Məhkəmə qərarları › İş №3(033)-24/2021

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-24/2021

28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-24/2021 28.01.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrliyi ilə məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zaqatala Rayon İcra və probasiya Şöbəsinin icra məmuru, ikinci dərəcəli ədliyyə qulluqçusu X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 27 avqust 1985-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonu Aşağı Tala kəndində pasport qeydiyyatında olan və orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Zaqatala rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y yən e t d i: Şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki ərazi şöbəsinin (bundan sonra-ƏMDK Şəki ərazi şöbəsi) müdiri, dövlət müfəttişi X5 tərəfindən tərtib edilmiş 30 aprel 2019-cu il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla əlaqədar qəbul edilmiş 13 may 2019-cı il tarixli ******* nömrəli icra sənədi üzrə ödəməli olduğu qalıq 400 manat inzibati cəriməni ödəmədiyinə görə onun barəsində inzibati protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon İcra və X2 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon İcra və probasiya Şöbəsinin icra məmuru X4 qeyd edilən inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki ərazi şöbəsinin 13 may 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 251.2-ci maddəsi ilə təqsirli bilinərək 500 manat inzibati cərimə edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Borclu Şəxs icra sənədi üzrə 100 manat cərimə məbləğini dövlət büdcəsinə ödəmiş, lakin qalıq qalan 400 manat inzibati cərimə məbləğinin ödənilməsi tələb edildikdə Şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki ərazi şöbəsinin 13 may 2019-cu il tarixli qərarından narazı olduğunu bildirərək icra sənədini icra etməkdən imtina etmişdir. Borclu Şəxs izahatı alınmış və onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki ərazi şöbəsinin 13 may 2019-cu il tarixli icra sənədi barədə məlumatının olduğunu bildirdi. Göstərdi ki, həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 251.2-ci maddəsinə əsasən 500 manat inzibati cərimə edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki ərazi şöbəsinin 13 may 2019-cu il tarixli qərarı ilə razı olmadığını, lakin qərardan şikayət vermədiyini qeyd etdi. Təyin edilmiş cərimə məbləğindən 100 manat ödəniş etmişdir. İcra məmuru tərəfindən qalıq məbləğin ödənilməsi ondan tələb edilmiş, lakin hazırda maddi imkanının olmadığından cərimə məbləğini ödəyə bilməyəcəyini bildirmişdir. Hazırda da imkanı olmadığından cərimə məbləğini ödəyə bilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş üzrə toplanmış sübutları araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdığından Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.7-ci maddəsinə əsasən barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əmək haqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir. Həmin Məcəllənin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş materiallarından görünür ki, Şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki ərazi şöbəsinin 13 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 251.2-ci maddəsi ilə təqsirli bilinərək 500 manat inzibati cərimə edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki ərazi şöbəsinin 13 may 2019-cu il tarixli qərarı qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki ərazi şöbəsinin 13 may 2019-cu il tarixli qərarı əsasında Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 08.01.2020-ci il tarixdə İcraata başlamaq haqqında qərar qəbul edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki ərazi şöbəsinin 13 may 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarının qüvvəyə mindiyi gündən 3 ay müddətində, barəsində olan 500 manat inzibati cəriməni ödəməli olduğu halda ödənilməmişdir. Lakin Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki ərazi şöbəsinin 13 may 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəsini aldıqdan 2 ay ərzində inzibati cərimə Şəxs tərəfindən ödənilmədiyi halda, növbəti gündən başlayaraq 3 ay müddətində, icraatında həmin icra işi olan icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməli olduğu halda qanunvericiliyin tələbi pozularaq, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən uzun müddət sonra, yəni 08 yanvar 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0 və 53.0.6-cı maddələrinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Zaqatala Rayon İcra və probasiya Şöbəsinin rəisi Elvin Əhmədov tərəfindən tərtib edilmiş 08 yanvar 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdığından başlanmış icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Zaqatala Rayon İcra və probasiya Şöbəsinin rəisi Elvin Əhmədov tərəfindən tərtib edilmiş 08 yanvar 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə başlanmış icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdığından xitam verilsin. Qərarın surəti proses iştirakçılarına təqdim edilsin. Qərarın surəti rəsi qaydada verildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar