Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-224/2023 24.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili Vəkil və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi polis mayoru X3 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-13 avqust 1980-cı il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, ailəli, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Dağlı kəndində qeydiyyatında olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 24 iyul 2023-cü il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 22 iyul 2023-cü il tarixdə saat 22:30 radələrində Zaqatala rayonu Dağlı kəndində sərxoş vəziyyətdə ucadan söyüş söyüb, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon polis şöbəsinin İTBnin polis sahə rəisi polis mayoru X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Zaqatala rayonu Dağlı kəndinə əməliyyatistintaq qrupunun tərkibində polis əməkdaşları həmin kənd sakini X1 müraciəti əsasında getmişdirlər. Çağırış olunan ünvana getdikdə kənd sakini Şəxs qaynatası evində sərxoş vəziyyətdə özünə kəsici alətlə xəsarət yetirdiyini və ucadan yoldaşının qohumlarına qarşı nəlayiq söyüşlər söydüyünü görmüşlər. Şəxs nizam-intizama dəvət edib söyüş hərəkətlərinə son qoymasını tələb etmişlər. Lakin o polisin qanuni tələbinə qəsdən qərəzli surətdə tabe olmayıb öz hərəkətlərini davam etdirmişdir. Vətəndaşı həyətdən çıxarıb xidməti avtomobilə apararkən bağ tərəfə qaçıb oradan uzaqlaşmaq istəmişdir. Fiziki güc hesabına Şəxs avtomobilə mindirib polis şöbəsinə gətirmişlər. Həkim müayinəsi zamanı vətəndaşın sərxoş olması müəyyən edilmişdir. Bunun əsasında Şəxs haqqında 24 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, Dağlı kəndində yaşayır, fərdi əməklə məşğul olur. Onu qeyd edə bilər ki, təxminən 2 ay əvvəl həbsdən çıxmışdır. Evə gələndən sonra yoldaşı X2 mobil telefon görmüşdür. Telefonun haradan olması və onun bundan nə üçün xəbəri olmaması səbəbindən aralarında mübahisə yaranmışdır. Həyat yoldaşı Gülmayə paltarlarını da götürüb evdən çıxıb atası evinə çıxıb getmişdir. Təxminən 15 gün sonra o şəhərə gələn zaman qızı 2008-ci il təvəllüdlü qızı Bahar Əliyeva ondan xəbərsiz anasının yanına gedib. O, xx.xx.2023-cü il tarixdə axşam saatlarında sərxoş vəziyyətdə qaynatasının evinə getmişdir. Orada yoldaşı və qohumları onu xoş qarşılamamışdır. O qızını evə aparmaq istəyəndə aralarında mübahisə yaranmışdır. O, kəsici alətlə özünə xəsarət yetirmişdir və onların ünvanına nalayiq söyüşlər söymüşdür. Onlar polis çağırmışlar. Polis əməkdaşları ora gələndə o, onlara qarşı söyüş hərəkətlərini həyətdə və küçədə davam etdirmişdir. Polis onu nizam intizama dəvət etmiş və o da polis əməkdaşlarının tələblərinə tabe olmuşdur. Polis onu xidməti avtomobilə əyləşdirmək istədiyində ürəyi bulandığından qaçaraq yaxınlıqda olan qarğıdalı sahəsinə getmiş və orada yediklərini qaytarmışdır. Onun polisdən qaçmaq niyyəti olmamış, sadəcə qaytaracağını bildiyindən, polis əməkdaşlarının və özünün geyimini kirlətmək istəmədiyindən bir balaca uzaqlaşmışdır. Qaçmaq niyyəti olmuş olsaydı daha uzağa gedə bilərdi. O, polis əməkdaşlarına qarşı tabesizlik etməmiş, eyni zamanda sərxoş olduğundan söyüşlər söymüşdür, əsəbi olmuşdur. Onun qaynatasının evində söyüşlər söyməsi hər hansı məsuliyyət və pozuntu yaratmır. Odur ki, o, hər hansı inzibati xəta pozuntusu etmədiyindən başlanmış icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil çıxış edərək Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23 iyul 2023-cü il tarixdə saat 08:00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta materiallarına əlavə edilmiş 23 iyul 2023-cü il tarixli 300 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, 1980-cı il təvəllüdlü Şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyəti müşahidə olunur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Məhkəmə Şəxs izahatına hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, onun qaynatasının evində digər şəxslərin, polis əməkdaşlarının, özünün qızının və həyat yoldaşının yanında onlara qarşı nalayiq söyüşlər söyməsi, hətta bıçaqla özünə xəsarət yetirməsi və bütün bunların hər hansı qanun pozuntusu olmaması ilə bağlı izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun hazırki izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və bu səpkidə izahatı işin faktiki hallarını əks etdirmir. Məhkəmə isə bu hala qiymət verərək qeyd edir ki, onun qeyd olunan hərəkətlərin inzibati məsuliyyət nəzərdə tutan pozuntu olmasını bilməməsi, heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə düzgün tövsif olunmuşdur. Zaqatala RPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı da onun məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə araşdırması zamanı Şəxs həmin əməli sərxoş halda törətməsi müəyyən edildi. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sərxoş halda inzibati xəta törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halların olmamasını, məsuliyyətini ağırlaşdıran halın olmasını, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, eyni zamanda inzibati xəta törədən şəxsi tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmənin qənaətinə görə Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun əməlində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama kimi bir halın olması müəyyən edilmədi. Belə ki, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin izahatlarından müəyyən edilir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol tərtib edən şəxs tərəfindən müşahidə edilməmiş, həmçinin, inzibati xəta haqqında protokol tərtib edən şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı ictimai qaydanın mühafizə vəzifələrini icra etməmişdir. Eyni zamanda Şəxs özü tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Şəxs polis maşınına əyləşdirilərkən halında olan narahatlıqla bağlı polis maşınından uzaqlaşması polis əməkdaşları tərəfindən yanlış qiymətləndirilmişdir. Bundan əlavə polisin qanuni tələblərinə qəsdən tabe olmamağa aid mötəbər sübutlar işə əlavə edilməmişdir. Bütün qeyd edilənlər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmiş yəni, öz təqsirsizliyini sübut etməyə, borclu deyildir. Əksinə şəxsin qeyd olunan inzibati xətanı törətməsi ilə bağlı hər hansı bir inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi polis sahə rəisinin üzərinə düşür. Bundan başqa inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Şəxs polis işçisinin qanuni tələbinə qəsdən tabe olmaması, bununla da, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı bir formada sübuta yetirilmir. Məhkəmə belə vəziyyətdə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir və onun əməlində həmin inzibati xətanın tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmənin qənaətinə görə Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə nəzərdə tutulan əməli törətməsi iş materialları ilə sübuta yetirilsə də, onun barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, yəni polisin qanuni tələbinə qəsdən tabe olmaması iş materialları ilə sübuta yetirilmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata həmin hissə üzrə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib inzibati həbs edilməsinin əvvəli onun tutulduğu vaxtdan, yəni 22 iyul 2023cü il tarixdən, saat 08:00-dən hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclası zalında həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan, yəni 23 iyul 2023-cü il tarixdən, saat 08:00-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Zaqatala RPŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində Zaqatala rayon polis şöbəsinin sahə rəisi polis mayoru X3 24 iyul 2023-cü il tarixdə tərtib etdiyi MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata həmin hissə üzrə xitam verilsin. Qərarın surəti proses iştirakçılarına təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-224/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-224/2023
24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver