Məhkəmə qərarları › İş №3(033)-226/2022

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-226/2022

25.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-226/2022 25.08.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xətaya dair işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) tərəfindən iki gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 324,57 ABŞ dolları (551,76 manat) məbləğində vəsaiti MMC-nin müvəkkil bankda olan hesabına köçürməmişdir. Beləliklə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bununla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və X9 Bölməsinin təhqiqatçısı X4 tərəfindən inzibati xəta haqqında 15 iyul 2022-ci il tarixli, EP ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə məktub göndərərək məhkəmə iclasına Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşlarının iştirakı olmadan baxılmasına etirazları olmadığını bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 izahatında göstərdi ki, 06 sentyabr 2019-cu il tarixdə hüquqi şəxs Şəxs ilə Rusiya Federasiyasının "xxxx" şirkəti arasında müqavilə bağlanmışdır. Şəxs MMC fındıq alışı, emalı və satışı ilə məşğul olur. Məhsulları Avropa və Rusiya Federasiyasına ixrac edir. Müəssisəsi ilə Rusiya Federasiyasının "xxxx" fabriki arasında 06 sentyabr 2019-ci il tarixli xx/xx-2019 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Şəxs MMC "xxxx" fabrikinə fındıq ləpəsinin göndərməsi üzrə öhdəlik götürmüşdür. Müqavilənin ümumi dəyəri ******* ABŞ dolları təşkil etmişdir. Həmin müqavilə üzrə öhdəliklər hər iki hüquqi şəxs tərəfindən tam icra edilmişdir. 2020-2021-ci illər ərzində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac edilən yüklərin müqabilində köçürülməli olan məbləğ barədə onlara Gömrük İdarəsi tərəfindən məlumat verilməmişdir, 3 il keçdikdən sonra bu barədə məlumat verilib. Qeyd etdikləri nəzərə alınmaqla inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi haqqında qərara qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə barələrində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixdə Azərstar MMC-yə ünvanlanmış məktubdan görünür ki, 2019-cu il ərzində Şimal Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda konsiqnasiya yolu ilə rəsmiləşdirməklə **********8943, **********2586 nömrəli yük gömrük bəyannamələri əsasında ixrac etdikləri fındıq yükü müqabilində qaytarılmalı olan, 324,57 ABŞ dolları (551,76 manat) məbləğində vəsaitin bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsinin təmin edilməməsi ilə bağlı aparılan araşdırma ilə əlaqədar nümayəndələrinin Şimal Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və X7 Bölməsinə gəlməsini təmin etməkləri xahiş olunub. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Gömrük Əməliyyatları İdarəsinə ünvanlanmış xidməti qeyddən görünür ki, Hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) tərəfindən Şimal Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda konsiqnasiya yolu ilə rəsmiləşdirməklə **********8943 və **********2586 nömrəli gömrük bəyannamələri üzrə ixrac olunmuş “fındıq” yüklərinin müqabilində qaytarılmalı olan 324,57 ABŞ dolları (551,76 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil bankda olan hesabına köçürülübköçürülməməsi ilə bağlı hesabatı Baş İdarənin Əməliyyat və Təhqiqat Şöbəsinə təqdim edilməsini təmin etmələri xahiş olunmuşdur. İş materiallarında olan sorğu nömrəsi **********8943 olan gömrük bəyannaməsindən görünür ki, bəyannamə xx.xx.2019-cu il tarixdə tərtib edilmişdir. İş materiallarında olan sorğu nömrəsi **********2586 olan gömrük bəyannaməsindən görünür ki, bəyannamə xx.xx.2019-cu il tarixdə tərtib edilmişdir. İş materiallarında olan 15 iyul 2022-ci il tarixli, MN 01400-1718/22 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 15 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu diqqətəlayiq bir məqamı da göstərməyi lazım bilir. Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Həmçinin, X5 111.1-ci maddəsinə uyğun olaraq, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Həmin qərarda qeyd edilir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu inzibati xətalar üzrə işlərin məhkəmələr tərəfindən baxılmasına dair özünün əvvəlki hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, inzibati xətalara dair işlərə sadələşdirilmiş qaydada baxılmasını, inzibati xəta törətmiş şəxs barəsində qanunvericiliyin tələbinə görə yalnız üç ay müddətində inzibati tənbehin verilməsinin mümkünlüyünü və tərtib edilmiş materialların tamamlanmasının bilavasitə onların da vəzifəsinə aid edildiyini nəzərə alaraq, məhkəmələr daxil olmuş materiallara qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunmuş müddətlər çərçivəsində obyektiv və qərəzsiz baxmalıdırlar. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarının mahiyyətinə görə, qaydalarda və ya maddələrdə inzibati xəta müəyyən olunmuş müddətlərdən sonra yaranırsa, müddət axımı müəyyən olunmuş müddətin növbəti günündən başlayır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi “Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması” adı ilə “Gömrük qaydaları əleyhinə” olan inzibati xətalar fəslində təsnifləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkibi onun dizpozitiv şərtlərinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması nəticəsində yaranır. Həmin Məcəllənin 38-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə məsuliyyətə cəlb etmə müddəti onun törədildiyi gündən ən geci 1 il ərzində müəyyən edilmişdir. İnzibati xəta haqqında protokolla və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən “fındıq” yükü xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə Rusiya Federasiyasında yerləşən "xxxx" MMC-yə ixrac olunmuş və bu barədə eyni tarixli gömrük bəyannaməsi tərtib olunmuşdur və “Valyuta tənzimi haqqında” Qanuna əsasən göndərilmiş mala dair vəsait 180 gün (6 ay) ərzində yəni müvafiq olaraq 13 mart 2020-ci il və 01 aprel 2020-ci il tarixədək müvəkkil banka köçürülməli olduğu halda bu baş verməmişdir. Göründüyü kimi, "xxxx" MMC xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdən 180 gün ərzində, yəni xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixədək ixrac etdiyi məhsulun dəyəri olan 324,57 ABŞ dolları vəsaitin müvəkkil bankın hesabına köçürülməsini təmin etməli olduğu halda bunu etməmiş və bununla da xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə olduğu təqdirdə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, inzibati xəta hadisəsinin baş verdiyi (törədildiyi) 13 mart 2020-ci il və 01 aprel 2020-ci il tarixdən hazıradək iki ildən artıq bir müddət keçmişdir. Lakin, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı inzibati xəta haqqında protokol inzibati xətanın tərədildiyi vaxtdan iki il müddətdən artıq keçdikdən sonra, yəni 15 iyul 2022-ci ildə tərtib edilmişdir. Bu halda isə hüquqi şəxs inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilməz. Beləliklə məhkəmə göstərilənlərə əsasən və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəməyə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 48-51, 53.0.6, 114-118, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar