Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-194/2023 01.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xətaya dair işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs istehlakçıları aldıqları malın dəyərindən artıq məbləğdə ödəniş almaqla istehlakçıları malın hesabına dair aldatmışdır. Buna görə də, onun barəsində 24 iyun 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X6 izahat verərək göstərdi ki, inzibati xəta haqqında iş üzrə icraat Zaqatala rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarı ilə başlanaraq aidiyyəti olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilmişdir. Zaqatala Rayon Prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı “OBA Market" MMC tərəfindən öz biznes mənfəətləri naminə Zaqatala şəhərində fəaliyyət göstərən iki marketdə satıcılar vasitəsilə, lakin onların hər hansı formada qəsdi, habelə maddi maraqları olmadığı halda malın yalnız hesabına dair istehlakçıların az miqdarda aldadılması müəyyən edilmişdir. Zaqatala rayon prokurorluğundan daxil olmuş materiallar üzrə araşdırma aparılması xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə Oba Market MMC məlumatlandırılmışdır. Hüquqi şəxs “OBA Market" MMC-nin fəaliyyətində qeyd edilən nöqsanlar aşkar edildiyindən 24 iyun 2023-cü il tarixdə hüquqi şəxs barəsində MN ******* nömrəli protokol tərtib edilmişdir. Protokolun əsaslı tərtib edildiyini bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə baxış iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X12 izahat verərək göstərmişdir ki, inzibati xəta haqqında materialda qərəzli izahatlardan başqa, dəlil və sübut yoxdur. Həmin izahatlar qərəzli olduğundan sübut kimi sayıla bilməz. Ona görə ki, Cəmiyyətdən prokurorluğa şikayət edən şəxslər işdən çıxmış şəxslərdir, onlar administratora qarşı qərəzli mövqe tutaraq ondan şikayət etmişlər. Onlar hər hansı bir müştərini də aldatmamışlar. Cəmiyyətin əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Ancaq izahatlar var, onlar da sübut deyil. Bundan başqa, inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olan Zaqatala rayon prokurorluğunun cinayət işinin rədd olunması barədə qərarından şikayət verməmiş, həmin qərarı da mübahisələndirməmişlər. Odur ki, qeyd olunanların nəzərə alınaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Cəmiyyət barəsində tərtib edilmiş 24 iyun 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanmış iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş materialla və iş materiallarına əlavə edilmiş sübutlarla tam təsdiq olundu. İnzibati xəta törədilməsi müəyyən edildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan X4 Zaqatala rayon prokurorluğunda verdiyi izahatından görünür ki, Şəxs MMC-nin mağaza müdiri Rahidə Əliyeva da həmin sayım qrupunun üzvləri gələnə kimi aşağıda qeyd edilən mexanizm üzrə maliyyə pozuntusuna yol verməklə özünü sığortalamışdır. Belə ki, sayım qrupu gələnə kimi özü malları sayır, hansı mallardan əksik olan varsa satıcılardan tələb edir ki, kassa qəbzlərinə baxmayan müştəriləri qabaqcadan müəyyən edib onları aldadaq, bu məqsədlə satıcılara kassa qəbzlərində əks olunan məbləği deyil, şişirdilmiş məbləğ deyib onlardan əlavə 1 manat pul alaq. O da digər satıcılar kimi məcbur olub həmin tələbləri icra edir, müştərilərə satılmış mal və ya malların kassa qəbzində əks edilmiş məbləğini deyil, əlavə 1 manat pul demişdir. İcra etmədikdə isə onu əmək haqqından pul tutulacağı və işdən çıxaracağı ilə hədələmişdir. Bir neçə dəfə icra etmədiyinə görə onun əmək haqqından tutulmalar həyata keçirilmişdir. Lakin konkret olaraq hansı ayın əmək haqqı ilə bağlı tutulma həyata keçirildiyini xatırlaya bilmir. Bir neçə dəfə Rahidə Əliyevaya bununla bağlı öz narazılığını bildirmiş, lakin xeyri olmamışdır. Alıcıları aldatmaqla toplanmış ümumi pulun hesabına isə R.Əliyevanın tələbi ilə əksik gələn malların satılmasını təsdiq edən saxta qəbzlər vurmuşlar. Yəni, faktiki olaraq mal satılmadığı halda satılmasını rəsmiləşdirməklə anbardakı mal çatışmazlığını ört-basdır etmişlər. Mal çatışmazlığı tez-tez yaransa da o, yaranma səbəblərini dəqiq bilmir. Lakin hesab edir ki, bu hansısa formada edilən oğurluqla bağlı yaranmışdır. İş materiallarında olan Şəxs ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, X8 əsas iş yeri olmaqla Oba Market MMC-nin Satış departamenti X16-kassir vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə 1 ay müddətinə bağlanılmışdır. İş materiallarında olan Şəxs xx.xx.2023-cü il tarixli 62 saylı əmrindən çıxarışdan görünür ki, Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin Satıcı-kassiri X4 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2ci maddəsinin b bəndinə əssən xitam verilmişdir. İş materiallarında olan X13 Zaqatala rayon prokurorluğunda verdiyi izahatından görünür ki, 2022-ci ilin dekabr ayında arvadı ilə birlikdə OBA Market-in Zaqatala şəhərində yerləşən filialına gələrək evə ərzaq almış, evə qayıdandan sonra çekə baxıb mağazada satıcının ondan 1 manat artıq pul götürüldüyünü anlamış, nəticədə arvadı ilə birgə əsəbi halda mağazaya qayıdaraq Nuranə adlı satıcıdan pulunu tələb etmişdir, satıcı da yanlışlıq olduğunu bıldirərək 1 manat pulunu ona geri qaytarmışdır. Analoji hal bundan əvvəl həmin mağazada işləyən digər satıcılarla bağlı da olmuş, məbləğ isə həmişə 1 manat olmuşdur. Lakin o 1 manata görə heç vaxt həmin problemi mağazaya qayıdıb bildirməmişdir. Sonuncu dəfə eyni hal yenidən baş verdiyi üçün mağazaya geri qayıdıb iradını bildirmişdir. Zaqatala rayon prokurorluğunun 04 may 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 75 C-23 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, X2 barəsində Azərbaycan Respublikası İXM-in 198.1.5-ci maddəsi ilə, “OBA Market' MMC barəsində Azərbaycan Respublikası İXM-in 447.0.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün toplanmış materialların qərarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. Zaqatala rayon prokuroru X9 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, aparılmış araşdırma zamanı mal satan hüquqi şəxs - “OBA Market" MMC tərəfindən öz biznes mənfəətləri naminə Zaqatala şəhərində fəaliyyət göstərən iki marketdə aşağıda adları qeyd edilən satıcılar vasitəsilə, lakin onların hər hansı formada qəsdi, habelə maddi maraqları olmadığı halda (yəni market adminstratorlarının təzyiqi altında əks halda işdən çıxarılacaqlarını bildiklərinə görə) malın yalnız hesabına dair istehlakçıların az miqdarda aldadılması müəyyən edilmişdir ki, onlardan biri şikayətçilər X4 xx.xx.2022-ci il tarixdən faktiki xx.xx.2023-cü il tarixinədək və X1 xx.xx.2022-ci il tarixdən faktiki xx.xx.2023-cü il tarixinədək satıcı-kassir işlədikləri, ünvan 1 ünvanında, digəri isə X5 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək satıcı kassir işlədiyi Zaqatala şəhərində yerləşən digər ünvanda yerləşir. Hər üç satıcı-kassir və müştəri X22 oğlu izahatlarında bunu təsdiq etmiş, istehlakçıların aldadılmalarının səbəbləri və bunda MMC-nin hansı məqsəd güdməsi barədə ətraflı məlumat vermişlər. Belə ki, həmin izahatlara əsasən müəyyən müddət ərzində marketlərdə mal əskikliyi yaranmışdır ki, həmin əskikliyi ört-basdır etmək üçün müvafiq mallar faktiki satılmadığı halda guya real olmayan müştərilərə satılması ilə bağlı kassa çekləri tərtib edilmiş, həqiqi müştərilərə faktiki satılmış malın dəyərindən artıq məbləğdə ödəniş məbləği deməklə aldıqları malın hesabına dair az miqdarda aldadılmış, bu məqsədlə onlara (yəni həqiqi müştərilərə) adları qeyd edilən satıcı- kassirlər tərəfindən kassa çəklərində əks edilmiş məbləğlər deyil, hiss edə bilməmələri üçün cüzi artıq məbləğlər (1 manatadək) bildirilmiş, bu yolla formalaşan pullar hesabına əskik gəlmiş malların dəyəri kassaya işlənmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 447.0.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İşin müəyyən edilmiş mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs tərəfindən malın hesabına dair istehlakçıları az miqdarda aldatmaqla və istehlakçıların hüququnu pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da görünür ki, həmin qərarla cinayət işinin başlanması rədd edilmiş, qərarın əsasında hüquqi şəxs Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs həmin qərarı mübahisələndirməmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X12 izahatında göstərmişdir ki, inzibati xəta haqqında materialda qərəzli izahatlardan başqa, dəlil və sübut yoxdur. Həmin izahatlar qərəzli olduğundan sübut kimi sayıla bilməz. Ona görə ki, Cəmiyyətdən prokurorluğa şikayət edən şəxslər işdən çıxmış şəxslərdir, onlar administratora qarşı qərəzli mövqe tutaraq ondan şikayət etmişlər. Onlar hər hansı bir müştərini də aldatmamışlar. Cəmiyyətin əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Ancaq izahatlar var, onlar da sübut deyil. Məhkəmə bu xüsusatlarla bağlı qeyd edir ki, məhkəmənin sorğusu əsasında məhkəməyə Zaqatala rayon prokurorluğundan 75 C-23 nömrəli material daxil olmuş, həmin materialdan görünür ki, şikayət edən şəxslərin izahatları alınmış, həmin izahatlar cinayət işinin başlanmasının rədd qərarında, həmçinin hazırki qərarın təsviri hissəsində qeyd edilmişdir. Həmçinin yalan xəbərçilik etməyə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 296-cı maddəsi ilə məsuliyyətin nəzərdə tutulması barədə izahat verən şəxslərə xəbərdarlıq edilmişdir. Cəmiyyətin nümayəndəsi hazırda izahatında Oba Market MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiklərini bildirsə də, o, izahatının əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi məhkəmə iclası zamanı təqdim etməmiş və o, qeyd etdiklərinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, Cəmiyyətin nümayəndəsinin göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar hüquqi şəxsin inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır. Onun izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Eyni Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmiş, həmçinin məhkəmə araşdırması zamanı da hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinin tələblərini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirli bilinib, 4000 (dörd min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilsin (poçtla göndərilsin). Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-194/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-194/2023
01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver