Məhkəmə qərarları › İş №3(033)-168/2024

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-168/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-168/2024 30.05.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, X3 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Vəkil və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X5 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Zaqatala rayonuda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(033)- 28/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 300 (üç yüz) saat müddətinə ictimai işlər cəzasına məhkum edilmiş, Zaqatala rayonu, Yuxarı Tala kəndində qeydiyyatında olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 30 may 2024cü il tarixli MN seriyalı ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Zaqatala şəhəri, Z.Əliyeva küçəsidə, “Bazar Store”da və xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində sərxoş vəziyyətdə yaşadığı evin həyətində və küçədə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis kapitanı X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, X4 xx.xx.2024-cü il tarixdə Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə 23 radələrində işdən evə getdiyi zaman əri Şəxs sərxoş vəziyyətdə qısqanclıq zəmnində, evə onunla və valideyinləri ilə münaqişə edərək nalayiq ifadələr təhqir etməsini bildirmiş və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə Əmircanova Ceyhunənin yoldaşı Elmanın münaqişə yaratması və ev əşyalarını dağıtması barədə məlumatı qeydiyyat kitabında qeyd edilmiş, həmin tarixdə Əmircanova Ceyhunə ərizə ilə müraciət edərək əri barədə tədbir görülməsini xahiş etmişdir. Eyni məzmunlu ərizə xx.xx.2024-cü il tarixdə də Şöbəyə daxil olmuşdur. Göstərilənlərə əsasən Şəxs şöbəyə dəvət olunmuş, onun izahatı alınmışdır. Onun haqqında 30 may 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində qanuna müvafiq qaydada qərar edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, Zaqatala rayonu, Yuxarı Tala kəndində ailəsi ilə birgə yaşayır. 2004-cü ildə Ceyhunə ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarında dörd uşaqları dünyaya gəlmişdir. İçkili olduğu zaman ailəsində münaqişə yaranmış, buna səbəb isə yoldaşının “Bazar Store”da xadimə işləməsi və evə gec saatlarda gəlməsi olmuşdur. O isə buna narazılıq etmiş, sərxoş olduğundan mübahisə edərək yoldaşının ünvanına nalayiq ifadələr işlətmişdir. Həmçinin sərxoş vəziyyətdə yoldaşının işlədiyi “Bazar Store”a gedərək yoldaşına qarşı ünvanlı nalayiq ifadələr işlətmiş, buna səbəb isə həmin gün işə getməsini istəməməsi olmuşdur. O bu hadisələrdə nalayiq ifadələri ucadan deməmiş, belə ki, evdə olan zaman atası, anası, uşaqları olmuş, “Bazar Store”də isə sadəcə iş yoldaşları eşitmişlər. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil çıxış edərək hüquqlarını müdafiə etdiyi Elman Cumayeviçin nalayiq ifadələri ucadan istifadə etmədiyini, həmin ifadələri yanlız yoldaşı və ailə üzvləri eşitməsini bununla da ictimai qaydanı pozmadığından onun barəsində olan inzibati xəta materiallarına xitam verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, o, Zaqatala rayonu, Yuxarı Tala kəndində ailəsi ilə birgə yaşayır. 2004-cü ildə Şəxsla ailə həyatı qurmuşdur. Dörd övladları vardır. Bir övladları artıq ailə həyatı qurmuşdur. İki ilə yaxındır ki, şəhərdə olan evlərini satıb Yuxarı Talada ev alaraq ora köçmüşdürlər. Yoldaş Elman hər gün spirtli içki qəbul edir və qayınatasını, qayınanasını, uşaqları, onu narahat edir, daim münaqişələr yaradır, ev əşyalarını qırır, dağıdır, həmçinin evdə, küçədə ucadan qışqıraraq nalayiq söyüşlər söyür, işlədiyi “Bazar Store”yə gələrək sərxoş halda onu nalayiq ifadələrlə təhqir edir, onu ölümlə hədələyir. xx.xx.2024-cü il tarixdə saat 23:20 radələrində evə gedən zaman yenə də sərxoş halda həyətdə qışqıraraq onu təhqir etmişdir. Barəsində qanuni tədbir görülməsini xahiş edir. İnzibati xəta materiallarına əlavə edilmiş 29 may 2024-cü il tarixli 309 saylı “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müşahidə olunur. İnzibati xəta materiallarına əlavə edilmiş X2 izahatında görünür ki, Şəxs onun oğludur. O mütəmadi olaraq spirtli içki qəbul edir və evdə onu ailə üzvlərini təhqir edir, onlarla münaqişə edir. Bütün qonşular, küçədən keçənlər onun nalayiq ifadələrini eşidir və narazılıq edirlər. İnzibati xəta materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Şəxs Zaqatala rayon, Yuxarı Tala kəndində yaşadıqları evdə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində atası Cuma Əmircanovla aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə vaxtı yumruqla atası Cuma Əmircanovun sifətinə bir zərbə vuraraq sağ göz ətrafında qançır, sağ gözün ağlı qişasına qansızma ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən Cuma Əmircanovun sağlamlığına yüngül zərər vurmuşdur. Odur ki, tərəflər arasında gələcəkdə neqativ hadisələrin, cinayət hadisələrinin baş verməməsi üçün tərəflərin münaqişəli ailə kimi qeydiyyata alınması məqsədilə qərarın surətinin aidiyyəti üzrə verilməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. İnzibati xəta materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(033)-28/2024 saylı hökmündən görünür ki, Şəxs 15 dekabr 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən evin yataq otağında alkoqol sərxoşluğu vəziyyətində aralarında yaranmış şəxsi münasibətlər zəminində başlayan mübahisə zamanı qisas almaq niyyəti ilə yumruqla qoca olan atası Cuma Əmircanovun sifət nahiyyəsinə bir dəfə vurub ona sağ göz ətrafında qançır, sağ gözün ağlı qişasına qansızma ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128- ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 300 (üç yüz) saat müddətinə ictimai işlər cəzasına məhkum edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin və şahidin izahatları və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Məhkəmə Şəxs izahatına hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, yoldaşına və digər ailə üzvlərinə qarşı ünvanlı və ya ünvansız ucadan nalayiq söyüşlər söyməməsi ilə bağlı izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun hazırki izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və bu səpkidə izahatı işin faktiki hallarını əks etdirmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə tövsif olunmalıdır. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə tövsif olunmalıdır. Zaqatala RPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sərxoş halda inzibati xəta törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini yüngülləşdirən hallar mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci və 32.1.1-ci maddələrinə görə inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halın olmasını, məsuliyyəti yüngülləşdirən halın olmamasını, onun şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib inzibati həbs edilməsinin əvvəli 30 may 2024-cü il tarixdən saat 11:55-dən hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada məhkəmə iclası zalından həbs edilsin. Həbs etmənin əvvəli onun həbsə alındığı 30 may 2024-cü il tarixdən saat 11:55-dən hesablansın. Qərarın icrası Zaqatala Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Qərarın surəti inzibati xətanı törədən şəxsə, müdafiəçiyə, Zaqatala Rayon Şöbəsinə təqdim edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar