Məhkəmə qərarları › İş №3(033)-219/2021

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-219/2021

07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-219/2021 07.05.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında icraatın başlanması barədə qərar qəbul edən orqan Zaqatala rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən üçüncü dərəcəli hüquqşünas X2 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxxxx 1989-cu il tarixdə Şəki rayonu Qoxmuq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, Şəki rayonu Qoxmuq kəndində qeydiyyatında olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Zaqatala rayon prokurorluğundan Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında icraatın başlanması barədə 28 aprel 2021-ci il tarixli qərar qəbul edilmişdir ondan ötrü ki, o, 20 fevral 2021-ci il tarixdə sərxoş vəziyyətdə etibarnamə əsasında ** CB *** dövlət qeydiyyat nişanlı “Nissan Maxima” markalı avtomobili idarə etmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon prokurorluğu tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında icraatın başlanması barədə qərar qəbul edən orqan Zaqatala rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən üçüncü dərəcəli hüquqşünas X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 20 fevral 2021-ci il tarixdə saat 22:30 radələrində Zaqatala RMX PHŞ-dan rayon polis şöbəsinə Zaqatala-Qax yolunun Suvagil kəndi ərazisindən keçən hissəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Zaqatala rayonu Suvagil kənd sakini 1996-cı il təvəllüdlü X5, 1997-ci il təvəllüdlü X6 və 2001-ci il təvəllüdlü X4 müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olmaları barədə məlumat və həmin məlumat əsasında toplanmış materiallar əsasında cinayət işi başlanmışdır. Aparılmış istintaqla Şəxs əməllərində hər hansı bir cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmiş, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılmışdır. Şəxs 20 fevral 2021-ci il tarixdə sərxoş vəziyyətdə etibarnamə əsasında ** CB *** dövlət qeydiyyat nişanlı “Nissan Maxima” markalı avtomobili idarə etdiyinə görə onun haqqında 28 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında icraatın başlanması barədə qərar qəbul etmişdir. Ona görə də, onun barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, Şəki rayonu Qoxmuq kəndində yaşayır. O, dostu Emin adlı şəxslə 20 fevral 2021-ci il tarixdə yaşadığı Şəki rayonundan Balakən şəhərinə qonaq getmişdir. Eminin qohumunun evində spirtli içki içmişdir. Bundan sonra etibarnamə əsasında idarə etdiyi “Nissan Maxima” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmiş, Zaqatala rayonu Suvagil kəndi ərazisində yolnəqliyyat hadisəsi törətmişdir. Bir səhvdir edib, o, sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə peşmandır. Göstərilənlərin nəzərə alınmasını və onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında materiala əlavə “sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 20 fevral 2021-ci il tarixli 76 nömrəli aktdan görünür ki, tibbi müayinə zamanı xx xxxxxxxx 1989-cu il təvəllüdlü Şəxs yüngül dərəcədə alkoqol sərxoşluğunun olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında qərarı nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafından başqa, həm də iş üzrə toplanmış materiallarla tam sübuta yetirilmişdir. Ona görə də o, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə araşdırması zamanı Şəxs əməlini səmimi etiraf etməsi, əməlindən səmimi peşmançılıq çəkməsi və inzibati xətanı sərxoş halda törətməsi müəyyən edildi. Şəxs əməlini etiraf etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci və 32.1.1-ci maddələrinə görə inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Lakin həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Ona görə də hesab edirəm ki, “inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi” Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tərkib əlaməti kimi nəzərdə tutulduğundan onun inzibati xətanı sərxoş halda törətməsi inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 27.1 və 27.2-ci maddələrinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını, əksinə məsuliyyəti yüngülləşdirən halların olmasını, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini, həmçinin onun xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozması halının olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin qeyd hissəsinin 5-ci bəndində göstərilir ki, bu Məcəllənin 327.8, 333.1 və ya 343.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xəta 5 balla qiymətləndirilir. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 128-130-cu maddələrinə əsaslanaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və Zaqatala rayon prokurorluğuna təqdim edilsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar