Məhkəmə qərarları › İş №3(033)-220/2021

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-220/2021

19.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-220/2021 19.05.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, Zaqatala RPŞ-nin X9 bölməsi yol patrul xidməti inspektoru, polis serjantı X3 və şikayət verən şəxs X2 iştirakları ilə, Şikayət verən şəxs X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, 27.04.2021-ci il tarixdə barəsində tərtib olunmuş EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar verilməsini xahiş etmişdir. Şikayət verən şəxs X4 məhkəmə iclası zamanı şikayətini müdafiə edərək izahatında göstərdi ki, o, 27.04.2021-ci il tarixdə saat təxminən 11:50 radələrində idarə etdiyi Mercedes Benz C200 markalı ** GR *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zaqatala şəhəri, Həzi Aslanov, 55 ünvanında yerləşən “Azercel 1” mağazasının qarşısında dayanmışdır. Həmin ərazidə yerdə 1.4 (sarı bütöv) xəttinin çəkildiyini müşahidə etsə də, bu xəttin X7 Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 8-ci bəndinin 3-cü abzasında (3.27-3.30 nişanları üçün - onların qüvvədə olduğu sahənin qurtaracağında 3.27-3.30 nişanlarını 7.2.3 lövhəciyi ilə təkrarən qoymaqla və ya 7.2.2 lövhəciyi tətbiq etməklə, 3.27 nişanı 1.4 nişanlama xətti ilə birlikdə; 3.28 nişanı isə 1.10 nişanlama xətti ilə birlikdə tətbiq edilə bilər: bu zaman nişanların qüvvədə olduğu sahə nişanlama xəttinin uzunluğu ilə müəyyənləşdirilir.) göstərilən 3.27 (dayanmaq və durmaq qadağandır) nişanı ilə tətbiq olunmadığını gördükdə yerdəki xəttin yolun hərəkət hissəsinin hüdudlarını müəyyən etmək üçün çəkildiyini nəzərə almışdır. Bundan əlavə məhkəməyə təqdim etdiyi video materialdan da aydın görünür ki, həmən yolun hərəkət hissəsində 4.1.1 (düzünə hərəkət) və 3.28 (durmaq qadağandır) nişanları quraşdırılmışdır. 3.28 (durmaq qadağandır) nişanı ilə 1.10 (sarı qırıq-qırıq xətt) tətbiq edilməli olan halda 1.4 ( sarı bütöv xətt) tətbiq edilmişdir. İki nişan arasında ziddiyyət mövcuddur. Bundan başqa video materialdan da göründüyü kimi, nişanlardan sonra yolayrıcı vardır. “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 3-cü abzasında (Qadağanedici və məhdudlaşdırıcı nişanların qüvvəsi quraşdırıldığı yerdən, əks nişanın quraşdırıldığı yerədək və ya növbəti yolayrıcınadək şamil edilir. Qadağa və ya məhdudiyyətin yolayrıcından sonra da qüvvədə olmasını göstərmək tələb olduğu hallarda bu nişan milli qanunvericiliyə uyğun olaraq təkrarlana bilər.) göstərildiyi kimi yolayrıcından sonra nişan təkrarlanmalıdır. O, yol hərəkəti qaydalarını pozmadığını nəzərə alaraq, avtomobilindən uzaqlaşmışdır. Lakin, saat 11:56-da ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobilində oturan inspektorun avtomobilinin şəkillərini çəkdiyini gördükdə yaxınlaşaraq səbəbini öyrənməyə çalışmışdır. İnspektor dayanma və durma qaydalarını pozduğunu, bunun üçün cərimə olunduğunu bildirmişdir. İnspektora qaydaları pozmadığını, haqsız yerə cərimə olunduğunu bildirsə də, o onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib, barəsində EQ ******* saylı qərarlı protokol tərtib etmişdir. Bildirir ki, barəsində tərtib olunmuş protokol və onun əsasında verilmiş qərar əsassızdır. Ona görə də, şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala RPŞ-nin X9 bölməsi yol patrul xidməti inspektoru, polis serjantı X5 izahatında göstərdi ki, X2 barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar qanuni, əsaslı və ədalətlidir. X4 barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən qayda pozuntusunu etdiyinə görə o, inzibati qaydada 20 manat məbləğində cərimə edilmişdir. Belə ki, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatına əsasən Zaqatala şəhəri Həzi Aslanov küçəsində 27.04.2021-ci il tarixdə saat 11:56-da “Mercedes Benz C200 Minik” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X4 dayanma qaydalarını pozmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Ona görə də onun şikayəti əsassızdır və şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ ******* nömrəli elektron qərardan görünür ki, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatına əsasən Zaqatala şəhəri Həzi Aslanov küçəsində 27.04.2021-ci il tarixdə saat 11:56-da “Mercedes Benz C200 Minik” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X4 dayanma qaydalarını pozmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qərara alınmışdır ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 20 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə-iyirmi manat məbləğində cərimə edilir. “X7 Azərbaycan Respublikası Qanunu”nun 69-cu maddəsinin birinci və ikinci bəndinə əsasən yolun nişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında tətbiq olunur. Müvəqqəti nişanlama xətləri rənginə görə digər nişanlama xətlərindən fərqlənməlidir. Həmin Qanunun 69-cu maddəsinin dördüncü bəndinə əsasən yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Ondan müstəqil şəkildə ayrıca və ya tələblərini dəqiqləşdirdiyi və yaxud tamamladığı yol nişanları ilə birgə istifadə edilir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs tərəfindən təqdim edilmiş fotoşəkillərdən və şikayətə əlavə olunmuş videogörüntüdən aydın olur ki, yol kənarından quraşdırılmış dayanma qadağan edilən 3.27 yol nişanı sürücü tərəfindən diqqət edildikdə aydın şəkildə müşahidə edilməkdədir. Bundan başqa, məhkəmə şikayətçi tərəfindən yerdə üfüqi sarı xəttin olmasını gördüyünə, lakin yerdəki xəttin yolun hərəkət hissəsinin hüdudlarını müəyyən etmək üçün çəkildiyi məzmununda ifadəsinə münasibətdə X7 qanunvericiliyin aşağıdakı müddəalarına diqqət yetirməyi zəruri hesab edir. “X7” Qanuna 4 saylı Əlavədə göstərilmiş 3.27 yol nişanı nəqliyyat vasitələrinə münasibətdə dayanmanın qadağan edilməsini bildirir. Həmin Qanunun 52-ci maddəsinin İV hissəsinin 10-cu bəndinə görə 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında dayanma qadağandır. Qeyd edilən maddələrin məzmunundan da aydın olur ki, nəqliyyat vasitələrinin yol kənarında dayanması həm 3.27 yol nişanın quraşdırıldığı, həm də 1.4 nişanlanma xəttin çəkildiyi yerlərdə qadağandır. Bu zaman qanunvericilik 3.27 yol nişanının tək şəkildə quraşdırılığı hallarda müvafiq qadağanedici təsir qüvvəsinə malik olduğunu müəyyən etsə də, 1.4 nişanlanma xəttinə münasibətdə həm də 3.27 yol nişanının quraşdırılmasını da zəruri hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi də dayanma və ya durma qaydalarını pozmağa görə məsuliyyət müəyyən edir. Bundan başqa, şikayətin dəlillərindən biri də 3.27 yol nişanından sonra yolayrıcının olması, onun da avtomobilini yolayrıcından sonra yolun kənarında saxlaması və yolayrıcından sonra nişanın təkrarlanmamasıdır. “X7 Azərbaycan Respublikası Qanunu”nun 64-cü maddəsinin altıncı bəndinə görə 3.16, 3.20, 3.22, 3.24, 3.26—3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir. Həmin Qanunun doqquzuncu bəndinə əsasən 3.10, 3.27—3.30 qadağan nişanlarının qüvvəsi yolun yalnız nişan qurulmuş tərəfinə şamil edilir. Qeyd olunan qanuna əsasən yolayrıcı — yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir; İş materiallarına nəzər yetirildikdə də müəyyən olunur ki, nişan qurulmuş yerdən sonra barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin avtomobilini saxladığı yerə qədər olan məsafədə yolayrıcı mövcud deyil, yolayrıcı nişanla avtomobilin arasında yalnız əks istiqamətli yolda mövcuddur, hansı ki, həmin yolayrıcından nə nişanın quraşdırıldığı yola, nə də bu yoldan yolayrıcının olduğu əks istiqamətli yola dönmək mümkün deyil (qadağandır). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, X2 və protokol tərtib edən şəxsin izahatları ilə yanaşı, tədqiq edilmiş inzibati tənbeh vermə haqqında EQ ******* nömrəli elektron qərarına əsasən X2 Zaqatala şəhəri Həzi Aslanov küçəsində 27.04.2021-ci il tarixdə saat 11:56-da “Mercedes Benz C200 Minik” markalı, **-GR-*** qeydiyyat nömrə nişanlı avtomobili ilə durma qaydalarını pozduğu müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə şikayətçi X2 şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ ******* nömrəli elektron qərarının ləğv edilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar