Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-220/2024 03.07.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili X5, tələbkar X1 və Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X6 iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Zaqatala rayonu, Faldarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatında olan və yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məmmədov X2 Rayon Məhkəməsinin 2(033)-208/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, onun barəsində 03 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon İcra və X3 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş şəxs Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi X8 izahatında göstərdir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 208/2019 nömrəli 04 yanvar 2019-cu il tarixli məhkəmə əmrinə əsasən tərəflərin birgə nikahından xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs hər ay 154 (bir yüz əlli dörd) manat məbləğində aliment X1 xeyrinə ödənilməlidir. Aliment tutulmasının əvvəli 03 yanvar 2019-cu il tarixdən hesablanmalıdır. İcra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Tərəfindən borclu Şəxs «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədinin icrası tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin edilən xəbərdarlıqlara baxmayaraq Şəxs icra sənədi üzrə yaranmış aliment borcundan 30 may 2024-cü il tarixdə 2000 manat ödəniş etmişdir. Borclunun hal-hazırda 6234 manat aliment borcu qalmışdır. Tələbkar şikayətçidir, borcunu tam şəkildə tələb edir. Buna görə də, onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-208/2019 nömrəli 04 yanvar 2019-cu il tarixli məhkəmə əmrindən xəbərdardır. Həmin əmrə əsasən qızının saxlanması üçün aliment ödəməlidir. Bildirir ki, qızının saxlanması üçün illərdir ki, aliment ödənişi edir və indiyədək heç bir problem yaranmamışdır. O bu günədək olan öhdəliklərinin artıqlaması ilə yerinə yetirmişdir. Belə ki, tələbkarla ayrıldıqları vaxtdan etibarən hər ay uşağa görə ödənilməli olan alimentdən daha artıq miqdarda, yəni, 200-250 manat miqdarında aliment ödənişini tələbkara əlbəəl ödəmişdir. Əlavə olaraq övladının göz əməliyyatı üçün 2000 manat məbləğində ödənişlər onun tərəfindən edilmiş, eyni zamanda uşağın səhhəti ilə bağlı dəfələrlə Bakıya gedib-gəlməsi, yoxlanışı ilə bağlı xərclər onun tərəfindən qarşılamışdır. Uşağın yaşı artdıqca artan tələbatları, mövsümi xəstəliklərlə bağlı həkim və dərman xərcləri, təhsil xərcləri və sadalaya bilmədiyi daha artıq xərclər onun tərəfindən qarşılanmışdır. Odur ki, o uşağına qarış olan öhdəliyini artıqlaması ilə yerinə yetirmişdir. Bu hal 2019-cu il tarixdən indiyədək nə tələbkar, nə də ki icra məmuru tərəfindən ona irad bildirilməməsində, borcu olduğuna dair hər hansı tələb irəli sürülməməsində öz təsdiqinin tapmışdır. Eyni zamanda onun həmin ödənişləri etməsi barədə qəbzləri olmasa da, şahidləri vardır. Həmçinin bildirir ki, o bu ay nişanlanmışdır, tələbkar isə buna qarşılıq ödənilmiş aliment məbləğlərinin rəsmi şəkildə ödənilməməsini bəhanə edərək yenidən ondan aliment tələb etmişdir. Bütün bu qeyd olunanlara baxmayaraq o, 30 may 2024-cü il tarixdə uşağı üçün 2000 manat aliment ödənişi etmişdir, həmçinin indi də əsassız yerə cəzalanmaması üçün uşağının saxlanması üçün 500 manat ödəməyə razıdır. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar X7 izahat verərək göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-208/2019 nömrəli 04 yanvar 2019-ci il tarixli məhkəmə əmri icra edilməmiş və borcun tam şəkildən ödənilməsini tələb edir. Belə ki, o borcu il 2017-ci il tarixdən ayrılmışdır və həmin vaxtadan ayrı yaşayırlar. 2019-cu ildə isə rəsmi olaraq ayrılmışdırlar. Qeyd edilən vaxtdan uşağın ehtiyacların qarşılanmasında borclu iştirak etmişdir, uşağın əməliyyat pulunu və təhsil pullarını ödəyir, o bu halları dana bilməz, lakin borclunun aliment borcu mövcuddur və o, ödənilməsini tələb edir. Ona təklif olunmuş 500 manat məbləği qəbul etmir, borcun tam şəkildə tutulmasını tələb edir. Odur ki, şikayətçidir, borclu barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X9 çıxış edərək Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola ona əlavə edilmiş sənədlərlə birlikdə baxarkən müəyyən etdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-208/2019 nömrəli 04 yanvar 2019-cu il tarixli əmrinə əsasən tərəflərin birgə nikahından xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs hər ay 154 (bir yüz əlli dörd) manat məbləğində aliment X1 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Məmmədov X2 Rayon Məhkəməsinin 2(033)-208/2019 nömrəli 04 yanvar 2019-cu il tarixli əmri üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmamış, əksinə protokola əlavə edilmiş sənədlərdən də görünür ki, 2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək alimentin ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı narazılıq olmamış, eyni zamanda icranın məcburi qaydada aparılması üçün icra məmuru tərəfindən hər hansı icra hərəkəti həyata keçirilməmişdir. Yalnız xx.xx.2024-cü il tarixdə tələbkarın borclunun axtarışa verilməsi haqqında ərizəsinə əsasən Zaqatala Rayon Məhkəməsinin 04 yanvar 2019-ci il tarixli əmrinin icrası məqsədi ilə borclu İcra və Probasiya Şöbəsinə dəvət edilmiş, izahatı alınmış və borclu tərəfindən hər hansı təxirə salınmaya yol verilmədən xx.xx.2024-cü il tarixdə tələbkarın hesabına 2000 manat ödəniş edilmişdir. Eyni zamanda məhkəmə iclasında borclu tərəfindən tələbkara 500 manat məbləğində ödəniş təklif edilmiş, lakin tələbkar qeyd edilən ödənişdən imtina etmişdir. Göründüyü kimi borclu tərəfindən məhkəmə aktının icrasının təmin edilməsi üçün şərait yaradılmasına baxmayaraq tələbkar bundan imtina etmişdir. Həmçinin, Şəxs borcunu birdəfədə ödəməsi üçün maddi imkanının olması hər hansı bir şəkildə öz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları protokol tərtib etmiş şəxsin, borclunun və tələbkarın məhkəmə iclası zamanı verdiyi izahatı ilə yanaşı, məhkəməyə təqdim edilmiş sənədlərlə də öz təsdiqini tapır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №3(033)-220/2024
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-220/2024
03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver