Məhkəmə qərarları › İş №3(033)-232/2022

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-232/2022

03.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-232/2022 03.08.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili Vəkil, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X3 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxx 1997-ci il tarixdə Zaqatala rayonu, Göyəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay işləməyən, il ərzində eyni xəta üzrə inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu, Göyəm kəndində qeydiyyatda olmaqla orada da yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 03 avqust 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 07 iyul 2022-ci il tarixdə saat 14 radələrində Zaqatala şəhər bazarında Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis X1 Bölməsinin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə Zaqatala rayon Muğanlı kənd sakini Zərərçəkmiş şəxs DİN-in “102” xidmətinə və Zaqatala RPŞ-yə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Zaqatala şəhər mərkəzi bazar ərazisində Məhəbbət adlı qadınla söhbət etdiyi zaman sonuncunun adını bilmədiyi qızı ona yaxınlaşaraq özlərinin mağazasından qovmuşdur. Buna görə onların arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Məhəbbətin qızı ona ayaqqabı ataraq sifətinə vurmuş və həmin vaxt 15 manat dəyərində olan eynəyi qırılmışdır. Bundan sonra Məhəbbətin qızı ona təkrar ayaqqabı ataraq sinəsinə vurmuş, paltar asanla sol qoluna və sol ayağına vurub ona xəsarət yetirmişdir. O, həmin qadın barəsində tədbir görülməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Şəxs Zaqatala RPŞ-yə müraciət edərək bildirmişdir ki, xx.xx.2022ci il tarixdə saat 14 radələrində Zaqatala rayon Muğanlı kənd sakini Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə ünvan 1 ünvansız nalayiq ifadələr demiş və bu səbəbdən aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı o, Bayrama bir dəfə sillə və ayaqqabı ataraq vurmuşdur. Toplanmış material üzrə Şəxs əməlində cinayət tərkib olmadığından cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Buna baxmayaraq, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan onların izahatları alınmış və qərarın əsasında onun haqqında 03 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı polis şöbəsində verdiyi izahatını təsdiq edərək göstərdi ki, Zaqatala rayon 2 saylı bazar ərazisində anası Məhəbbətlə ayaqqabı və geyim əşyaları sataraq dolanırlar. Zaqatala rayon Muğanlı kənd sakini Zərərçəkmiş şəxs mütəmadi olaraq sərxoş vəziyyətdə bazar ərazisində gəzərək mağaza sahiblərinə sataşaraq, nalayiq ifadələr deyərək mübahisələr yaradır. Dəfələrlə Bayram sərxoş vəziyyətdə onların mağazasına gəlib mübahisə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində mağazada olduğu zaman Bayram sərxoş vəziyyətdə gəlib ona söz atmışdır. Ona sevdiyini demişdir. O, Bayramdan nə dediyini soruşduqda, sonuncu ona nalayiq ifadə demişdir. Həmin vaxt qonşuluğunda yerləşən mağazada işləyən Zöhrə adlı qadın ondan Bayramın kimə söyüş söydüyünü soruşmuşdur. Buna görə o, Bayramdan kimə söyüş söydüyünü soruşaraq çıxıb getməsini tələb etmişdir. Bayram qıcanaraq “mağazanı başına çevirərəm" deyib onun üstünə getmişdir. Həmin vaxt o, Bayrama bir dəfə sillə vurmuşdur. Bundan sonra Zöhrə Bayramın çıxıb getməsini tələb etmişdir. Bayram nalayiq ifadələr deyərək çıxıb getmişdir. Bundan əlavə mübahisənin 5 dəqiqə davam etdiyini, Bayram mağazanın girişində olan pilləni çıxanda ayağı büdrəyərək eynəyini yerə salıb qırdığını və Bayrama paltarasanla vurmadığını qeyd etmişdir. Ona sillə vurduğunu etiraf edir. Bayramın cəzalandırılmasını xahiş edir. Onun özünün isə təqsiri olmadığını bildirir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında polis şöbəsində verdiyi izahatını təsdiq edərək göstərdi ki, 07 iyul 2022-ci il tarixdə 11 radələrində yaşadığı kənddən Zaqatala şəhər mərkəzi bazar ərazisinə gəlmiş, həmin ərazidəki kafedə oturub tək 250 qram araq və pivə içmişdir. Bundan sonra, o, bazar ərazisində paltar satan Məhəbbətin mağazasının qarşısından keçəndə Məhəbbət onunla görüşüb söhbət etmişdir. Məhəbbətlə söhbət edərkən onların yanına sonuncunun adını bilmədiyi qızı gəlmiş və onu kobudlayaraq mağazadan getməsini tələb etmişdir. Həmin vaxt onların arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Məhəbbətin qızı mağazada satdığı ayaqqabını əlinə götürüb ona ataraq sifətinə vurmuşdur. Həmin vaxt gözünə taxdığı 15 manat dəyərindəki eynəyi sınmışdır. Bundan sonra Məhəbbətin qızı təkrar ayaqqabı ataraq onun sol qoluna və sinəsinə vurmuş, daha sonra isə paltar asan taxtanı götürüb sol qoluna və sol ayağına vurub ona xəsarət yetirmişdir. O, Şəxs ilə barışmamış, ondan şikayətçidir və onun barəsində tədbir görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil məhkəmə iclası zamanı çıxış edərək Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərarla cinayət işinin başlanması rədd edilmiş, qərarın əsasında Şəxs haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə həmin qərarı mübahisələndirməmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ilə Şəxs arasında mağazada baş vermiş mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs sillə, ayaqqabı və paltarasanla vuraraq onun sağlamlığına zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarət yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilmiş Məhkəmə tibbi ekspertiza X5 X7 203 №-li rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər – sol baldırında qançır-bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin, protokol tərtib edən şəxsin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, ekspert rəyi ilə və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə tövsif olunmalıdır. Zaqatala RPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı da onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır. Həmin Qanunun 6-cı maddəsinə əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün dövlət tədbirlər görür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, qadın olmasını, zərərçəkmiş şəxsin izahatını, həmçinin inzibati həbsin tətbiq edilməsi üçün hər hansı müstəsna halın olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə, müdafiəçiyə, zərərçəkmiş şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar