Məhkəmə qərarları › İş №3(033)-174/2024

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-174/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-174/2024 05.06.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs haqqında Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xətaya dair iş materiallarını nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: Zaqatala Rayon Məhkəməsinin icraatına Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol daxil olmuşdur. Protokolu və əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən, müəyyən edildi ki, təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materiallar natamam olmuşdur. Aşağıdakılara görə məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İnzibati Xətalar Məсəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Belə ki, iş materiallarında qeyd edilən sorğunun Şəxsnə çatdırılmasına dair mötəbər sübut yoxdur. Məhkəməyə təqdim olunmuş “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədə isə sorğunun şəxsən təqdim edilməsi göstərilsə də, sorğunun kim tərəfindən və nə zaman təhvil alınmasını müəyyən etmək mümkün deyildir. Məhkəmə həmin poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin iş materiallarında olan poçt xəbərnaməsində İXM-nin göstərilən tələblərinə riayət edilməmişdir. Həmçinin poçt xəbərnaməsində göndərişin şəxsən verildiyi qeyd olunmuş şəxsin kim olmasını, sözügedən cəmiyyətdə hansı vəzifə tutmasını və cəmiyyətə nə aidiyyatının olmasını isə müəyyən etmək mümkün deyildir. Odur ki, inzibati xətanı törətmiş nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsi barədə səlahiyyətli orqanın (vəzifəli şəxsin) sorğusunun Şəxsnə çatdırılması öz təsdiqini tapmır. Həmçinin inzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs nümayəndəsinin iştirakı təmin edilərək ona hüquq və vəzifələri izah edilməmiş və bu barədə protokolda heç bir qeyd aparılmamışdır. Halbuki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bir qayda olaraq hər bir şəxsə onun barəsində aparılan icraatla bağlı hüquq və vəzifələri dərhal izah edilməli, eləcə də onun hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq qeyd aparılmalıdır. Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; Həmin məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati orqan cəmiyyətin səlahiyyətli nümayəndəsini inzibati araşdırmada iştiraka cəlb etməməklə hüquqi şəxsin qeyd edilən hüquqlarını əlindən almış və prosessual pozuntuya yol vermişdir. Göründüyü kimi, qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, sözügedən maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Lakin protokol tərtib edən orqan tərəfindən qeyd edilən qanunverciliyin tələblərinə əməl edilməmişdir. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında protokol - həmin Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunmamış, qeyd edilən pozuntuları işə baxılarkən aradan qaldırmaq mümkün deyildir. Buna görə də, inzibati xəta haqqında tərtib edilmiş protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı m: Zaqatala Rayon Məhkəməsinə göndərilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan protokol və olan əlavə edilmiş materiallar onu tərtib etmiş orqana, yəni Zaqatala Rayon Polis Şöbəsinə qaytarılsın. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar