim olduqlarını, nə məqsədlə gecə vaxtı orada dayandıqlarını soruşmuşlar. Həmin vaxt avtomobildə spirtli içki şüşələri görmüşlər. Bu vaxt sürücü və sərnişinlər özlərini təqdim etməkdən imtina etmişlər. Onlar dəfələrlə həmin şəxslərə özlərini təqdim etmələrini xahiş etsələrdə, onları polisin qanuni tələbinə tabe olmamış, özlərini təqdim etməmişlər. Sürücü Şəxs sənədləri tələb edildikdə sənədlərinin olmamasını bildirmişdir. Sürücünün sərxoş olduğu hiss edildiyindən onlar Zaqatala Rayon Polis Şöbəsinə dəvət edilmişdir. O, Zaqatala Rayon Polis Şöbəsinə gətirildikdən sonra izahatı alınmış, tibbi müayinədən keçirilmiş və onun yüngül dərəcəli sərxoş vəziyyətdə olduğu müəyyən edilmişdir. Onun törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olduğundan barəsində 11 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona cərimə cəzası verilməsinə etiraz etmir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Baş yol patrul xidməti inspektoru, polis serjantı X7 məhkəmə iclasında verdiyi izahatında protokolu müdafiə etdiyini bildirdi. Həmçinin göstərdi ki, Zaqatala RPŞ-nin PPXB-nın polis əməkdaşlarının yazdığı raport əsasında Şəxs 11 mart 2021-ci il tarixdə saat 02:00 radələrində VAZ 21063 minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan idarə etməsi, işıq cihazlarından istifadə qaydalarını pozması, nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnamə olmadan sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 329.3, 332.1 və 334.1-ci maddələrinin tərkibi olduğundan 11 mart 2021-ci il tarixdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 329.3, 332.1 və 334.1-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü təqsirli bilərək göstərdi ki, o, o hər iki protokolda göstərilən inzibati xətaları törətmişdir. O inzibati xətanı törətdiyini etiraf edərək, əməlindən səmimi peşman olduğunu, ilk dəfə inzibati xəta hadisəsi törətdiyini, səhvini etiraf etdiyini, ailəli olduğunu, ailədə yalnız özünün işlədiyini bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İnzibati xəta materiallarına əlavə edilmiş 11 mart 2021-ci il tarixli “Sərxoşluq vəziyətinin tibbi müayinə aktı”ndan görünür ki, Şəxs yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur. İnzibati xəta materiallarına əlavə edilmiş 11 mart 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 11 mart 2021-ci il tarixdə saat 04:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxslərin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında 11 mart 2021-ci il tarixli protokolları nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 329.3, 332.1, 334.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafından başqa, həm də iş üzrə toplanmış materiallarla tam sübuta yetirilmişdir. Ona görə də o, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-otuz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 329.3, 332.1, 334.1 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 329.3, 332.1, 334.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğundan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin xətalardan (cərimə inzibati tənbeh tədbirinə münasibətdə) daha ciddi xəta olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı onun əməlini etiraf etməsi, əməlindən səmimi peşmançılıq çəkməsi və inzibati xətanı sərxoş halda törətməsi müəyyən edildi. Şəxs əməlini etiraf etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci və 32.1.1-ci maddələrinə görə inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Lakin həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Ona görə də hesab edirəm ki, “inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi” X3 təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin tərkib əlaməti kimi nəzərdə tutulduğundan onun inzibati xətanı sərxoş halda törətməsi inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını, əksinə məsuliyyəti yüngülləşdirən halların olmasını, onun şəxsiyyətini və əmlak vəziyyətini, həmçinin inzibati həbsin tətbiq edilməsi üçün hər hansı müstəsna halın olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 89.5-ci madəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, inzibati xəta törətmiş şəxs tutulduğu vaxt sərxoş halda olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbləri onun barəsində tətbiq edilə bilməz. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilməlidir. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 128-130-cu maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 329.3, 332.1, 334.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və Zaqatala Rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar