Məhkəmə qərarları › İş №3(033)-186/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-186/2023

09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-186/2023 09.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X6, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X8 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-09 avqust 1978-ci il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Zaqatala rayonu Əliabad qəsəbəsində pasport qeydiyyatında olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 09 iyun 2023cü il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 09 may 2023-cü il tarixdə Əliabad qəsəbəsində arvadı Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon polis şöbəsinin İTBnin polis sahə rəisi, polis kapitanı X13 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 12:57-də Zaqatala rayonu Əliabad qəsəbəsində qeydiyyatda olmaqla hazırda Balakən rayonunda yaşayan Zərərçəkmiş şəxs DİN-in “102” xidməti-zəng mərkəzinə zəng vuraraq əri Mehman, baldızı Şəlalə və oğlu Tərlan tərəfindən döyülməsi məlumat vermişdir. Qeyd olunan tarixdə o, Zaqatala RPŞ-ə ərizə ilə müraciət edərək əri Mehman və baldızı Şəlalə barəsində tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Zaqatala rayonu Əliabad qəsəbə sakini Şəxs ilə arvadı Zərərçəkmiş şəxs arasında ailə-məişət münasibətləri zəminində mübahisə yaranmışdır. Qeyd olunan tarixdə onların aralarında yaranan mübahisə zamanı Mehman arvadı Elnarəni döyərək sol göz altı nahiyəsində 1 (bir) ədəd qançırla nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. 29 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan qəbul edilmiş qərarın surəti baxılması üçün aidiyyəti üzrə Zaqatala RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. O, bügun saat 10:00-da polis şöbəsinə gəlmiş, onların izahatları alınmışdır. Göstərilənlərin əsasında onun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. O, 2000-ci ildə Elnarə ilə ailə qurmuş və birgə nigahdan beş övladı dünyaya gəlmişdir. Arvadı Elnarə 2023-cü ilin mart ayında ondan xəbərsiz yaşadığı evdən çıxıb hazırda Balakən rayonunda yaşayan anası X3 yanına getmişdir. O, dəfələrlə Elnarə ilə əlaqə saxlayaraq qayıtmasını xahiş etsə də, Elnarə qayıtmayacağını demişdir. xx.xx.2023-cü il tarixdə azyaşlı qızı Zəhra hazırda Əliabad qəsəbəsində yaşayan bacısı Şəlalənin yanında olarkən təxminən saat 11 radələrində bacısı Şəlalə onunla telefona əlaqəsi saxlayaraq arvadı Elnarənin yaşadığı ünvana gələrək azyaşlı Zəhranı aparmaq istədiyini demişdir. O, həmin vaxt oğlu Tərlanla birlikdə evdən çıxıb bacısı Şəlaləgilə getmişdir. O, bacısı Şəlalənin yaşadığı evin qarşısına çatdıqda Elnarə orada səs-küy salaraq Zəhranı qucağına götürüb aparmaq istədiyini görmüşdür. Həmin vaxt yanında olan oğlu Tərlan anası Elnarəyə yaxınlaşıb Zəhranı anasından alıb həyətə keçərək Şəlaləyə vermişdir. Tərlan azyaşlı Zəhranı alıb bibisi Şəlaləyə verdikdə Elnarə və yanında olan anası Nazmi həmin vaxt onun üstünə gələrək təhqir etmişdir. Şəlalə həmin vaxt onlara yaxınlaşıb Elnarəni və Nazmi Orucovanı ondan kənarlaşdırmışdır. Daha sonra Elnarə özünü yerə çırpmağa və üz-gözünü cırmaqlamağa başladıqda yanında olan anası Nazmi Elnarəni sakitləşdirib aparmışdır. O, həmin vaxt bacısı Şəlalənin evinə keçib qapını bağlamış, sonra baş verənlərdən xəbəri olmamışdır. O, Elnarəni vurmamış, onun müraciətdə yazdıqlarının yalan və böhtan xarakterli olduğunu bildirmiş və barəsində başlanmış inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 2000-ci ildə Mehmanla ailə qurmuş və birgə nigahdan beş övladı dünyaya gəlmişdir. O, 2000-ci ildən 2023-cü ilin mart ayinədək əri Mehmanla birlikdə Zaqatala rayonu Əliabad qəsəbəsində yaşamış, birgə yaşadığı dövrdə Mehman mütəmadi olaraq spirtli içki qəbul edib evə gəldikdə onunla ailə məişət münasibətləri zəminində mübahisələr yaratmışdır. Aralarında yaranan mübahisələr zamanı Mehman hər dəfə onu övladlarının qarşısında döymüşdür. O, 2023-cü ilin mart ayında yaşadığı evdə olarkən əri Mehman onunla səbəbsiz mübahisə yaradaraq şər böhtan atmışdır. Ona görə də o, Mehmanın ona qarşı etdiyi hərəkətlərinə əsəbiləşərək ayrılmaq qərarına gəlmişdir. O, 2023-cü il tarixdə axşam saatlarında Əliabad qəsəbəsində yaşadığı evdən çıxıb hazırda Balakən rayonunda yaşayan anası X3 evinə getmişdir. Hazırda o, Balakən rayonunda anası Nazmi Orucovanın yanında yaşayır. Qeyd olunan tarixdə əri Şəxs ayrılarkən himayəsində olan azyaşlı qızı Zəhra atası Mehmanın yanında qalmışdır. Hazırda onun qızı Zəhra əri Mehmanın Əliabad qəsəbəsində yaşayan bacısı Şəlalənin evində yaşayır. O, dəfələrlə Mehmandan azyaşlı qızı Zəhranı ona verməsini xahiş etsə də, Mehman Zəhranı verməyəcəyini demişdir. Mehman azyaşlı qızı Zəhra Adıgözəlovanı özündə saxlayaraq ona vermədiyi üçün bu barədə o, DİN-nin “102” xidmətinə və Zaqatala RPŞ-nə müraciət etmişdir. RPŞ-də ona həmin müraciət mülki xarakterli olduğu üçün aidiyyəti üzrə Zaqatala rayon Məhkəməsinə müraciət etməsi izah edilmişdir. Lakin o, buna baxmayaraq əri Mehman azyaşlı Zəhranı ona verməməsi səbəbindən əsəbiləşərək xx.xx.2023-cü il tarixdə anası Nazmi ilə birlikdə hazırda Əliabad qəsəbəsində yaşayan baldızı Şəlalənin yaşadığı ünvana gedib Zəhranı oradan götürüb gətirmək istəyərkən həmin vaxt Şəlalə səs-küy yaradıb Mehmana zəng vurmuşdur. Həmin vaxt Mehman oğlu Tərlanla birlikdə hadisə yerinə gəlmişdir. Mehman oğlu Tərlanla ora gəldikdə Tərlan ona yaxınlaşaraq azyaşlı Zəhranı ondan alıb Şəlalənin evinə keçmişdir. Həmin vaxt küçədə olan Mehman onun üstünə gələrək onu təhqiredici ifadələrlə təhqir edib sifətinə yumruq vuraraq yerə yıxdırmışdır. O, yerə yıxıldıqda baldızı Şəlalə onu saçından tutub sürümüşdür. Həmin vaxt o, pis olmuş və bir anlıq özünü itirmişdir. Daha sonra o, istifadəsində olan mobil telefonla DİN-nin “102” xidməti-zəng mərkəzinə zəng vuraraq məlumat vermişdir. Eyni zamanda “103” TTY xidmətinə müraciət etmişdir. Qeyd olunan tarixdə hadisə yerinə TTY şöbəsinin həkim briqadası gələrək onu Zaqatala MDMnə aparmışdır. MDM-də ona tibbi yardım göstərilərək evə buraxılmışdır. Gələcəkdə baş verə biləcək xoşagəlməz halların qarşısının alınmasına köməklik etməsini, Mehman barəsində tədbir görməsini xahiş etmişdir. Şahid qismində dindirilmiş X9 Zərərçəkmiş şəxs verdiyi izahata oxşar məzmunda izahat verərək zərərçəkmiş şəxsin qeyd etdiklərini təsdiq etdi. O əlavə olaraq qeyd etdi ki, Şəlalənin və Mehmanın zərbələrindən sonra Zərərçəkmiş şəxs üz və göz hissəsi şişərək tanınmaz hala düşmüşdür. Bununla bağlı fotoşəkillər olsa da hazırda o şəkillər üzərində deyil. Lakin, televiziya kanllarına bununla bağlı müraciət etmiş, həmin görüntülərdə onun sifətindəki xəsarətlər açıq aşkar görünür. Şahid qismində dindirilmiş X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahata oxşar məzmunda izahat verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Şahid qismində dindirilmiş X1 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 2023-cü ilin mart ayında Elnarə Əliabad qəsəbəsində yaşadığı evdə əri Mehmanla mübahisə yaradaraq axşam saatlarında özbaşına evdən çıxıb hazırda Balakən rayonunda yaşayan anası X3 evinə getmişdir. X14 rayonunda yaşayan anası Nəzminin evində Rinat adlı övladı ilə birlikdə yaşayır, azyaşı Zəhra isə Əliabad qəsəbəsində Mehmanla birlikdə yaşayır. Hazırda Zəhranın üç yaşı olduğu üçün Zəhra onun evində yaşayır. O, xx.xx.2023cü il tarixdə təxminən saat 11 radələrində yaşadığı evdə olarkən Elnarə onun yaşadığı ünvana gəlib azyaşlı qızı Zəhranı yanına çağıraraq küçəyə aparmış və həmin vaxt küçəyə çıxdıqda Zəhranı anası Elnarənin qucağında görmüşdür. O, Zəhranı anası Elnarənin qucağında gördükdə Elnarəyə yaxınlaşdıqda Elnarə həmin vaxt ona Zəhranı aparmaq istədiyini demişdir. O, həmin vaxt Elnarəyə Zəhranı aparmasına mane olaraq qardaşı Mehmana zəng vuraraq məlumat vermişdir. Qısa müddət ərzində Mehman oğlu Tərlanla birlikdə onun evinə gəlmiş və həmin vaxt Tərlan anası Elnarəyə yaxınlaşıb qucağından azyaşlı bacısı Zəhranı alıb onun yaşadığı evin həyətinə keçmişdir. Mehman isə küçədə dayanıb Elnarədən çıxıb getməsini xahiş etdikdə Elnarə və yanında olan anası Nazmi Mehmanla mübahisə yaradıb üzərinə hucum çəkmişlər. Mübahisə zamanı o, Mehmana yaxınlaşıb onları kənarlaşdırmışdır. Daha sonra o, qardaşı Mehmanı həyətə salıb qapını bağlamışdır. O, evin qapısını bağladıqda Elnarə yerdən daşı götürüb onun həyətinə atmışdır. Qeyd olunan tarixdə onların arasında yaranan mübahisə zamanı o, mübahisəyə müdaxilə etməmiş, Elnarəni vurmamış, eyni zamanda saçından tutub sürüməmişdir. Lakin hadisə zamanı qardaşı Mehmanla Elnarənin biri-birilərini dartışdırdığını, və Elnarənin yerə yıxıldığını görmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X10 məhkəmə iclası zamanı çıxış edərək Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-in 157-ci maddəsinin tərkibi olduğundan qəbul edilmiş qərarın surəti baxılması üçün aidiyyəti üzrə Zaqatala RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Qərarın əsasında onun haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin qərarı mübahisələndirməmiş, həmin qərar qanuni qüvvəsini almışdır. Həmin qərarla müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Zaqatala rayonu Əliabad qəsəbə sakini Şəxs ilə arvadı Zərərçəkmiş şəxs arasında ailəməişət münasibətləri zəminində mübahisə yaranmışdır. Qeyd olunan tarixdə onların aralarında yaranan mübahisə zamanı Mehman arvadı Elnarəni döyərək sol göz altı nahiyəsində 1 (bir) ədəd qançırla nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilmiş MTE və PA Birliyinin Zaqatala rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 119 nömrəli rəyinə əsasən vət. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol göz altı nahiyəsində 1 (bir) ədəd qançır - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcədə, yardım üçün Zaqatala RMX PHŞ-nə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələrinin (əl, ayaqvə s.) təsirindən əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi və onun əməlində həmin inzibati xəta tərkibinin olması iş materialları ilə kifayət qədər sübut olunur. Belə ki, hazırkı iş üzrə inzibati xəta haqqında icraatın başlanması Zaqatala Rayon Polis X2 təhqiqatçısı, polis mayoru X5 29 may 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar əsasında olmuşdur, həmin qərar qanuni qüvvəsini almışdır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair 2 noyabr 2016-cı il tarixli qərarına istinad etməklə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müvafiq normaları analogiya üzrə tətbiq edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında göstərilmişdir ki, cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət-prosessual Məcəlləsinin 65-ci maddəsində göstərilir ki; 65.1. Cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. 65.5. Məhkəmə cinayət təqibinə xitam verilməsi haqqında təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarını məhkəmə nəzarəti funksiyalarını həyata keçirərkən ləğv edə bilər, məhkəmə baxışı nəticəsində isə həmçinin xüsusi qərar çıxara bilər. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, Şəxs izahatında göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Göründüyü kimi, Şəxs hazırda qeyd edilən əməli təsadüfi bir şəxsə qarşı deyil də, eyni evdə yaşamayan, lakin rəsmi nikahda olan arvadına qarşı törədilmişdir. Bu hal da həmin şəxsin əməlinin ictimai təhlükəliyini artırır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün izahatı, zərərçəkmiş şəxsin, şahidlərin, protokol tərtib edən şəxsin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, ekspert rəyi ilə və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə tövsif olunmalıdır. Zaqatala RPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı da onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, zərərçəkmiş şəxsin izahatını nəzərə alaraq, eyni zamanda inzibati xəta törədən şəxsi tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati həbs edilməsinin əvvəli onun Zaqatala rayon polis şöbəsinə gəldiyi vaxtdan, yəni 09 iyun 2023-cü il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Göstərilənlərlə yanaşı, məhkəmə onu da qeyd edir ki, İXM-in 100.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməlidir. Ancaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş və ciddi hesabat sənədi hesab olunan inzibati xəta haqqında 09 iyun 2023-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, protokol tərtib edən şəxs qanun pozuntusuna yol vermiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs fərdi identifikasiya nömrəsini protokolda qeyd etməmişdir Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclası zalında həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 09 iyun 2023-cü il tarixdən, saat 10:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Zaqatala RPŞ-nə həvalə edilsin. Qərarın surəti proses iştirakçılarına təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar