Məhkəmə qərarları › İş №3(033)-191/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-191/2023

04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-191/2023 04.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayonu DAM polis leytenantı X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxxx 1967-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, öz deməsinə görə il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonu Aşağı Tala kəndində pasport qeydiyyatında olan və yaşаyan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Zaqatala rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 12 iyun 2023cü il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, 07 iyun 2023-cü il tarixdə Zaqatala rayonu Muğanlı kəndi ərazisində ona məxsus 1 baş iribuynuzlu heyvan olan inək yolun hərəkət hissəsinə çıxaraq Zaqatala rayonu Muğanlı kənd yolunda hərəkətdə olan, sürücü X2 məxsus «Vaz 21063» markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Nəticədə həmin avtomobilə maddi zərər dəymişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon polis şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala RPŞ-in DYPB-in DAM polis leytenantı X9 izahat verərək göstərdi ki, 07 iyun 2023-cü il tarixdə saat 09:45 radələrində Zaqatala rayonu Muğanlı kənd ərazisində Şəxs məxsus 1 baş iribuynuzlu heyvan olan inək kənd yolunda hərəkətdə olan Vaz 21063 markalı ** BA *** dövlət nömrə nişanlı avtomobilin qarşısına çıxmış və toqquşma nəticəsində Vaz 21063 markalı ** BA *** dövlət nömrə nişanlı avtomobilə 903 manat maddi zərər dəymişdir. Şəxs və “Vaz 21063” markalı ** BA *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X1 izahatları alınmış, xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə İnzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə 09:45 radələrində qonşusu X8 istifadəsində olan mobil telefonuna zəng vuraraq ona məxsus 1 baş iribuynuzlu heyvan olan inəyin vurulduğunu demişdir. Təxminən 10-15 dəqiqə ərzində o Zaqatala rayonu Muğanlı kənd yolunun kənarında yerləşən fındıq bağına çatmış və özünə məxsus 1 baş iribuynuzlu heyvanın “Vaz 21063” markalı ** BA *** dövlət nömrə nişanlı avtomobilinin sürücüsü tərəfindən vurularaq yolun sol kənarındakı əzilmiş və zədələnmiş vəziyyətdə dayandığını görmüşdür. Heyvanlara nəzarət edən şəxs olmuş və o heyvanı nəzarətsiz qoymamışdır. Zərərçəkmiş şəxs X3 məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 09:45 radələrində etibarnamə ilə ona həvalə olunmuş “Vaz 21063” markalı ** BA *** dövlət nömrə nişanlı avtomobil ilə Zaqatala rayonu Muğanlı kənd ərazisində hərəkətdə olarkən qarşıda asfalt örtüyün üzərində 8-9 ədəd iribuynuzlu inəklərin dayandığını görmüş, inəklərin arasından ehmalca keçən zaman yolun sağ kənarında olan fındıq bağından 1 ədəd iribuynuzlu heyvanın onun idarə etdiyi avtomobilin önünə qaçdığını görmüş və inək idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisə zamanı avtomaşında tək olmuş və xəsarət almamışdır, lakin avtomobilə 903 manat məbləğində maddi zərər dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona dəymiş zərəri ödəməmişdir. O, Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Zaqatala rayonu “Avtoservis 100” X4 tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli avtomobilə dəymiş zərər aktından görünür ki, “Vaz 21063” markalı ** BA *** dövlət nömrə nişanlı avtomobilə hadisə zamanı 903 manat zərər dəymişdir. Məhkəmə Şəxs izahatının “inəklərin nəzarətsiz qoyulmaması” dəlili ilə bağlı qeyd edir ki, polis şöbəsində araşdırma zamanı və məhkəmə iclası zamanı dindirilmiş Şəxs özü izahat verərək göstərmişdir ki, o, hadisə baş verən zaman hadisə yerindən kənarda olmuş və mobil telefonuna zəng vurularaq qəza barədə məlumat verildikdən 10-15 dəqiqə sonra hadisə yerinə gəlmişdir. Əlavə olaraq bildirmişdir ki, özü nəzarət etməsə də, başqa şəxs heyvanlara nəzarət etmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, həqiqətən həmin mal-qaraya nəzarət edən şəxsin olması barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, onun izahatında göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aprılan şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, zərərçəkmiş şəxsin izahatı və Zaqatala rayon polis şöbəsindən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 338.5.1-ci maddəsinə əsasən mal-qaranın yolda nəzarətsiz qoyulmasına görə qırx manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tövsif olunmalıdır. “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nun 11-ci maddəsinin dördüncü bəndinin altıncı yarımbəndində göstərilir ki, avtomobil yollarında və təhkim zolağında avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılması, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qaranın aparılması, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsi qadağandır. Həmin Qanunun 39-cu maddəsində göstərilir ki, mal-qara ötürənlər: 1) malqaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər; 2) sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər; 3) mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməlidirlər. Həmin Qanunun 47-ci maddəsinin dördüncü bəndində göstərilir ki, mal-qaranı yolda sutkanın işıqlı vaxtı və nəzarət etməklə ötürmək lazımdır. Mal-qara ötürənlər malqaranı yolun mümkün qədər sağ kənarı ilə ötürməlidirlər. V. Mal-qara dəmiryol xətlərinin və yolun hərəkət hissəsinin üstündən keçirildikdə, sürü mal-qaranı ötürənlərin sayı nəzərə alınmaqla elə sayda dəstələrə bölünməlidir ki, mal-qaranın təhlükəsiz keçirilməsini təmin etmək mümkün olsun. Vİ. At arabası nəqliyyatının (kirşəsinin) sürücüsünə, yük və minik heyvanlarını sürənlərə, mal-qaranı ötürənlərə: 1) mal-qaranı yolda nəzarətsiz qoymaq; 2) mal-qaranı dəmiryol xətlərinin və yolların üstündən xüsusi olaraq bu məqsəd üçün ayrılmış yerlərdən kənarda, habelə sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində keçirmək (müxtəlif səviyyələrdə mal-qaranı ötürmə yerlərindən başqa); 3) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır. Daha sonra, məhkəmə qeyd edir ki, Zaqatala rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmiş və bu hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 36-cı maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. İnzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Həmin Məcəllənin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi məsələləri hakim tərəfindən həll edilir. Məhkəmə araşdırılmasında zərərçəkən şəxsə dəymiş zərərin əvəzinin ödənilməsi öz təsdiqini tapmadığından, hesab edirəm ki, vurulmuş zərərin əvəzinin ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması zərərçəkmiş şəxsə izah edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini və əmlak vəziyyətini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməməsini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxs X2 izah edilsin ki, vurulmuş zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldıra bilər. Qərarın surəti inzibati xəta törədən şəxsə, zərərçəkmiş şəxsə və Zaqatala rayon polis şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar