Məhkəmə qərarları › İş №3(033)-190/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-190/2023

13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-190/2023 13.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14 qızının katibliyi, Şikayət verən şəxs X4 nümayəndəsi X6 və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Zaqatala RPŞ-nin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə, Şikayət verən şəxs X4 Zaqatala RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən qəbul edilmiş 03 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuna və ədalətə üstünlük verərək polisin verdiyi cərimə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X9 şikayət ərizəsində göstərmişdir ki, Zaqatala rayon polis şöbəsinin sahə rəisi Nurəddin Mehdizadənin yazdığı protokolu və 80 manat cərimə göstərdiyi qərarı qanunsuz hesab edirlər. X16 Məcəlləsinin 454-cü maddəsinə əsasən onlar küçədə qanunsuz satışla məşğul olmuşdurlar. Təqdim etdiyi şəkillərdən görünür ki, Zaqatala rayonunda qanunsuz küçə ticarəti ilə məşğul olanlar yüzlərlədir. Hətta polis şöbəsinin qarşısında olan mağazada səkiyə satış materialları qoyulub. Onlar özlərinə məxsus gül mağazasının şüşəsinin qarşısında reklam məqsədi ilə güllər qoymuşdurlar. Budaki heç bir məntiqlə qanunsuz küçə satışı kimi əsaslandırıla bilməz. Onlar mağazanın içərisində ticarət aparırlar. Şikayət verən şəxs X9 şikayət ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs X4 nümayəndəsi X13 da ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, Aygün Məmmədova onun həyat yoldaşıdır. Onlar şəhərdə gül mağazası işlədirlər. Həmin mağazanın qarşısına güllər düzmüşlər, ona görə də polis əməkdaşı tərəfindən onlara cərimə yazılmışdır. Həyat yoldaşı və qızı polis şöbəsində qanunu bilmədiklərindən izahat verərək mağazanın qarşısına düzülmüş güllərin satış məqsədilə qoyulduğunu bildirmişlər. Lakin həmin güllər reklam xarakterli mağazanın qarşısına qoyulmuşdur. Onlar bundan sonra da həmin gülləri mağazanın qarşısına qoyacaqlar. Onlar hər hansı küçə ticarəti ilə məşğul olmamışlar. Odur ki, şikayətin təmin edilərək Zaqatala RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən qəbul edilmiş 03 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala RPŞ-nin İTB-nin polis sahə rəisi X3 izahatında göstərdi ki, X4 barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol qanuni, əsaslı və ədalətlidir. X9 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən qayda pozuntusunu etdiyinə görə o, inzibati qaydada 80 manat məbləğində cərimə edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə onun tərəfindən X8 şəhəri H.Əliyev prospektində yerləşən gül dükanının qarşısında piyadaların gediş-gəlişi üçün nəzərdə tutulmuş səkidə yerdə malların satışını təşkil etdiyi müəyyən edilmişdir. Həmin tarixdə Aygün Məmmədovanın və dükanda çalışan qızı Arzu Məmmədovanın izahatı alınmış onların hər ikisi izahatlarında dükanın önündə gül satışı ilə məşğul olduqlarını etiraf etmişlər. Bundan sonra Aygün Məmmədova barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə xx.xx.2023cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati xəta haqqında qərar qəbul edilmişdir. Tərtib etdiyi protokol və qəbul etdiyi inzibati xəta haqqında qərar qanuni və əsaslı olduğundan şikayətin təmin olunmamasını və şikayətçi barədə qəbul edilmiş inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. İş materiallarından görünür ki, X9 03 aprel 2023-cü il tarixdə, Zaqatala şəhəri Heydər Əliyev prospektində işlədiyi gül dükanının önündə gülün və çələng düzəldərək onun satışını təşkil etdiyinə görə onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zaqatala RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə inzibati xəta haqqında ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında onun barəsində 03 aprel 2023-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. X9 inzibati xəta hadisəsi törətmədiyini, küçədə qanunsuz satışla məşğul olmadığını, gül dükanının önündə reklam xarakterli gülləri mağazanın şüşəsi önünə yığdığını bildirmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta materiallarında olan xx.xx.2023-cü il tarixdə X5 Zaqatala Rayon Polis Şöbəsində verdiyi izahatından görünür ki, o Zaqatala şəhəri Heydər Əliyev prospektində anası Aygün Məmmədovaya məxsus gül dükanında işləyir və xx.xx.2023-cü il tarixdə mağazada olan gülləri və gül çələnglərini küçədə səkinin üzərinə qoyaraq satışını təşkil etmiş və bunun qanunsuz olduğunu bilməmişdir. İnzibati xəta materiallarında olan xx.xx.2023-cü il tarixdə X4 Zaqatala Rayon Polis Şöbəsində verdiyi izahatından görünür ki, o, xx.xx.2023-cü il tarixdə icarə əsasında işlətdiyi H.Əliyev prospektində yerləşən gül dükanının qarşısına səkinin üzərinə gül və çələng düzərək satdığını bildirmişdir. Göründüyü kimi, şikayət verən şəxs X9 şikayətində qayda pozuntusu etmədiyini, ona əsassız olaraq protokol yazıldığını əsas gətirərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etsə də, Zaqatala Rayon Polis Şöbəsində protokol tərtib edildiyi və qərar qəbul edildiyi tarixdə, yəni xx.xx.2023-cü il tarixdə səkinin üzərinə gül və çələng düzərək satdığını bildirmiş və onun izahatı ilə yanaşı qızı X11 da piyadaların gediş-gəlişi üçün nəzərdə tutulan səkidə gül və çələng satışı ilə məşğul olduqlarını qeyd etmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala şəhəri Heydər Əliyev prospektində çəkilmiş fotoşəkillərdən də görünür ki, Arzum gül salonunun şüşə materialdan olan qapı və pəncərələrinin önündə, eyni zamanda piyadalar üçün nəzərdə tutulmuş səki üzərində güllər və güldən hazırlanmış çələnglər yerləşdirilmişdir. Məhkəmə şikayətdə qeyd olunan hallara qiymət verərək qeyd edir ki, şikayətdə göstərilənlər heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb və əsasdır. Həmin Məcəllənin 454-ci maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə -səksən manat məbləğində cərimə edilir. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X4 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı təkzib olunmaz və sübhə doğurmayan sübutlarla öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, X4 və protokol tərtib edən şəxsin izahatları ilə yanaşı, X10 Rayon Polis Şöbəsində, nümayəndə Həmzət Məmmədovun məhkəmə iclasında verdiyi izahatı və iş materiallarına əlavə edilmiş fotoşəkillər X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerdə gül satışı ilə məşğul olduğunu bir daha təsdiq edir. Göstərilən əsaslarla məhkəmə X1nın şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 “Zaqatala RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən qəbul edilmiş 03 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar