Məhkəmə qərarları › İş №3(033)-209/2021

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-209/2021

22.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-209/2021 22.04.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3, onun vəkili X1 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X6 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1987-ci il tarixdə Zaqatala rayonu, Aşağı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Göyəm kəndində qeydiyyatında olan və yaşayan. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib müəyyən etdi : X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 22 aprel 2021-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 22 aprel 2021-ci il tarixdə saat 14 radələrində icra şöbəsinin məcburi icra işi zamanı asayişi qoruyan polisin qanuni tələbinə tabe olmamışdır. Qeyd edilən material üzrə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon polis şöbəsinin İTBnin sahə rəisi, polis mayoru X10 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Apelyasiya Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli icra sənədi üzrə borclu X7 RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tələbkar Yüzbaşıyev Arif Soltanməcid oğlunun mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması icra sənədinin məcburi icrası 22 aprel 2021-ci il tarixə saat 14:00-a təyin edilmişdir. İcra işi zamanı X7 polisin qanuni tələbinə tabe olmamışdır. İcra işi telefonun videokamerası vasitəsilə qeydə alınmışdır. Onun polisin qanuni tələbinə tabe olmaması ondan ibarət olmuşdur ki, Gülxar Zamanova və uşaqları orada səs küy salaraq evdən çıxmayacaqlarını bildirmişlər. Onlar həm icra məmuruna, həm də ona evdə olan əşyalar (bıçaq, stəkan, kosmetika əşyaları) atmışlar. Gülxar Zamanova başqa hərəkətlərə yol verməmişdir. X4 qarşı nəsə atmasını görməmişdir. Digər otaqda olan zaman başqa bir otaqdan nəsə atıldığını görmüş, bilmişdir ki, onu atan Gülxar Zamanovadır. Ancaq onu görməmişdir. Həmin hal kameraya da düşməmişdir. O, polisin qanuni tələbinə tabe olmamış, öz hərəkətlərini davam etdirdiyi üçün RPŞ-nin inzibati binasına dəvət olunmuşdur. O, polis şöbəsinə dəvət olunan zaman da hər hansı maneçilik göstərməmişdir. Onun izahatı alınmışdır. Bunun əsasında onun haqqında 22 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, Zaqatala rayonu Göyəm kəndində uşaqları ilə birlikdə yaşayır. Şəki Apelyasiya Məhkəməsinin qətnaməsi ilə onun tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Zaqatala Rayon Məhkəməsinin qətnаməsi onun Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı həmin torpaq sahəsində yerləşən tikilidən çıxarılması- hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə təmin edilməmişdir. Bundan sonra qətnamə icraya yönəldilmişdir. İcra məmuru isə qanuni qüvvəyə minmiş qətnamə olduğu halda, onu və uşaqlarını yalnız torpaqdan çıxarmalı olduqları halda, onu həm də çıxarılması nəzərdə tutulmayan tikilidən də çıxarmaq istəyirlər. Bunun da nəticəsi kimi, yaşadıqları evə gələrək onu və uşaqlarını zorla həmin evdən çıxarırlar. İcra işi zamanı icra məmuru ilə polis əməkdaşları onları həmin evdən çıxarmaq istəyirdilər. Bu zaman o, polis əməkdaşlarına qarşı hər hansı qanunsuzluq etməmiş, onların qanuni tələblərinə əməl etmişdir. Videogörüntülərə baxdıqda da görünür ki, o, ancaq evdən çıxarılmasına narazılıq edir. Başqa hər hansı hərəkət etmir. O, qeyd olunan inzibati xətanı törətmədiyini bildirdi, əgər hadisə olmuşdursa belə, kamera görüntüləri vasitəsilə həmin hadisə qeydə alınmalı idi. Göründüyü kimi, o, qeyd olunan inzibati xətanı törətməmişdir. Ona görə də, inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə baxış iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 vəkili X5 çıxış edərək X3 əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, protokol tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edirəm ki, X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. X3 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda isə onun 22 aprel 2021ci il tarixdə saat 14 radələrində icra şöbəsinin məcburi icra işi zamanı asayişi qoruyan polisin qanuni tələbinə qəsdən tabe olmaması bildirilsə də, həmin vaxt onun polisin qanuni tələbinə qəsdən tabe olmaması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan başqa, X3 əməlində polis əməkdaşının qanuni tələbinə tabe olmama kimi bir halın olması da müəyyən edilmədi. Belə ki, həm inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, həm də barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin izahatlarından müəyyən edilir ki, X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol tərtib edən şəxs tərəfindən müşahidə edilməmişdir. Eyni zamanda X3 özü tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Bütün qeyd edilənlər X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. Eyni zamanda, məhkəməyə təqdim edilmiş icra işi ilə əlaqədar çəkilmiş videogörüntülərə baxan zaman da Gülxar Zamanovanın polisin qanuni tələblərinə tabe olmaması halına rast gəlinmədi. Protokol tərtib edən şəxs özü də bildirir ki, Gülxar Zamanovanın ona qarşı nəsə atmasını görməmişdir. Digər otaqda olan zaman başqa bir otaqdan nəsə atıldığını görmüş, bilmişdir ki, onu atan Gülxar Zamanovadır. Ancaq onu görməmişdir. Həmin hal kameraya da düşməmişdir. O, polis şöbəsinə dəvət olunan zaman da hər hansı maneçilik göstərməmişdir. Yalnız evdən çıxmayacağını bildirmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmiş, yəni öz təqsirsizliyini sübut etməyə, borclu deyildir. Əksinə şəxsin qeyd olunan inzibati xətanı törətməsi ilə bağlı hər hansı bir inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi polis sahə rəisinin üzərinə düşür. Bundan əlavə Gülxar Zamanovanın evdən çıxmamasını bildirməsi onun polisin qanuni tələbinə tabe olmaması kimi qiymətləndirilə bilməz. Bundan başqa inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. X3 22 aprel 2021-ci il tarixdə saat 14 radələrində icra şöbəsinin məcburi icra işi zamanı asayişi qoruyan polisin qanuni tələbinə qəsdən tabe olmaması, bununla da, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı bir formada sübuta yetirilmir. Belə vəziyyətdə hesab edirəm ki, X7 tərəfindən Azərbaycan Respublikası İXM-in Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir və onun əməlində həmin inzibati xətanın tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Zaqatala rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X6 22 aprel 2021-ci il tarixdə tərtib etdiyi MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.0.2, 114-118-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Zaqatala rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X6 22 aprel 2021-ci il tarixdə tərtib etdiyi MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar