Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-228/2024 01.08.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2ci maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xətaya dair işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli, 6-1- 26/2-1749/2024 saylı məktubu ilə tələb edilən sənədləri (bu günədək səhmdar Alı Məhyəddinova dividend hesablanıb-hesablanmaması, hesablanmışdırsa səhmdara hesablanmış dividendlərin məbləği haqqında məlumat və ödənilməsini təsdiq edən sənəd, 2022-2023-cü illər üzrə səhmdarlarm ümumi yığıncaqlarının keçirilib-keçirilməməsi barədə məlumat, keçirilibsə həmin yığıncaqların protokollarını və sözügedən yığmcaqlara səhmdar Alı Məhyəddinovun dəvət edilməsini təsdiq edən sənəd (poçt vasitəsi ilə ünvanlanması barədə bildiriş)) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2024-cü il tarixdə törədilmişdir. Buna görə də, onun barəsində 27 iyun 2024-cü il tarixdə EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir Qeyd edilən material üzrə hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankından Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin qanuni təmsilçisi X2 izahatında göstərdi ki, o, "xxxx" ASC-nin qanuni təmsilçisi olsa da, şirkət heç bir fəaliyyətlə məşğul olmur, belə ki, onlar vergi orqanına məlumat verməklə fəaliyyətlərini dayandırmışlar və bu barədə bütün səhimdarlara məlumat verilmişdir. Müəssisə rəsmi olaraq fəaliyyətini dayandırdığı üçün heç bir dövlət orqanına hesabat vermirlər. Müəsissə fəaliyyətini bərpa edərsə, bu barədə səhimdarlara məlumat veriləcəkdir. Məhkəmə proses iştirakçısını dinləyərək, inzibati xəta haqqında protokolu nəzərdən keçirərək, həmçinin iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan “İnternet Vergi İdarəsi”nin məlumatından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsi dövlət qeydiyyatına alınmışdır. Onun hüquqi ünvanı: ünvan 1n Respublikası Mərkəzi Bankının 06 mart 2024-cü il tarixli, 6-1-26/2-1749/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məktub göndərərək vətəndaşın müraciətində qeyd edilən məsələlərin araşdırılması və nəticəsi barədə məlumatı, zəruri sənədlər (bu günədək səhmdar Alı Məhyəddinova dividend hesablanıb-hesablanmaması, hesablanmışdırsa səhmdara hesablanmış dividendlərin məbləği haqqında məlumat və ödənilməsini təsdiq edən sənəd), (2022-2023-cü illər üzrə səhmdarların ümumi yığıncaqlarının keçirilibkeçirilməməsi barədə məlumat, keçirilibsə həmin yığıncaqların protokollarını və sözügedən yığıncaqlara səhmdar Alı Məhyəddinovun dəvət edilməsini təsdiq edən sənəd (poçt vasitəsi ilə ünvanlanması barədə)) bildiriş əlavə edilməklə 7 gün ərzində Mərkəzi Banka məlumat təqdim edilməsi xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının 15 may 2024-cü il tarixli, 6-1-26/2-3384/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məktub göndərərək 07 mart 2024-cü il tarixli, 6-1-26/2-1749/2024sorğu ilə tələb olunan məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim edilmədiyi qeyd edilmiş və həmin sənədlərin təqdim edilməsi üçün 5 gün müddət müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamələrdən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 06 mart 2024-cü il tarixli, 6-1-26/2-1749/2024 nömrəli və Azərbaycan Respublikası Mərkəzi Bankının 15 may 2024-cü il tarixli, 6-1-26/2-3384/2024 nömrəli məktubları "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən (digər qaydada “Mikaylov” və şəxsən “Mikayılov”) imza edilməklə təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 01 avqust 2024-cü il tarixli 3-21-2-19/2-792/2024 saylı məktubdan görünür ki, Şəxs ASC-nin (VÖEN **********) xx.xx.2020-ci il tarixində vergi orqanına təqdim etdiyi arayışa əsasən sahibkarlıq fəaliyyəti müvəqqəti olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, kimi əməldə inzibati xəta tərkibinin yaranmasından ötrü müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun konkret halda protokol tərtib edən orqanın fəaliyyətin həyata keçirilməsinin təmin edilməsindən, o cümlədən vətəndaşların müraciətlərinin aydınılaşdırılmasından ötrü tələb edilən sənədlərin təqdim edilməməsi inzibati məsuliyyət yaradır. Lakin protokol tərtib edən orqan hüquqi şəxsin ümumiyyətlə fəaliyyət göstərib-göstərməməsini aydınlaşdırılmamışdır ki, bu da əməldə inzibati xəta tərkibinin olması qənaətinə gəlinməsini mümkünsüz edir. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, "xxxx" ASC tərəfindən səhmdarın tələb etdiyi zəruri olan məlumatların həmin səhmdarın tələbi ilə təqdim edilməməsi kimi hərəkətlər edilmədiyindən ASC-nin İXM-in 548.2-ci maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu baxımdan "xxxx" ASC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş hüquqi şəxsin fəaliyyətinin dayandırılması haqqında məlumata əsasən, "xxxx" ASC-nin sahibkarlıq fəaliyyəti müvəqqəti olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdir. Beləliklə, "xxxx" ASC-nin fəaliyyəti dayandırıldığı təqdirdə qeyd edilən Açıq Səhmdar Cəmiyyətinin yığıncağının təşkil edilməməsinə və ya dividend hesablanıb-hesablanmamasına və bu barədə məlumat verilməməsinə görə hər hansı bir protokol tərtib edilə bilməz, eyni zamanda məhkəmə qeyd edir ki, həmin protokol tərtib edilərkən "xxxx" ASC-nin fəaliyyəti dayandırılmışdır. Bu səbəbdən "xxxx" ASC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-in əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2.-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə tərtib edilmiş EP seriyalı ******* nömrəli, 27 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №3(033)-228/2024
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-228/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver