Məhkəmə qərarları › İş №3(033)-261/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-261/2023

05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-261/2023 05.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi ilə, Şikayət verən şəxs X5 MMC-nin direktoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin inzibati tənbeh vermə haqqında 16 avqust 2023-cü il tarixli MN ******* nömrəli qərarına xitam verilməsi barədə şikayətini nəzərdən keçirib m ü ə y y ə n e t d i m: Şikayət verən şəxs X5 MMC-nin direktoru X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati məsuliyyətdən azad edilməsi üçün kifayət qədər əsasların olduğuna görə inzibati tənbeh tətbiq etmə haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin 16 avqust 2023-cü il tarixli MN ******* saylı qərarına xitam verilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş şikayətə, ona əlavə edilmiş sənədlə birlikdə baxaraq hesab edirəm ki, X5 MMC-nin direktoru X4 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, X5 MMC-nin direktoru X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki- Zaqatala regional şöbəsinin inzibati tənbeh vermə haqqında 16 avqust 2023-cü il tarixli MN ******* nömrəli qərarından şikayət versə də, mübahisələndirilən qərarı şikayətinə əlavə etməmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərarı nə vaxt alması məlum deyildir, həmin qərarın qəbul edildiyi tarixdən şikayət məhkəməyə təqdim olunması üçün poçta verildiyi tarixədək 14 gün müddət keçmişdir. Göründüyü kimi, mübahisələndirilən qərar şikayətə əlavə edilməmiş, eyni zamanda qərarı nə vaxt almasına dair hər hansı sübutu da şikayətinə əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər Həmin Məcəllənin 130.2-130.3-cü maddələrində isə göstərilmişir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.5 və 57.5.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. İşin hallarını, inzibati tənbehvermə haqqında qərarın şikayətə əlavə olunmamasını, həmin qərarın alınması vaxtı barədə hər hansı sübut təqdim edilməməsini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, X5 MMC-nin direktoru X4 tərəfindən inzibati tənbeh vermə haqqında 16 avqust 2023-cü il tarixli MN ******* nömrəli qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə ümumi qaydada şikayət ilə müraciət etmək hüquqları ona izah edilməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X5 MMC-nin direktoru X4 tərəfindən inzibati tənbeh vermə haqqında 16 avqust 2023cü il tarixli MN ******* nömrəli qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin 16 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından yenidən şikayətlə müraciət edə bilmək hüququ şikayət verən şəxs X5 MMC-nin direktoru X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar