Məhkəmə qərarları › İş №3(033)-256/2022

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-256/2022

22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-256/2022 22.08.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X8, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi-atası X2 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X4 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxx 1991-ci il tarixdə Zaqatala rayonu Bəhmətli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, il ərzində eyni xəta üzrə inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Bəhmətli kəndində qeydiyyatında olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 22 avqust 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs döyməklə ona dərəcəsi təyin olunmayan, sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon polis şöbəsinin İTBnin polis sahə rəisi, polis mayoru X9 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 06 avqust 2022-ci İl tarixdə Zaqatala rayonu Bəhmətli kəndində yaşayan X6 ərizə ilə Zaqatala RPŞ-nə müraciət edərək, xx.xx.2022-ci il tarixdə 2012-ci il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs dayısı Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. 16 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan qəbul edilmiş qərarın surəti baxılması üçün aidiyyəti üzrə Zaqatala RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. O, bügun saat 09:30-da polis şöbəsinə gəlmiş, onların izahatları alınmışdır. Göstərilənlərin əsasında onun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, Zaqatala rayonu Bəhmətli kəndində yaşayır. Onun barəsində şikayət etmiş Nofər Balaməmmədov bacısı Vüsalənin əridir, bir neçə müddətdir ki, aralarında torpağa görə mübahisələri vardır və buna görə də danışmırlar. Bundan başqa o, ata yurdunda özü üçün ev inşa etmiş və ailəsi ilə birlikdə orada yaşayır. 04 avqust 2022-ci il tarixdə saat 18 radələrində o, atası evinə keçdikdə görmüşdür ki, bacısı Vüsalə və oğlu Ruzi oradadır. Bu zaman o, Ruzini qonşuya göndərmişdir ki, açar alıb gətirsin, lakin Ruzi getməkdən imtina etmişdir. O, bir daha Ruziyə demişdir ki, gedib açar alıb gətirsin, lakin Ruzi yenə də getməkdən imtina etmişdir. Həmin vaxt o, Ruziyə onların həyətindən çıxıb getməsini tələb etmiş, lakin Ruzi ona əhəmiyyət verməmiş və o, Ruzidən çıxıb getməsini bir neçə dəfə təkrarlamış, Ruzi yenə də getmədikdə qolundan tuturaraq itələyib həyətlərindən çıxarmış, onun boyun nahiyəsinə bir dəfə sillə ilə vurmuşdur. Bu zaman bacısı Vüsalə ilə aralarında mübahisə yaranmış və Vüsalə onun üzərinə gəldikdə bacısı Samirə araya girib onları sakitləşdirmiş və Vüsalə oğlu Ruzi ilə birlikdə çıxıb getmişdir. Bundan bir qədər sonra Nofər Balaməmmədov mobil telefon vasitəsi ilə ona zəng edərək nalayıq söyüşlər söydükdə o, da Nofəri söyərək telefonu söndürdüyünü bildirmişdir. Törətdiyi əməli etiraf edir, əsəbiləşdiyi üçün bu hərəkəti etmişdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X2 iştirakı ilə məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 04 avqust 2022-ci il tarixdə anası Vüsalə Balaməmmədova atası evinə getdiyi zaman o, da anası Vüsalə ilə birlikdə getmişdir. Orada anası Vüsalə bacıları və anası ilə söhbət etməyə başlamış, o, isə xalası uşaqları ilə birlikdə oynamışlar. Saat 18 radələrində dayısı Şəxs nənəsinin həyətinə gəlmiş və ona qonşuya keçib açar gətirməsini demişdir. Həmin vaxt o, dayısı İxtiyara demişdir ki, onun tapşırığı ilə heç yerə getmiyəcək. Bu zaman dayısı İxtiyar onun boyun nahiyəsindən möhkəm sillə zərbəsi vurmuşdur. Həmin sillə zərbəsinin təsirindən o, yerə yıxılmış və boyun nahiyəsində çox bərk ağrılar olmuşdur. Daha sonra anası Vüsalə gəlib bunu öyrənmiş və dayısı İxtiyarla mübahisə etmiş, sonra isə onlar oradan çıxıb öz evlərinə getmişlər. Evdə baş verənlər haqqında atası Nofərə məlumat vermişlər, atası isə dayısı İxtiyara zəng etmiş və onlar da telefonda mübahisə etmişdir. Hazırda dayısı Şəxs ilə barışmamışdır, ondan şikayətçidir, onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X6 izahat verərək bildirdi ki, barəsində şikayət ərizəsi yazdığı Şəxs qaynıdır, bir neçə müddətdir ki, aralarında narahatçılıq vardır və bu səbəbdən münasibətləri yoxdur. 04 avqust 2022-cı il tarixdə arvadı X1 oğlu Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları kənddə yerləşən ata yurduna getmişdir. Saat 18 radələrində Şəxs oğlu Ruzini qonşuya açar dalınca göndərmiş, lakin oğlu Ruzi getməkdən imtina etmişdir. Buna səbəb isə o, oğlu Ruziyə tapşırmışdır ki, «əgər dayın İxtiyar səni buyurarsa heç yerə getmə». Oğlu Ruzi qonşuya getməkdən imtina etdiyi üçün İxtiyar oğlu Ruzinin qolundan tutaraq boyun nahiyəsindən möhkəm sillə zərbəsi vuraraq uşağı yerə yıxdırmışdır. O, bu barədə arvadı Vüsalə Balaməmmədova evə qayıtdıqdan sonra öyrənmiş və İxtiyara zəng edərək hansı səbəbdən uşağını vurduğunu soruşmuşdur. Şəxs üzr istəmək əvəzinə onun vəfat etmiş anasının ünvanına nalayıq söyüşlər söymüş və buna görə də o, Zaqatala RPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir. Hazırda Şəxs ilə barışmamışlar, ondan şikayətçidir, onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X11 məhkəmə iclası zamanı çıxış edərək Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-in 157-ci maddəsinin tərkibi olduğundan qəbul edilmiş qərarın surəti baxılması üçün aidiyyəti üzrə Zaqatala RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Qərarın əsasında onun haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin qərarı mübahisələndirməmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən Zərərçəkmiş şəxs şəxsi məlumatlarına dair çıxarışdan görünür ki, o xx.xx.2012-ci il tarixdə Zaqatalada anadan olmuşdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafı, zərərçəkmiş şəxsin, qanuni nümayəndənin, protokol tərtib edən şəxsin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, ekspert rəyi ilə və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə tövsif olunmalıdır. Zaqatala RPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxsin yetkinlik yaşına çatmayan şəxs olduğu müəyyən edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.4-cü maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın yetkinlik yaşına çatmayana qarşı törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halın olmasını, məsuliyyəti yüngülləşdirən halların olmamasını, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, zərərçəkmiş şəxsin izahatını nəzərə alaraq, eyni zamanda inzibati xəta törədən şəxsi tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati həbs edilməsinin əvvəli onun Zaqatala rayon polis şöbəsinə gəldiyi vaxtdan, yəni 22 avqust 2022-ci il tarixdən, saat 09:30-dan hesablanmalıdır. Göstərilənlərlə yanaşı, məhkəmə onu da qeyd edir ki, İXM-in 100.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməlidir. Ancaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş və ciddi hesabat sənədi hesab olunan inzibati xəta haqqında 22 avqust 2022-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, protokol tərtib edən şəxs qanun pozuntusuna yol vermiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və fərdi identifikasiya nömrəsini protokolda qeyd etməmişdir Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclası zalında həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun Zaqatala rayon polis şöbəsinə gəldiyi vaxtdan, yəni 22 avqust 2022-ci il tarixdən, saat 09:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Zaqatala RPŞ-nə həvalə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar