Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-220/2023 21.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X5, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxx 1976-cı il tarixdə Zaqatala rayonu Axaxdərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, il ərzində eyni xəta üzrə inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Axaxdərə kəndində qeydiyyatında olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 21 iyul 2023cü il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 17 iyul 2023-cü il tarixdə sərxoş vəziyyətdə Car kəndində anasına məxsus evə getmiş, orada ögey atası Zərərçəkmiş şəxs əlindəki telefonla vurmuşdur. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon polis şöbəsinin İTBnin polis sahə rəisi, polis kapitanı X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Zaqatala rayonu Car kənd sakini Zərərçəkmiş şəxs Qərakişi oğlu DİN-in “102" xidmətinə və Zaqatala RPŞ-yə müraciət edərək bildirmişdir ki, həmin tarixdə saat 17 radələrində yaşadığı evdə heç bir səbəb olmadan ögey oğlu-Şəxs onun başına zərbə vuraraq xəsarət yetirmişdir. O, İlham barəsində tədbir görülməsini xahiş etmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Zaqatala rayonu Axaxdərə kənd sakini Şəxs sərxoş vəziyyətdə rayonun Car kəndində yaşayan anası X2 yaşadığı ünvana getmişdir. Həmin ünvanda Şəxs şəxsi münasibətlər zəminində ögey atası Zərərçəkmiş şəxs ilə mübahisə etmişdir. Həmin mübahisə zamanı Şəxs özünə məxsus “İtel’ markalı mobil telefonunu Zərərçəkmiş şəxs başına vuraraq sonuncunun sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. 21 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan qəbul edilmiş qərarın surəti baxılması üçün aidiyyəti üzrə Zaqatala RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. O, bügun saat 14:00-da polis şöbəsinə gəlmiş, onların izahatları alınmışdır. Göstərilənlərin əsasında onun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, Zaqatala rayonu Car kənd ərazisində "Zilban” çayının kənarında Bələdiyyəyə məxsus torpaq sahəsində 3 otaqdan ibarət yaşayış evi yerləşir. Həmin ev və torpaq sahəsi anası Uneyzət Məmmədovanın adınadır. Uneyzət Məmmədova təxminən 40 ildir ki, əslən Kürdəmir rayonundan olan Zərərçəkmiş şəxslə ərarvad münasibətində yaşayır. O, rayonun Axaxdərə kəndində öz ailəsi ilə yaşayır. Təxminən 6 aydır ki, Zərərçəkmiş şəxslə aralarında mübahisə baş verir. Belə ki, Uneyzətin səhhəti ilə əlaqədar müalicəsi üçün pul vəsaiti xərcləyir, lakin Savalan onun adına kredit götürərək özü üçün xərcləyir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Zaqatala şəhər ərazisində yerləşən "Görüş” kafesində spirtli içki qəbul etmişdir. Həmin vaxt qardaşı İslam ona zəng edib Uneyzətin səhhəti pis olduğunu və təcili gəlməsini xahiş etmişdir. O, taksi ilə Uneyzətin evinə getmiş, eyvanda Uneyzətin səhhətinin pis olub yerdə uzanmış vəziyyətdə olduğunu, yanında isə qardaşı İslamın, arvadı Dilbərin olduğunu görmüşdür. Bundan sonra evə Savalan gəlmiş və onlara “çəkilin kənara" deyib aradan Uneyzətin yanına keçəndə ona “sən kimsən bizə kənara dur, görürsən hamı qayğısına qalır» demiş və əsəbiləşib özünə məxsus “İtel" markalı mobil telefonunu atıb Savalanın başına vurmuşdur. Bundan sonra yaşadıqları evə təcili tibbi yardım avtomaşını gəlmiş və Uneyzəti həmin avtomobilə yerləşdirib xəstəxanaya yollamışdır. Bundan əlavə həmin hadisənin ani bir anda baş verdiyini qeyd etmişdir. Etdiyi hərəkətdən peşmandır, bir də belə hərəkətlərə yol verməyəcək, onun qabaqcadan Savalanı vurmaq kimi bir niyyəti olmamış, Savalana telefon atması ani baş vermişdir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, Zaqatala Rayon Polis Şöbəsində verdiyi izahatı təsdiq edir. O, qeyd etdi ki, 1984-cü ildə Zaqatala rayon Car kənd sakini X4 ilə ailə həyatı qurmuşdur. Ailə həyatı qurarkən Uneyzətin birinci evliliyindən İlham və İslam adlı övladı olub. Həmin övladlara o atalıq etmişdir. İslam onlarla bir evdə yaşayır, lakin İlham öz ailəsi ilə Zaqatala rayonu Axaxdərə kəndində yaşayır. 17.07 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı evdə olduğu zaman Uneyzətin səhhəti pisləşmiş, həmin vaxt evdə İslam olmuşdur. Uneyzət səhhəti pis olub eyvanda yerə yıxılmışdır. O, Uneyzətin başının altına balış qoyub təcili tibbi yardıma zəng etmiş, daha sonra təcili tibbi yardım gəcikdiyi üçün öz avtomobili ilə həkim arxasınca getmişdir. Xəstəxanadan həkimləri götürüb evə qayıdanda evdə İlhamın olduğunu görmüşdür. Həkimlər Uneyzəti müayinə edəndə o əyilib Uneyzətə baxmışdır. Həmin vaxt başının üstündə olan İlham ona "sən nə gəzirsən burda, sənə deməmişəm çıx get bu evdən" demişdir. O, cavab olaraq İlhama "mənə ev tikmisən? mənimlə ev davası edirsən? demişdir. Həmin vaxt İlham əlində olan mobil telefonu ilə başına bir dəfə zərbə vurub onu təhqir etmişdir. Bundan sonra təcili tibbi yardımın həkimləri Uneyzəti götürüb getmiş və döyülməsi barədə DİN-in “102" xidmətinə zəng edib məlumat vermişdir. Hazırda Şəxs şikayətçidir, onunla barışmır. Ona ən ağır cəza verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X8 məhkəmə iclası zamanı çıxış edərək Şəxs etdiyi hərəkətindən peşman olmasını nəzərə alaraq yüngül tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-in 157-ci maddəsinin tərkibi olduğundan qəbul edilmiş qərarın surəti baxılması üçün aidiyyəti üzrə Zaqatala RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Qərarın əsasında onun haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin qərarı mübahisələndirməmiş, həmin qərar qanuni qüvvəsini almışdır. Həmin qərarla müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Zaqatala rayonu Axaxdərə kənd sakini Şəxs sərxoş vəziyyətdə rayonun Car kəndində yaşayan anası X2 yaşadığı ünvana getmişdir. Həmin ünvanda Şəxs şəxsi münasibətlər zəminində ögey atası Zərərçəkmiş şəxs ilə mübahisə etmişdir. Həmin mübahisə zamanı Şəxs özünə məxsus “İtel” markalı mobil telefonunu Zərərçəkmiş şəxs başına vuraraq sonuncunun sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilmiş MTE və PA ETT-s Birliyinin Zaqatala rayon şöbəsinin 189 iyul 2023-cü il tarixli 223 nömrəli rəyinə əsasən vət. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər—təpə nahiyəsində əzilmiş yara—bərk kut əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü ildə əmələ gələ bilərdilər, sağlamlığa Zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan 17 iyul 2023-cü il tarixli 290 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, 1976-cı il təvəllüdlü Şəxs alkoqol qəbulu və yüngül dərəcəli alkoqol sərxoşluq aşkar edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün izahatı, zərərçəkmiş şəxsin, protokol tərtib edən şəxsin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, ekspert rəyi ilə və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə tövsif olunmalıdır. Zaqatala RPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı onun həmin əməli törətməsini səmimi etiraf edərək peşmançılıq çəkməsi və həmin əməli sərxoş halda törətməsi müəyyən edildi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin əməli törətməsini səmimi etiraf edərək peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sərxoş halda inzibati xəta törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilir. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmasını, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, zərərçəkmiş şəxsin izahatını nəzərə alaraq, eyni zamanda inzibati xəta törədən şəxsi tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati həbs edilməsinin əvvəli onun Zaqatala rayon polis şöbəsinə gəldiyi vaxtdan, yəni 21 iyul 2023-ci il tarixdən, saat 14:00-dan hesablanmalıdır. Göstərilənlərlə yanaşı, məhkəmə onu da qeyd edir ki, İXM-in 100.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməlidir. Ancaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş və ciddi hesabat sənədi hesab olunan inzibati xəta haqqında 21 iyul 2023-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, protokol tərtib edən şəxs qanun pozuntusuna yol vermiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs fərdi identifikasiya nömrəsini protokolda qeyd etməmişdir Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclası zalında həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun Zaqatala rayon polis şöbəsinə gəldiyi vaxtdan, yəni 21 iyul 2023-ci il tarixdən, saat 14:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Zaqatala RPŞ-nə həvalə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-220/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-220/2023
21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver