Məhkəmə qərarları › İş №3(033)-230/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-230/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-230/2023 07.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili X1 Tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Zaqatala rayonu Ağdamkələl kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, eyni inzibati xətanı il ərzində təkrar törətməmiş, Zaqatala rayonu Gözbarax kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, M ü ə y y ə n e t d i m: Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi Elvin Əhmədov inzibati xəta haqqında protokolla Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-621/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs tutularaq 4504,40 manat Zərərçəkmiş şəxs verilməlidir. Borcun ödənilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tələb olunsa da, o, borcunu ödəyə bilməyəcəyini bildirmiş və həmin məbləği bir dəfəyə ödəməkdən imtina etmişdir. Şəxs bu günədək Zərərçəkmiş şəxs heç bir ödəniş etməmişdir. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmənin qeyd edilən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərə yol vermiş və ona görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu fakt Şəxs xx.xx.2023-cü il tarixli izahatı ilə təsdiq edilmişdir. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon icra və probasiya şöbəsinin rəisi X4 məhkəmə prosesində verdiyi izahatında qeyd edilən inzibati xəta haqqında protokolun dəlillərini müdafiə etdiyini bildirdi. O, izahatında əlavə olaraq bildirdi ki, icra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Bu icra hərəkətləri nəticəsində borclunun adına hər hansı əmlakın qeydə alınıb-alınmaması ilə bağlı elektron sistem vasitəsi ilə sorğular verilmiş, nəticədə onun adına heç bir daşınar və daşınmaz əmlakın olmadığı müəyyən edilmişdir. Hazırda Şəxs 4504,40 manat pul borcu yaranmışdır. Borcun ödənilməsi dəfələrlə tələb olunsa da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs pul borcunu bir dəfəyə ödəyə bilmədiyini, hazırda işsiz olmasını və maddi imkanının olmamasını bəhanə gətirərək, borcunu bir dəfəyə ödəməkdən imtina etmişdir. İnzibati xəta haqqında materiala baxarkən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs işsiz olduğunu, maddi vəziyyətinin yaxşı olmadığını, borcu ödəyə bilməyəcəyini bildirdi. O belindən əməliyyat olunduğu üçün iş qabiliyyətinin olmadığını bildirdi. Buna görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili X3 hüquqlarını müdayiə etdiyi Şəxs əməlində qərəzli olaraq borcunu ödəməkdən yayınmasına dair inzibai xəta tərkibinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, Şəxs ona dəymiş ziyanı ödəməmişdir. Hazırda, 4504,40 manat borcu qalmışdır. Onun həmin borcu ödəməyə maddi imkanı olduğu halda, qərəzli olaraq məhkəmə qərarını icra etmir. Odur ki, onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-621/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqindən görünür ki, borclu-xx xxxx 1964-cü ildə doğulmuş Zaqatala rayonu Gözbarax kəndində yaşayan Şəxs 4504,40 (dörd min beş yüz dörd manat qırx qəpik) manat alınaraq tələbkar – Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan Zaqatala Rayon İcra Şöbəsinin rəisi Elvin Əhmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, iş üzrə icraata başlanılması, borclu Şəxs icranı 10 gün müddətinə könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır və ona tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, icra məmuru tərəfindən lazımi qanuni tədbirlərin görülməsinə baxmayaraq, icra edilməli olan məhkəmənin icra vərəqəsi Şəxs tərəfindən indiyədək üzrsüz səbəbdən icra edilməmişdir. Şərh edilənlərə əsaslanaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmənin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməklə, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129.1-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 129.2-ci maddəsinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 32.2-ci maddəsində müəyyən edilmişdir ki, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü seçərkən, onun inzibati məsuliyyətini yüngülləşdirən ilk dəfə inzibati xəta törətməsini nəzərə aldım. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-in 33.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, onun yaşlı olmasını, maddi imkanının pis olması səbəbindən borcu ödəmək imkanının olmamasını, eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək imkanlarının tükənmədiyini nəzərə alaraq tənbehin, inzibati cərimə növündə təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğun olduğu üçün barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Cərimə cəzasının icrası Şəxs yaşayış yeri üzrə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xətanı törədən şəxsə, zərərçəkmiş şəxslərə, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə təqdim edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar