Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-218/2025 21.04.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, Şikayət verən şəxs X1 Azərbaycan Respublikası Azərbaycan Respublikası FHN-nin X8 Xidmətinin X4 Yanğın Nəzarəti İdarəsi tərəfindən barəsində xx.xx.2025-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası FHN-nin X8 Xidmətinin X4 Yanğın Nəzarəti İdarəsinin barəsində tərtib etdiyi 19 mart 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X3 şikayət ərizəsində göstərmişdir ki, o, 24 oktyabr 2011-ci il tarixdən Zaqatala şəhər 12 nömrəli “Təbəssüm” körpələr evi - uşaq bağçasının müdiri vəzifəsində işləyir. Azərbaycan Respublikası FHN-nin X8 Xidmətinin X4 Yanğın Nəzarəti İdarəsinin inspektoru tərəfindən rəhbərlik etdiyi məktəbdə yoxlama aparılmış və yanğın təhlükəsizliyi qaydalarının normativ sənədlərin tələblərinə uyğun olmaması əsas götürülərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən haqqında 100 (yüz) manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə 19 mart 2025-ci il tarixli MN № ******* saylı qərar qəbul edilmişdir. o həmin qərarla qətiyyən razılaşmır və hesab edir ki, barəsində qəbul edilmiş inzibati cərimə tənbeh növünün tətbiq edilməsinə dair Azərbaycan Respublikası FHN-nin X8 Xidmətinin X4 Yanğın Nəzarəti İdarəsinin 19 mart 2025-ci il tarixli MN № ******* saylı qərarı qanunsuz və əsassızdır. Zaqatala şəhər 12 nömrəli körpələr evi-uşaq bağçasının binası 1977-ci ildə istismara verilmişdir. Həmin vaxtdan hazırki dövrədək binanın yanğın təhlükəsizliyi qaydaları ilə bağlı heç bir problemlər yaranmamışdır. Lakin qeyd etmək istəyir ki, X6 İdarəsinin inspektorunun barəsində qəbul etdiyi qərarı ona münasibətdə olmalı deyil. Çünki qanunvericiliyə əsasən keçirilən yoxlamanın nəticəsinə dair qeyd olunanların yerinə yetirilməsinə görə məsuliyyət daşımalı olan şəxs o deyil. Belə ki, bağça müdiri kimi onun vəzifə səlahiyyətlərini müəyyənləşdirən heç bir normativ hüquqi aktda, o cümlədən Təhsil Haqqında Azərbaycan Respublikasının Qanununda həmin yoxlamanın nəticəsinə dair tələbnamədə göstərilən vəzifə öhdəlikləri yoxdur. Belə olan halda hesab edir ki, Zaqatala şəhər 12 nömrəli körpələr evi-uşaq bağçasının müdiri kimi Azərbaycan Respublikası İXMnin subyekti o deyiləm və onun əməlində İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. X8 Xidmətinin X4 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi tərəfindən icrası təmin olunması üçün ona təqdim olunan 04 mart 2025-ci il tarixli 72 №-li tələbnamədə göstərilənlər maddi və fiziki cəhətdən, həm də praktiki olaraq onun şəxsi imkanı və səlahiyyəti xaricindədir, eləcə də onun vəzifə öhdəliklərinə daxil deyil. X6 İdarəsinin nümayəndəsi tərəfindən təhsil müəssisəsində yanğından mühafizə ilə bağlı texniki müayinə aparılmış və həmin müayinənin nəticələrinə dair müvafiq göstərişlərin icrasının təmin olunması üçün xx.xx.2025-ci il tarixdə rəsmi qaydada Zaqatala rayonu üzrə Təhsil sektoruna müraciət edərək rəhbərlik etdiyi bağçada yanğından mühafizə ilə bağlı zəruri işlərin icrasının təmin olunması üçün tədbir görülməsini xahiş etmişdir. Yəni o bir bağça müdiri kimi öz üzərinə düşən vəzifəsini icra etmişdir. İnzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə analoji qərarlar başqa rayonlar üzrə də vəzifəli şəxslər barəsində də qəbul edilmişdir, lakin qanunsuz olduğu üçün həmin qərarlar bir neçə birinci instansiya məhkəmələri tərəfindən məhkəmə qaydasında ləğv olunmuş və qanuni qüvvəsini almışdır. Həmin məhkəmə qərarları qanuni qüvvəsini aldığı üçün hesab edir ki, məhkəmə presedenti kimi nümunə olaraq əsas götürülməlidir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Azərbaycan Respublikası FHN-nin X8 Xidmətinin X4 Yanğın Nəzarəti İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir Şikayət verən şəxs X3 şikayət ərizəsini müdafiə edərək ona uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə və bu maddənin “Qeyd” hissəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İşin faktiki hallarından, həmçinin toplanmış mötəbər sübutlardan da göründüyü kimi 14 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Fövqəladə X7 Yanğın Nəzarət Xidməti X4 Yanğın Nəzarəti İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Zaqatala şəhər 12 nömrəli körpələr evi - uşaq bağçasında baxış keçirilmiş və bağça binasının elektrik naqillərinin təmir olunmasına və yanğınsöndürən balonların doldurulmasına, yanğın xəbər verici siqnalizasiya qurğusu ilə təmin olunmasına, çardaq otaqlarının taxta konstruktiv elementləri oda davamlı məhlulla hopdurulmasına ehtiyac olduğu müəyyən edilmiş və eyni zamanda otaqların isidilməsi üçün qeyri-standart elektrik qızdırıcı sobadan istifadə edilməsi aşkarlanmışdır. Beləliklə, iş materiallarında olan sübutlara əsasən şikayətçinin vəzifəli şəxs kimi inzibati xətanı törətməsi təsdiq edilir. Bu mənada, qeyd olunur ki, qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Lakin, tətbiq edilməli olan inzibati xəta haqqında qanunun norması səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən natamam tətbiq edilmişdir. Belə ki, tətbiq edilməli olan inzibati xəta haqqında qanunun norması dedikdə, baxılan inzibati xəta haqqında işin düzgün həll edilməsi və qanuni, əsaslı qərar çıxarılması üçün tətbiq edilməli olan inzibati xəta haqqında qanunun ümumi və xüsusi hissəsinin konkret maddələri, onların hissələri (bəndləri) başa düşülməlidir. Belə normanın tətbiq edilməməsi isə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarın dəyişdirilməsi üçün əsasdır. Bu mənada, Azərbaycan Respublikası İXM-nin 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. İXM-nin 115.1.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərarda inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətçi vəzifəli şəxs Gülnarə Heydərova barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərarın qəbul edilməsi əsaslı olsa da, ona təyin edilmiş inzibati cərimə şərti olaraq tətbiq edilməmiş və onun tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə, bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilməsi imkanı (hüququ) məhdudlaşdırılmışdır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarması müəyyən edilmişdir. Lakin, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında qərar qəbul edərkən bu maddənin sözügedən tələblərinə lazımi qaydada diqqət yetirməmiş, bununla da inzibati xəta haqqında qanunvericiliyin tələblərini pozmaqla, tətbiq edilməli olan inzibati xəta haqqında qanunun normasını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası İXM-in 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135-ci maddəsinin İ hissəsinin İİ-V bəndlərinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Beləliklə, məhkəmə şikayəti, inzibati tənbeh vermə haqqında qərarı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməklə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti X4 Yanğın Nəzarəti İdarəsinin 19 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqıda qərarı dəyişidirilərək, vəzifəli şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təyin edilmiş 100 (bir yüz) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilməli və onun tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə X3 bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilməli, həmçinin həmin müddətdə qərarda əksini tapmış hüquqpozma aradan qaldırıldıqda, bu müddət ərzində məhkəməyə məlumat verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti X4 Yanğın Nəzarəti İdarəsinin 19 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqıda qərarı dəyişidirilərək, vəzifəli şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təyin edilmiş 100 (bir yüz) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilsin və onun tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə X3 bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilsin. Həmin müddətdə qərarda əksini tapmış hüquqpozma aradan qaldırıldıqda, bu müddət ərzində məhkəməyə məlumat verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №3(033)-218/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-218/2025
21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver