Məhkəmə qərarları › İş №3(033)-173/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-173/2023

05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-173/2023 05.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Şikayət verən şəxs X2 və inzibati tənbeh vermə haqqında qərar qəbul edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala regional Şöbəsinin nümayəndəsi X1 iştirakları ilə Şikayət verən şəxs X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 26 may 2023-cü il tarixli MN ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şikayət verən şəxs X5 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş MN ******* №-li, xx.xx.2023-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan, qanunvericiliyin tələbləri pozulmaqla qəbul olduğundan, əməlində inzibati xəta hadisəsi və inzibatı xəta tərkibi olmadığından həmin qərarı ləğv edib, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala Regional şöbəsinin əməkdaşları tərəfindən “Oba Market" MMC-yə məxsus Zaqatala şəhəri, F.Əmirov 43 ünvanında yerləşən “Oba” marketdə yoxlama apararkən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol əsasında şöbənin rəisi tərəfindən barəsində MN ******* №-li, 26 05.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikasının İXM-nin 198.1.5-ci maddəsinə istinadən 1000 manat məbləğində cərimə tətbiq edilmişdir. Hesab edir ki, barəsində tətbiq edilən inzibati tənbeh vermə haqqında qərar əsassızdır və ləğv edilməlidir: Belə ki, Azərbaycan Respublikasının 2 iyul 2013-cü il tarixli, 714-İVQ nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Belə olan halda aparılan yoxlama Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən qeydiyyata alınmadığı üçün nəticələr ləğv edilməlidir. Bundan başqa qərar qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri də pozulmuşdur. Qanunvericiliyin tələbinə görə qərarın qəbul edilməsi üçün kifayət qədər sübutlar mövcud olmalıdır. Fakt üzrə yoxlama aktı tərtib olunmalı idi və izahatı alınmalı idi, lakin bu prosedurlar da bölmənin əməkdaşları tərəfindən pozulmuşdur. Protokola hər hansı bır foto və ya videogörüntü də əlavə edilməmişdir ki, ümumiyyətlə inzibati xəta hadisəsinin baş verib-verməməsini yoxlamaq olsun. Qərarda göstərilən inzibati xətanın maddəsi, yəni İXM-nin 198.1.5-ci maddəsində normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə qaydaların pozulması qeyd olunmuşdur. Amma hansı standartlar, tələblər pozulub bu fakt heç bir sübutedici sənədlərdə öz əksini tapmamışdır. Belə ki, 2022-ci ilin dekabr-yanvar aylarında mağazada ondan əlavə üç işçi çalışmış və həmin işçilər “Yeni il” bayramı ilə əlaqədar olaraq, bayram günlərində özlərinin razılıqları müəyyən edilmiş iş saatından əlavə mağazada çalışmışlar. Həmin işçilərlə şirkət arasında bağlanmış müqaviləyə əsasən əgər işçi iş saatından artıq işləyərsə əmək qanunvericiliyinə əsasən əlavə əmək haqqı almalıdırlar. Müvafiq qanunvericiliyin göstərişlərinə uyğun olaraq həmin işçilər artıq işlədikləri iş saatlarına uyğun əmək haqqı almışlar. Əlavə olaraq da qeyd edir ki, həmin işçilər tamamilə öz razılıqları ilə iş saatından artıq işləmişlər. Həmçinin işlədikləri zaman da bundan narazı olmamışlar. İşçilərin ikisi yanvar ayında digəri isə mart ayının əvvəlində öz ərizələri ilə işdən çıxmalarına baxmayaraq, həmin hadisədən 5 ay keçdikdən sonra barəsində şikayət vermişlər. Hesab edir ki, işçilərin onun barəsində olan şikayəti məqsədyönlü xarakterdədir və heç bir hüquqi əsası yoxdur. Beləliklə, səlahiyyətli orqanın vəzifəli şəxsi - şöbənin rəisi tərəfindən qərar qəbul edilərkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş, inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmiş və gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinə görə törədilən inzibati xətanın mahiyyəti dəqiq göstərilməlidir. Həmçinin inzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Zaqatala rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə şikayət qismən təmin edilərək "xxxx" MMC-nin administratoru X5 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN1292418 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala regional Şöbəsiniə qaytarılması qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala regional Şöbəsi tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsində xx.xx.2023-cü il tarixdə baxılmış, Zaqatala rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Şikayət verən şəxs X5 məhkəmə iclası zamanı qərarla müəyyən edilmiş cərimə məbləğinin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, qərarda qeyd olunan hallar işin marketdə çox olan bayram vaxtı olmuşdur. İşçilər könüllü olaraq vaxtdan artıq qalıb işləməyə razı olmuçlar, qeyd olunan nöqsanlar artıq onların diqqət mərkəzində olmaqla tərəflərindən nöqsanlara yol verilmir. Məhkəmə iclası zamanı qərar qəbul edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala regional Şöbəsinin nümayəndəsi X3 izahatında göstərdi ki, vəzifəli şəxs X6 – "xxxx" MMC-nin administratoru Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89 və 99-cu maddələrinin tələblərini pozaraq "xxxx"-in satıcıkassirləri hər gün 8 saat işləməli olduqları və sonuncuların öz razılıqları ilə əmək funksiyalarını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirmələri barədə həmin cəmiyyətin direktorunun əmri (sərəncamı, qərarı) olmadığı halda, işçiləri 10-15 saat işlətməklə qanunsuzluğa yol verərək əməyin mühafizəsi qaydalarını pozmuş, yəni normal əmək və istirahət rejiminə riayət etməmişdir. Bu fakt Zaqatala Rayon Prokurorluğu tərəfindən aşkar edilmiş və Zaqatala rayon prokuroru tərəfindən xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala regional Şöbəsinə göndərilmişdir. X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında ******* nömrəli qərarla inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq xx.xx.2023-cü il tarixli, MN1292418 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını və şikayətin təmin olunmamasını xahiş edir. Məhkəmə şikayət verən şəxs X2 şikayətini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2023-cü il tarixli, MN1292418 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN1292418 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin administratoru X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, X2 barəsində İXM-nin 198.1.5-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün toplanmış materiallar qərarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, X2 barəsində İXM-nin 198.1.5-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmış və baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətindən daxil olmuş materialla və iş materiallarına əlavə edilmiş sübutlarla tam təsdiq olundu. İnzibati xəta törədilməsi müəyyən edildiyindən onun inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi düzgün nəticəyə gəlmişdir. Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 198.1.5-ci maddəsinə əsasən normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə-beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə hesab edir ki, işəgötürən "xxxx" MMC-nin administratoru X2 əməlinə düzgün hüquqi qiymət verilərək o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən təqsirli bilinib xx.xx.2023-cü il tarixli, MN1292418 nömrəli qərarla inzibati məsuliyyətə cəlb edilmişdir. Eyni zamanda X2 törətdiyi xəta uzanan inzibati xəta olduğundan inzibati xətanın aşkara çıxarıldığı gündən inzibati tənbeh tətbiq edilənədək 3 ay müddət keçməmişdir. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X2 barəsində həmin maddədə nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilərkən onun əməlini yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X10 tərəfindən tam və hərtərəfli araşdırılmamış və onun əməlində yüngülləşdirici halların olması nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, MN1292418 nömrəli qərarda X2 təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin yuxarı həddində təyin edilməsi əsaslandırılmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 peşmançılıq çəkməsini və törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 32.1 və 32.1.7-ci maddələrinə əsasən inzibati tənbeh tətbiq edilərkən, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi məsuliyyəti yüngülləşdirən hal hesab edilir Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 134.1 və 134.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq çıxarılan qərarlardan biridir. Həmin Məcəllənin 135.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1 və 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi maddənin sanksiyasında daha yüngül həddə cərimə tənbehi olduğu halda X4 daha sərt olan ən yuxarı həddə cərimə tənbehini tətbiq etməklə səhvə yol vermiş və bu tənbeh inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinən X2 şəxsiyyətinə uyğun olmamışdır Bundan başqa, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr işin faktiki hallarına və tətbiq edilmiş tənbeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-34-cü maddələrinin tələblərinə də uyğun deyildir. Qeyd olunanlar da qərarın dəyişdirilməsi üçün əsasdır. Şərh edilənlərə hüquqi qiymət verərək işin yuxarıda qeyd olunan halları və tənbehin islah təsiri baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 şəxsiyyəti, ilk dəfə inzibati xəta törətməsi, törətdiyi xətanın xarakteri, təqsirinin dərəcəsi və məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmaqla ona təyin edilmiş 1000 (bir min) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri sərt olduğundan dəyişdirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə, yəni 750 (yeddi yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri ilə əvəz edilməli, bu əsasla da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN1292418 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-131 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət qismən təmin edilsin. "xxxx" MMC-nin administratoru X5 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Şəki-Zaqatala Regional Ərazi Şöbəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN1292418 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin administratoru X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə təqsirli bilinib 750 (yeddi yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şikayət qalan hissədə təmin olunmasın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar