Məhkəmə qərarları › İş №3(033)-2/2024

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-2/2024

08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-2/2024 08.01.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs qanuni təmsilçisi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xətaya dair işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs 27482,88 Avro məbləğində olan vəsaiti 01 sentyabr 2021-ci il tarixdə xaricə köçürmüş, 02 ildən artıq müddət keçsə də, 27482,88 Avro məbləğində vəsait hesabına alınan malları (xidmətlərin) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 02 sentyabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə 21 sentyabr 2023-cü il tarixdə, MN №0141329 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankından Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Zaqatala Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 3(033)-281/2023 nömrəli qərarı ilə (sədrlik edən hakim Vüqar Məmmədov) "xxxx" MMC-nin (VÖEN) ********** əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanın tərkibi olmadığından Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş 21 sentyabr 2023-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(107)-337/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru Gülər Paşayev tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 3(033)-281/2023 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Zaqatala Rayon Məhkəməsinə qaytarılmışdır. Protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, 908 nömrəli xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən “Satıcı” adlanan "Julius Glatz GmbH" şirkətinin satış şöbəsinin rəisi cən. Tomas Riyişmidin ilə “Alıcı” adlanan “X6 Fabriki” ASC-nin baş mühəndisi Şlopak A.N arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən Satıcı malların satışını, Alıcı isə gələcəkdə Mal adlanacaq siqaret kağızını və müxtəlif növ fisella (siqaretin bir hissəsi üçün sarğı materialı) almasını öz öhdəsinə götürür. 01 nömrəli xx.xx.2021-ci il tarixli hüququn güzəşt edilməsinə dair “İlkin Kreditor” adlanan "Julius Glatz GmbH" şirkətinin satış şöbəsinin rəisi Tomas Riyişmidin ilə “Yeni Kreditor” adlanan "xxxx" MMC-nin direktoru X3 yəni onun arasında hazırki müqaviləni imzalayaraq xx.xx.2015 tarixli 908 nömrəli "Julius Glatz GmbH" şirkəti ilə “X6 Fabriki” ASC arasında bağlanmış müqaviləyə əsasən maliyyə öhdəliklərinin yerinə yetirilməsindən irəli gələn, Şəxs MMC “X4 Neman” ASC-in "Julius Glatz GmbH" şirkətinə olan borcunun ödənilməsini öz üzərinə götürərək 27 482,95 Avro məbləğində pulu xx.xx.2021-ci il tarixdə "Julius Glatz GmbH" şirkətinin hesabına ödəmişdir. Daha sonra həmin məbləğ “X6 Fabriki” ASC tərəfindən Şəxs MMC-nin Rusiya Federasiyasında olan “Promstroybank”-da olan hesabına xx.xx.2021-ci il tarıxdə keçirilmişdir. Həmin vəsait isə RF Sberbankdan xx.xx.2022-ci il tarixdə Şəxs MMC-in rabitəbank ASC Şəki filialındakı hesabına köçürülmüşdür. Qeyd olunan əməliyyatlar bank sənədləri ilə təsdiq olunur. Bundan əlavə o, izahatında və verilən suallara cavab olaraq göstərdi ki, onlar bütün işlərlərini qanuni görmüşlər. Onlara pul avans olaraq verilib. İş materiallarında olan məktubdan da görünür ki, onların hesabına 366765 ABŞ dolları İnter TOBACCO MMC tərəfindən Belarusiyadan avans olaraq daxil olmuşdur. Daha sonra həmin vəsati konvertasiya edilərək avro hesabına 311176 AVRO köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə həmin vəsaitdən avans şəklində 27482.88 AVRO istifadə edilərək Almaniyanın JULİUS GLATZ GMBH təşkilatına köçürülmüşdür. İnter TOBACCO MMC-nin İtaliya şirkətinə borcu olmuşdur. O da onların şirkətə avans pul köçürtdüyündən həmin İtaliya şirkətinə olan borcunu onlara göndərdiyi avans puldan ödənilməsini xahiş etmişdir. O da onun borcunu ödəyib. Belə ki, o, İtaliya şirkətindən siqaret üçün nəzərdə tutulmuş köməkçi materialları alır. Belarusiya şirkətinə isə həmin materiallarla birlikdə öz tütünlərini göndərir. Həmin şirkət də Belarusiyada həmin xammal ilə siqaret üçün nəzərdə tutulmuş materialları birləşdirərək siqaret əldə edir. Əgər o siqaret üçün nəzərdə tutulmuş materialları İnter TOBACCO MMC-ni təmin edə bilməsə o şirkət onun tütününü almır. Bunun müqabilində o qazanc (faiz) əldə etmişdir. Qeyd etdiklərinə əsasən onların əməlində İXM-in 430.4-cü müddəsinin tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 21 sentyabr 2023-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən 27452.88 avro məbləğində vəsait xx.xx.2021-ci il tarixdə xaricə köçürülmüş və 2 il müddət keçsə də, 27482.88 Avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İş materiallarına əlavə edilmiş 908 nömrəli xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, “Satıcı” adlanan "Julius Glatz GmbH" şirkətini təmsil edən satış şöbəsinin rəisi cən. Tomas Riyişmidin ilə “Alıcı” adlanan “X6 Fabriki” ASC-i təmsil edən baş mühəndisi Şlopak A.N arasında bağlanmış alqı-satqı müqavilə ilə Satıcı malların satıçını, Alıcı isə gələcəkdə Mal adlanacaq siqaret kağızını və müxtəlif növ fisella (siqaretin bir hissəsi üçün sarğı materialı) almasını öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 01 nömrəli xx.xx.2021-ci il tarixli tələb hüquqlarının başqasına verilməsi haqqında müqavilədən görünür ki, “İlkin Kreditor” adlanan "Julius Glatz GmbH" şirkətini təmsil edən, satış şöbəsinin rəisi cən. Tomas Riyişmidin ilə “Yeni Kreditor” adlanan "xxxx" MMC-nin direktoru X3 arasında xx.xx.2015 tarixli 908 nömrəli İlkin Kreditor ilə Borclu arasında bağlanmış (bundan sonra İlkin Müqavilə) müqavilə üzrə maliyyə öhdəliklərinin yerinə yetirilməsindən irəli gələn, bundan sonra Borclu adlandırılacaq “X4 "xxxx" ASC-yə qarşı İlkin Kreditor qarşısında 27.482,95 avro məbləğində olan borcu öz üzərinə götürərək ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC tərəfindən "Julius Glatz GmbH" şirkətinə 27.482,88 Avro miqdarında pul vəsaiti köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli RF Moskva şəhərində yerləşən “Promsvazbank” tərəfindən "xxxx" MMC ünvanlanmış məktubdan və ona əlavə olunmuş Swiftmessage #15223789 № -li sənəddən məlum olur ki, 27482.95 avro məbləğində pul vəsaiti “X4 "xxxx" ASC hesabından "xxxx" MMC-in hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli RB09-00288/2023 saylı Rabitəbank tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs MMC-nin Rabitəbank ASC-nin Şəki filialında olan AZ22RBTA********************3 saylı hesabına RF Sberbankdan xx.xx.2022-ci il tarixə 47480000 (qırx yeddi milyon dörd yüz səksən min) RUR vəsait daxil olmuşdur. İş materiallarına əlavə edilmiş “Swiftmessage”-dan görünür ki, xx.xx.2021-ci il tarixdə 27482.95 Avro “JSC Grodno Tobacco F” tərəfindən "xxxx" MMC-nin hesabına göndərmişdir. Məhkəmə araşdırmasında müəyyən etdim ki, “Satıcı” adlanan "Julius Glatz GmbH" şirkətini təmsil edən satış şöbəsinin rəisi cən. Tomas Riyişmidin ilə “Alıcı” adlanan “X6 Fabriki” ASC-i təmsil edən baş mühəndisi Şlopak A.N arasında bağlanmış alqı-satqı müqavilə ilə Satıcı malların satıçını, Alıcı isə gələcəkdə Mal adlanacaq siqaret kağızını və müxtəlif növ fisella (siqaretin bir hissəsi üçün sarğı materialı) almasını öz üzərinə götürmüşdür. 01 nömrəli xx.xx.2021-ci il tarixli tələb hüquqlarının başqasına verilməsi haqqında müqavilədən görünür ki, “İlkin Kreditor” adlanan "Julius Glatz GmbH" şirkətini təmsil edən, satış şöbəsinin rəisi cən. Tomas Riyişmidin ilə “Yeni Kreditor” adlanan "xxxx" MMC-nin direktoru X3 arasında xx.xx.2015 tarixli 908 nömrəli İlkin Kreditor ilə Borclu arasında bağlanmış (bundan sonra İlkin Müqavilə) müqavilə üzrə maliyyə öhdəliklərinin yerinə yetirilməsindən irəli gələn, bundan sonra Borclu adlandırılacaq “X4 "xxxx" ASC-yə qarşı İlkin Kreditor qarşısında 27.482,95 avro məbləğində olan borcu öz üzərinə götürərək ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş tapşırığından görünür ki, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC tərəfindən "Julius Glatz GmbH" şirkətinə 27.482,88 Avro miqdarında pul vəsaiti köçürülmüşdür. Lakin, 27.482,88 Avro məbləğində pul ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçsə də, həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mərkəzi Bankını 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş 28 noyabr 2016-cı il tarixli Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarından da görünür ki, 01 sentyabr 2021-ci il tarixdə "xxxx" MMC tərəfindən "Julius Glatz GmbH" şirkətinin bank hesabına ödənilmiş 27.482,88 Avro məbləğində pul ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçsə də, həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə Şəxs nümayəndəsinin verdiyi izahata və onun tərəfindən təqdim edilmiş sənədlərə münasibətdə qeyd edir ki, “X4 "xxxx" ASC tərəfindən Şəxs MMC-nin Rusiya Federasiyası Moskva şəhərində yerləşən “Promstroybank” da olan filialına köçürülmüş avans məbləğin təyinatı ilə Şəxs MMC tərəfindən 01 sentyabr 2021-ci il tarixdə xaricə avans olaraq köçürülmüş 27482.88 Avro məbləğinin arasında bağlılığın mövcud olduğunu mötəbər sübutlarla müəyyən etmək olmamışdır. Həmçinin məhkəmə onu qeyd edir ki, məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi onu da qeyd etdi ki, İnter TOBACCO MMC-nin İtaliya şirkətinə borcu olmuşdur. O da onların şirkətə avans pul köçürtdüyündən həmin İtaliya şirkətinə olan borcunu onlara göndərdiyi avans puldan ödənilməsini xahiş etmişdir. O da onun borcunu ödəyib. Bunun müqabilində o qazanc (faiz) əldə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin əməlində İXM-in 430.4-cü maddəsinin tərkibinin olması tam sübuta yetirilir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 fevral 2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, Konstitusiyanın 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə müvafiq valyuta əməliyyatı ilə bağlı xüsusi nəzarət rejiminin müəyyən edilməsinə və İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində valyuta tənzimi qaydasının pozulmasına görə məsuliyyətin nəzərdə tutulması sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıyır. Bundan başqa, Apelyasiya Məhkəməsi qərarında qeyd etmişdir ki, Şəxs MMC 27482.88 Avro məbləğində vəsaiti 01 sentyabr 2021-ci il tarixdə xaricə avans şəklində köçürmüş və 2 il müddət keçsə də 27482.88 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olsa da, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas, vəsaitin xaricdə fəaliyyət göstərən hüquqi şəxsə köçürülməsi anı ilə deyil, bu ödənişin aparıldığı gündən Qaydaların 4.3.1.3-cü bəndində müəyyən edilmiş müddətdə malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsinin və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədin banka təqdim olunmaması ilə şərtləndirilmişdir. Bu halda avans ödənişi edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində mallar (xidmətlər) idxal edilmədikdə və ya valyuta vəsaiti geri qaytarılmadıqda növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. “İqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar” Fəslinə aid edilən İnzibati Xətalar Məcəlləsinin 430-cu maddəsi, yəni valyuta tənzimi qaydalarının pozulması, həmin Məcəllənin 38.1-ci maddəsinin ikinci cümləsində göstərilmədiyindən bu növ inzibati xətalara inzibati tənbeh, onun törədildiyi gündən ən geci üç ay keçənədək tətbiq edilməlidir. Məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Bu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, bu işlərə həmin Məcəllənin 111.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarının mahiyyətinə görə, qaydalarda və ya maddələrdə inzibati xəta müəyyən olunmuş müddətlərdən sonra yaranırsa, müddət axımı müəyyən olunmuş müddətin növbəti günündən başlayır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi üzrə məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə (2 il) müvafiq malların idxal edilməməsi, işlər görülməməsi və ödənilmiş valyuta vasaitinin xaricdən geri qaytarılmamasına görə nəzərdə tutulduğundan inzibati xəta tərkibi 2 il müddətində müvafiq malların (işlərin, xidmətlərin) idxal edilməməsinə, valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə yaranır. İnzibati xətanın törənməsi və müddət axımı valyuta növbəti vəsaitinin köçürüldüyü gündən riyazi hesablama ilə 2 ilin tamam olduğu günün ertəsi günündən başlamış olur. Yəni, bu halda avans ödənişi edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində mallar (xidmətlər) idxal edilmədikdə və ya valyuta vəsaiti geri qaytarılmadıqda növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Hazırki iş üzrə üzrə inzibati xəta xx.xx.2023-cü il tarixində törədilmişdir. Belə ki, hüquqi şəxs Şəxs MMC tərəfindən 01 sentyabr 2023-cü il tarixdən gec olmayaraq xx.xx.2021-ci il tarixdə "Julius Glatz GmbH" şirkətinə köçürülmüş 27.482,88 Avro məbləğində vəsait hesabına alınan malları (xidmətlərin) ölkəyə idxal etməli və ya valyuta vəsaitini geri qaytarılmalı idi. Məhkəmə iclasında da müəyyən olundu ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Bununla da, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən 27482,88 Avro məbləğində olan vəsait hesabına alınan malların (xidmətlərin) qanunla müəyyən edilmiş 2 il ərzində ölkəyə idxal edilməməsi və valyuta vəsaitinin geri qaytarılmaması ilə bağlı xx.xx.2023-cü il tarixdə törədilmiş inzibati xətanın törədilmə günündən 4 aydan çox vaxt keçdiyinə görə Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilə bilməz və hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 48-51, 53.0.6, 114-118, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar