Məhkəmə qərarları › İş №3(033)-19/2022

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-19/2022

14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-19/2022 14.01.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kərimova Şəhla Saleh qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Karloyeviçin, onun vəkili X3, tərcüməçi X2 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi X4 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-02 avqust 1993-cü il tarixdə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, Qax rayonu Böyükalatəmir kəndində qeydiyyatda olan və orada yaşayan. Şəxs Karloyeviçin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin binasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Karloyeviçin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 13 yanvar 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 12 yanvar 2022-ci il tarixdə saat 23:20-də Əliabad qəsəbə bazarında polis əməkdaşlarının qanuni tələbinə qəsdən və qərəzli şəkildə tabe olmamışdır. Qeyd edilən material üzrə Şəxs Karloyeviç Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon polis şöbəsinin İTBnin polis sahə rəisi X8 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Zaqatala RPŞ-nin PPXB-nin polis nəfərləri raportla şöbənin rəisinə müraciət edərək göstərmişlər ki, Zaqatala şəhəri Əliabad qəsəbəsində xidmətdə olduqları zaman saat 23:20 radələrində bir nəfər şəxsin ucadan nalayiq ünvansız küçə söyüşləri söydüyünü görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək onu nizam intizama dəvət etsələr də, həmin şəxs onlara məhəl qoymayaraq polisin qanuni tələbini qəsdən pozaraq öz hərəkətlərini davam etdirdiyi üçün məcburi qaydada polis şöbəsinə gətirilmiş, müayinə edilmiş və sərxoş olduğu müəyyən edilmişdir. Həmin şəxsin polis şöbəsində izahatı alınmışdır. Bunun əsasında onun haqqında 13 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Karloyeviç məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, Qax rayonu Böyükalatəmir kəndində yaşayır. Zaqatala RPŞ-də verdiyi izahatını təsdiq edir. Əlavə olaraq göstərdi ki, o, 12 yanvar 2022-ci il tarixdə həmkəndlisi ilə Zaqatala şəhəri Əliabad qəsəbəsində yerləşən bazara gəlmişdir. Orada yemək yeyib, spirtli içki içmişdir. Təxminən saat 23 radələrində yeyib-içib qurtardıqdan sonra hesabı ödəməyə pulu çatmamışdır. Buna görə yeməkxanada işləyən şəxslə arasında mübahisə yaranmışdır. O, sərxoş olduğu üçün nalayiq ifadələr işlətmişdir. Bu zaman ora polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları onu sakitləşdirmək istəmişlər, özündə olmadığı üçün onlara qarşı əsəbi davranmış, onlar onu polis şöbəsinə dəvət edən zaman da, evdə xəstə anası və uşağı olduğu üçün şöbəyə getməkdən imtina etmişdir. Polisin tələbinə tabe olmamışdır. O, sərxoş və əsəbi olduğu üçün hərəkətlərini cilovlaya bilməmişdir. Bir səhvdir edib, etdiyi hərəkətlərdən səmimi peşmandır. Bir də belə hərəkətlərə yol verməyəcəkdir. Göstərdiklərini nəzərə alaraq, barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Karloyeviçin müdafiəçisi X6 çıxış edərək Şəxs Karloyeviçin əməlindən peşman olmasını, himayəsində uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi X4 izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İşdə olan 12 yanvar 2022-ci il tarixli 30 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, 1993-cü il təvəllüdlü Şəxs Karloyeviçdə yüngül dərəcəli alkoqol sərxoşluğu müşahidə olunur. İnzibati xəta materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Karloyeviç 13 yanvar 2022-ci il tarixdə saat 01:30da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Karloyeviçin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin və şahidin izahatları, Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs Karloyeviçin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs Karloyeviçin həmin əməli törətməkdə peşmançılıq çəkməsi və inzibati xətanı sərxoş halda törətməsi müəyyən edildi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Karloyeviçin həmin əməli törətməkdə peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Karloyeviçin sərxoş halda inzibati xəta törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Karloyeviçin törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını, onun şəxsiyyətini və əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, eyni zamanda inzibati xəta törədən şəxsi tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Şəxs Karloyeviçin İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati həbs edilməsinin əvvəli onun tutulduğu vaxtdan, yəni 13 yanvar 2022-ci il tarixdən, saat 01:30-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Karloyeviç Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati xəta törədən şəxs Şəxs Karloyeviç məhkəmə iclası zalında həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun tutulduğu vaxtdan, yəni 13 yanvar 2022-ci il tarixdən, saat 01:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Zaqatala RPŞ-nə həvalə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar