Məhkəmə qərarları › İş №3(033)-182/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-182/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-182/2025 06.03.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, Şikayət verən şəxs X2 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayonu yol patrul xidməti inspektoru, polis kiçik serjantı X3 iştirakları ilə, Şikayət verən şəxs X2 Zaqatala rayonu yol patrul xidməti inspektoru, polis kiçik serjantı X4 tərəfindən barəsində xx.xx.2025-ci il tarixdə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işin icraatına xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş hüquqlarının bərpa olunmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Şikayət verən şəxs X5 şikayət ərizəsində göstərmişdir ki, o xx.xx.2025-ci il saat 23:00-00:00 aralığında baş vermiş hadisəyə görə müraciət etmişdir. Belə ki, həmin saatda idman məşqindən evə qayıdarkən Zaqatala rayonu Yol patrul inspektoru polis kiçik serjantı X4 reyd keçirildiyini əsas gətirərək (Reydin keçirilməsi ilə bağlı hər hansı sənəd göstərmədən) avtomobilində quraşdırılmış “led” lampalarını səbəb gətirərək onu saxlamış və “led” lampalarına görə avtomobilini duracağa yerləşdirməyi qərara almışdır. O bununla bağlı etiraz etdikdə “tabesizlik nümayiş etdirməyin” deyərək ondan razılıq almadan və icazəsiz ona məxsus avtomobilinin sükanı arxasına keçmiş və duracağa yerləşdirilməsini təmin etmişdir. (İnzibati Xətalar Məcəlləsinin 96-ci maddəsinin pozulması). Avtomobildə olan nasazlığı yerində aradan qaldıraraq hərəkətə davam etmək istədimiş ancaq buna icazə verilməmişdir. Duracağa yerləşdirildikdən 12 saat sonra avtomobilə protokol yazılmışdı. Protokolda yazılmış inzibati xəta doğru təyin olunmayıb. Tədbiq olunan inzibati xəta “342.2.2. normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə” görədir. Ancaq tətbiq olunmalı olan inzibati xəta “Xarici işıq cihazları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına” görə olmalıdır. Şikayət verən şəxs X5 şikayət ərizəsini müdafiə edərək ona uyğun izahat vermiş, Led işıq cihazları ilə bağlı bir maddənin olmadığını qeyd edərək barəsində başlanmış icrata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayonu yol patrul xidməti inspektoru, polis kiçik serjantı X4 izahatında göstərdi ki, X2 barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol qanuni, əsaslı və ədalətlidir. X5 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən qayda pozuntusunu etdiyinə görə onun barəsində protokol tərtib edilib. İlkin Həbilov avtomobilə Led işıq cihazları yerləşdirib və qanunla buna icazə yoxdur və həmin cihazlar əlavə avadanlıq hesab edilir. Ona etdiyi qayda pozuntusu barədə məlumat verilmiş və bu əsasla da tərəfindən X5 barəsində xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X5 30 yanvar 2025-ci il tarixdə idarə etdiyi “Vaz2108” markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilinə normativ tələblər pozmaqla əlavə Led işıq cihazları quraşdırmaqla nəqliyyat vasitələrinin istismarı qaydalarını pozduğuna görə onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zaqatala rayonu yol patrul xidməti inspektoru, polis kiçik serjantı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. X5 inzibati xəta törətməməsini əsas göstərərək barəsində başlanmış işin icraatına xitam verilməsini xahiş edir. Avtoservis 662 tərəfindən verilmiş rəydən görünür ki, “Vaz2108” markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən nəqliyyat vasitəsinin normativ tələbləri pozulmaqla, avadanlığın quraşdırılması aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə-yüz əlli manat məbləğində cərimə edilir. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə tərəfindən şikayət verən şəxs X2 xahişi nəzərə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zaqatala rayonu yol patrul xidməti inspektoru, polis kiçik serjantı X4 tərəfindən xətanın aşkarlanmasına dair aparılmış video çəkilişlər CD diskə köçürülərək məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zaqatala rayonu yol patrul xidməti inspektoru, polis kiçik serjantı X3 təqdim etdiyi qeydə alınmış çəkilişlərə məhkəmə iclasında baxış zamanı X1nun 30 yanvar 2025-ci il tarixdə idarə etdiyi “Vaz2108” markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilində Led işıqlar adlanan işıq cihazlarının quraşdırılması bununla da nəqliyyat vasitələrinin istismarı qaydalarını pozduğu müəyyən edildi. İşin hallarından müəyyən edildi ki, X2 göstərdiyi hallar həqiqəti əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nun izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, X5 oğlunun və protokol tərtib edən şəxsin izahatları ilə yanaşı, tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zaqatala rayonu yol patrul xidməti inspektoru, polis kiçik serjantı X3 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlərə məhkəmə iclasında baxış zamanı da X2 30 yanvar 2025-ci il tarixdə, idarə etdiyi “Vaz2108” markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobilində avadanlıq quraşdırmaqla nəqliyyat vasitələrinin istismarı qaydalarını pozduğu müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə X1nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 “Zaqatala rayonu yol patrul xidməti inspektoru, polis kiçik serjantı X4 tərəfindən barəsində xx.xx.2025-ci il tarixdə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işin icraatına xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar