Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-199/2021 12.04.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Elbrus Hacıbala oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X2, Zaqatala Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis mayoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, eyni xətanı il ərzində təkrar törətməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 12 aprel 2021-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 10 aprel 2021-ci il tarixdə saat 18:00 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisində yerləşən “Akasiya” adlı restoranda sərxoş vəziyyətdə ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, ictimai qaydanın mühafizə vəzifələri icra edən polis əməkdaşını nalayiq söyüşlərlə təhqir etmiş, polisin qanuni tələblərinə qəsdən və qərəzli şəkildə tabe olmamış, buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Zaqatala Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı N.Rəcəbov raportla şöbənin rəisinə müraciət edərək göstərmişdir ki, o, 10.04.2021-ci il tarixdə saat 18:00 radələrində Zaqatala şəhəri F.Əmirov küçəsində xidmətdə olarkən Zaqatala şəhəri “Akasiya” restoranında mübahisə olması barədə aldığı məlumat əsasında həmin əraziyə getmiş və 2 nəfər müştərinin restoranın müdiri ilə mübahisə etdiyini, mübahisə zamanı həmin şəxslərin nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu görmüşdür. Bu səbəbdən onları nizam intizama dəvət etsələrdə onlar öz hərəkətlərini davam etdirərək birbiriylə əlbəayaq olmuşdurlar. Buna görə də, həmin şəxslər polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Bunun əsasında onun haqqında 12 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi özünü təqsirli bilərək izahatında göstərdi ki, o, 10.04.2021-ci il tarixdə saat təxminən 15 radələrində dostu Amillə Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən “Akasiya” restoranına yemək yeməyə getmişdir. Təxminən 2-3 saat ərzində yemək yeyib spirtli içki qəbul etmişdirlər. Sonra dostu Amil restoranın yol tərəfində olan ayaqyoluna getmiş və o da restoranın ərazisində siqaret çəkmişdir. Bu vaxtı restoranın sahibi onlardan hesabı bağlamalarını istəmişdir. O da hələ yemək yeməyə davam etdiklərini, masada spirtli içkilərinin qaldığını hesabı ödəyəcəklərini bildirmişdir. Lakin restoranın sahibi onların hesabı ödəmədən gedəcəklərini zənn etdiyinə görə aralarında mübahisə baş vermişdir. Sərxoş olduğu üçün restoran işçisi onlara qarşı nalayiq ifadə işlətmişdir. Bu səbəbdən o da ona qarşı nalayiq ifadə işlətmişdir. Buna görə də, aralarında mübahisə başlamışdır. Sonra polis əməkdaşları gələrək onları şöbəyə aparmışlar. O da sərxoş və əsəbi olduğundan restoranda və polis şöbəsində polis işçisinin qanuni tələblərinə tabe olmamışdır və nalayiq ifadələr işlədərək özünü aqressiv aparmışdır. Hazırda əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid izahatında göstərdi ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən “Akasiya” kafesini təxminən iki ildir icarə müqaviləsi əsasında işlədir. 10.04.2021-ci il tarixdə oğlu Hacıməmmədov Məhəmməd ona telefonla zəng edərək işlətdikləri kafedə bir neçə nəfərin yeyib içdikdən sonra hesablarını verməyərək getmək istədiklərini bildirmişdir. O, həmin vaxt kafeyə gəlmiş və kafenin çıxışında iki nəfər şəxsin sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlətdiyini eşitmiş və onlara yaxınlaşaraq hesablarını ödəmələrini və kafeni tərk etmələrini bildirmişdir. Onlar isə təkrar nalayiq ifadələr işlədərək hesablarını nə vaxtsa verəcəklərini bildirmişdirlər. Bu zaman aralarında mübahisə baş vermişdir. Sonra kafeyə polis əməkdaşları gələrək onları polis şöbəsinə gətirmişdirlər. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin və şahidin izahatları və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş 10.04.2021-ci il tarixli 141 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, tibbi müayinə zamanı 1994-cü il təvəllüdlü Şəxs orta dərəcədə alkoqol sərxoşluğunun olması müəyyən edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Zaqatala RPŞ-in İTB-nin sahə rəisi, polis mayoru X4 tərəfindən 10.04.2021-ci il tarixdə tərtib olunmuş “İnzibati qaydada tutma haqqında” protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 10.04.2021-ci il tarixdə saat 23:30-da inzibati qaydada tutulmuş, 12.04.2021-ci il tarixdə saat 10:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğundan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin xətalardan daha ciddi xəta olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 32.1-ci və 32.1.1-ci maddələrinə görə inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Yenə Azərbaycan Respublikası İXM-in 32.2-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar da nəzərdə tutula bilər. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qanunvericiliklə nəzərdə tutulmayan halları da məsuliyyəti yüngülləşdirən hallar hesab edə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati xəta törətməsini və əməlini səmimi etiraf edərək peşmançılığını bildirməsini onun inzibati məsuliyyətini yüngülləşdirən hallar qismində qiymətləndirirəm. Azərbaycan Respublikası İXM-33.1-ci və 33.1.7-ci maddələrinə görə inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hazırkı inzibati xətanı sərxoş vəziyyətdə törətməsini onun inzibati məsuliyyətini ağırlaşdıran hal qismində qiymətləndirirəm. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını, onun şəxsiyyətini və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edirəm. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati həbs edilməsinin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan, yəni 10 aprel 2021-ci il tarixdən, saat 23:30-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclası zalında həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan, yəni 10 aprel 2021-ci il tarixdən, saat 23:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Zaqatala RPŞ-nə həvalə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elbrus Məmmədov
Məhkəmə qərarları › İş №3(033)-199/2021
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-199/2021
12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver