Məhkəmə qərarları › İş №3(033)-240/2021

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-240/2021

03.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-240/2021 03.06.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-10 avqust 1987-ci il tarixdə Zaqatala rayonu Göyəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fəhlə işləyən, öz deməsinə görə il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonu Göyəm kəndində pasport qeydiyyatında olan və yaşаyan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Zaqatala rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 17 may 2021ci il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, 24 aprel 2021-ci il tarixdə saat 09:30 radələrində velosipedçi X1 rayonu Çökək kəndinin mərkəzi yolu ilə idarə etdiyi velosipedlə Zaqatala rayonu Göyəm kəndi istiqamətində hərəkət etdiyi zaman sürücü Şəxs idarə etdiyi «Opel-vectra» markalı **-VX-*** dövlət qedıyyat nişanlı avtomobillə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 45-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla «Yaşayış zonası olan ərazidə piyadaların hərəkətinə həm səkilərdə, həm də yolun hərəkət hissəsində icazə verilməsini, eləcə də yaşayış zonasında piyadalara üstünlük verilməsini» nəzərə almadan hərəkətini davam etdirməklə velosipedçi Ramiz Uvuzovu vurmuşdur. Nəticədə velosipedçi Ramiz Uvuzov başın sol gicgah nahiyəsində əzilmiş-cırılmış yara və sol çiyin qurşağında sıyrılmış yara ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri alması ilə müşayiət olunan xəta törətmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon polis şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayonu DAM polis leytenantı X5 məhkəmə iclasına gəlməmişdir. Bu halda məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında özünü təqsirli bilərək göstərdi ki, o, qardaşı Natiq Xalitovla eyni evdə yaşayır və hər ikisi Danaçı kəndinin yolunda yerləşən sexdə işləyirlər. O, qardaşı ilə gündəlik işə birlikdə gedib gəlir və hər gün səhər saatlarında qardaşının arvadı Zeynəb Xalitovanı satıcı işlədiyi, Zaqatala şəhəri F.Əmirov küçəsində yerləşən «Orbita» marketə düşürüb sonra isə özləri işə gedirlər. 24 aprel 2021-ci il tarixdə saat 09:30 radələrində o, etibarnamə ilə qardaşı Natiq Xalitovun adına olan «Opel-vectra» markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi zaman qardaşı Natiq Xalitov qabaq sərnişin oturacağında əyləşmiş, onun arvadı Zeynəb Xalitova isə arxa sərnişin oturacağında əyləşmiş və onlar Zeynəbi işə düşürmək üçün evdən çıxıb yola düşmüşlər. Onlar kəndin mərkəzi küçəsi ilə üzü Zaqatala şəhəri istiqamətində hərəkətdə olduqları zaman o, avtomobili saatda 50-60 km surətlə idarə etdirmiş və Çökək kəndinin mərkəz hissəsini keçdikləri zaman əks istiqamətdən tanıdığı Ramiz Uvuzovun velosipedlə gəlməsini görmüşdür. Həmin vaxt Ramiz əks hərəkət zolağının sağ hissəsi ilə gəlsə də onun idarə etdiyi avtomobilə yaxınlaşdıqda anidən yolu keçmək istəmiş və onun hərəkət zolağına çıxmışdır. Bu zaman o, Ramizi vurmamaq üçün avtomobilin tormoz əyləcini sıxaraq tormozloma əməliyyatı aparıb avtomobili sağa manevr etsə də, Ramiz idarə etdiyi velosipedlə avtomobilin qarşısına, sonra isə alın şüşəsinə çırpılmışdır. Bundan sonra Ramiz yerə yıxılmış və onlar dərhal avtomobildən düşüb Ramizə ilk tibbi yardım göstərib 103 xidmətinə zəng edərək təcili tibbi yardım briqadası çağırmışlar. Zərərçəkmiş şəxslə barışmışdır, onun hər hansı şikayət və tələbi yoxdur. Qeyd olunanlarla bağlı polis şöbəsində izahat vermiş, etdiyi əməli etiraf etmişdir. O, izahatına əlavə olaraq göstərdi ki, etdiyi hərəkətdən çox peşmandır. Bir səhvdir edib. Bir də belə hərəkətlərə yol verməyəcəyini söz verir. Onun barəsində cərimə cəzasının tətbiq edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, fərdi qaydada evlərin təmiri ustası işləyir və rayon ərazisində müxtəlif yerlərdə iş götürüb işləyir. Onun işə gedib gəlməyə avtomobili olmadığından işə gedib-gəlmək məqsədi ilə özünə velosiped almış və işə həmin velosipedlə gedib gəlir. 24 aprel 2021-ci il tarixdə saat 09:30 radələrində o, Göyəm kəndində götürdüyü evdə işləmək məqsədi ilə evdən çıxaraq velosipedi idarə edib Göyəm kəndi istiqamətində hərəkət etmişdir. O, velosipedlə getdiyi zaman yolun sağ hərəkət zolağının kənarı ilə getmiş və işlədiyi evə yaxınlaşdıqda əks istiqamətə keçməyi qərarlaşdırmışdır. Əks istiqamətə keçdikdə əks hərəkət zolağı ilə avtomobil gəlməsini görüb yolu keçməmiş və həmin avtomobilin keçməsini gözləmişdir. Həmin avtomobil keçdikdən sonra o, yolu keçməyə başladıqda əks istiqamətdən «Opelvectra» markalı **-VX-*** dövlət qeydiyyat avtomobilin gəlməsini görmüşdür. O, həmin avtomobili gördükdə artıq aralarındakı məsafə çox az olduğundan avtomobilin onu vuracağını hiss etmiş və buna görə də toqquşma anında velosipeddən tullanmışdır. Buna baxmayaraq o, avtomobilin alın şüşəsinə çırpılmış və oradan yerə yıxılmışdır. Həmin vaxt avtomobildə olan və yaxından tanıdığı Namiq və Natiq qardaşları ona yaxınlaşaraq onu yerdən qaldırıb 103 xidmətinə zəng etmişlər, sonra isə onu xəstəxanaya gətirmişlər. Hazırda onun səhhətində heç bir narahatçılıq yoxdur, baş vermiş hadisə ilə bağlı sürücü Şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, zərərçəkmiş şəxslərin izahatı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, ekspertiza rəyi və Zaqatala rayon polis şöbəsindən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 327.8, 333.1 və ya 343.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xəta 5 balla qiymətləndirilir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmalıdır. Zaqatala rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı onun əməlini etiraf etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi müəyyən edildi. Şəxs əməlini etiraf etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci və 32.1.1-ci maddələrinə görə inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 27.1 və 27.2-ci maddələrinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məsələsi hakim tərəfindən həll edilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, bu məsələ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını, əksinə məsuliyyəti yüngülləşdirən halın olmasını, onun şəxsiyyətini və əmlak vəziyyətini, zərərçəkmiş şəxslə barışmasını, həmçinin onun xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozması halının olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Zərərçəkmiş şəxsə izah edilsin ki, vurulmuş zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldıra bilərlər. Qərarın surəti inzibati xəta törədən şəxsə, zərərçəkmiş şəxslərə və Zaqatala rayon polis şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar