Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-212/2022 04.07.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyev Fərrux Elman oğlunun katibliyi, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1988-ci ildə Zaqatala rayonu Mamqabinə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Zaqatala rayonu Mamqabinə kəndində qeydiyyatda olan və orada yaşayan - X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i m: Zaqatala Rayon İcra və X9 Rayon Məhkəməsinə müraciət edərək, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-888/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən 17 iyul 2014-cü il tarixdə doğulmuş X1 və 03 mart 2016-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 03 may 2016-cı il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment X2 alınaraq Qəhramanova (Mazanova) Səhər Mehdi qızının xeyrinə verilməlidir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-888/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar hazırda yaranmış 7060 manat aliment borcunun zərərçəkmiş şəxs Qəhramanova (Mazanova) Səhər Mehdi qızına ödənilməsi tələb olunsa da, o, aliment borcunu bir dəfəyə ödəyə bilməyəcəyini bildirmiş və həmin məbləği bir dəfəyə ödəməkdən imtina etmişdir. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 məhkəmənin qeyd edilən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərə yol vermiş və ona görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, X11 məhkəmə prosesində verdiyi izahatında qeyd edilən inzibati xəta haqqında protokolun dəlillərini müdafiə etdiyini bildirərək göstərmişdir ki, icra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, borclunun adına heç bir daşınar və daşınmaz əmlakın olmadığı müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 icra vərəqi üzrə alimentini vaxtı-vaxtında ödəmədiyi üçün zərərçəkmiş şəxs Qəhramanova (Mazanova) Səhər Mehdi qızına 7060 manat aliment borcu yaranmışdır. İş üzrə zərərçəkmiş şəxs həmin məbləği bir dəfəyə ödənilməsini istəyir. Borcun ödənilməsi dəfələrlə tələb olunsa da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 işsiz olmasını, maddi imkanının olmamasını bəhanə gətirərək, borcunu ödəməkdən imtina etmişdir. Odur ki, məhkəmədən onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, hazırda rəsmi iş yeri yoxdur, fərdi təsərrüfatla məşğul olur, hazırda alimenti bir dəfəyə ödəmək üçün maddi imkanı yoxdur. Lakin vaxt veriləcəyi təqdirdə sentyabr ayında fındıq yığımından sonra yığdığı məhsulu satıb alimenti ödəyəcəkdir. Ona görə də, ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Vəkil öz çıxışında hüquqlarını müdafiə etdiyi X3 hazırda maddi imkanının olmamasını, işsiz olmasını, vaxt veriləcəyi təqdirdə aliment borcunu ödəyəcəyini, aliment borcunu ödəməkdən qəsdən yayınmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-888/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədindən görünür ki, 17 iyul 2014-cü il tarixdə doğulmuş X1 və 03 mart 2016-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 03 may 2016-cı il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment X2 alınaraq Qəhramanova (Mazanova) Səhər Mehdi qızının xeyrinə verilməlidir. İş materiallarında olan Zaqatala Rayon İcra Şöbəsinin icra məmuru, X8 tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli “İcraata başlamaq haqqında” qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, iş üzrə icraata başlanılması, borclu X5 icranı dərhal könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır və ona tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli hökmün surətindən görünür ki, X6 barəsində aliment borcunu ödəmədiyi üçün Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanmış barəsində azadlığın məhdudulaşdırılması cəzası təyin edilmişdir. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, icra məmuru tərəfindən lazımi qanuni tədbirlərin görülməsinə baxmayaraq, icra edilməli olan məhkəmənin icra vərəqəsi X6 tərəfindən indiyədək üzrsüz səbəbdən icra edilməmişdir. Şərh edilənlərə əsaslanaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 məhkəmənin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməklə, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129.1-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 129.2-ci maddəsinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-in 32.1 və 33.1-ci maddələrində nəzərdə tutulmuş inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaların xarakterini eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə hesab edir ki, inzibati xəta törədən şəxs X3 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada məhkəmə iclası zalından həbs edilsin. Həbs etmənin əvvəli onun həbsə alındığı 04 iyul 2022-ci il tarix, saat 16:40-dan hesablansın. Qərarın icrası Zaqatala Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Qərarın surəti inzibati xətanı törədən şəxsə, müdafiəçiyə, zərərçəkmiş şəxsə, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə təqdim edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(033)-212/2022
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-212/2022
04.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver