Məhkəmə qərarları › İş №3(033)-263/2021

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-263/2021

09.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-263/2021 09.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyi ilə, Şikayət verən şəxs X2 “Oğuz RPŞ-nin yol patrul xidməti baş inspektoru polis leytenantı X5 onun barəsində 02 iyun 2021-ci il tarixdə tərtib etdiyi TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz RPŞnin yol patrul xidməti baş inspektoru polis leytenantı X5 onun barəsində 02 iyun 2021-ci il tarixdə tərtib etdiyi TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət verən şəxs X4 şikayət ərizəsində göstərmişdir ki, 02 iyun 2021-ci il tarixdə Oğuz rayonu Bayan kəndində ona məxsus VAZ-21063 markalı avtomobili ilə hərəkət edərkən saat 10:56 radələrində YPX onu saxlamış və Oğuz RPŞ-nin yol patrul xidməti baş inspektoru polis leytenantı X8 tərəfindən barəsində TP ******* nömrəli protokol tərtib olunmuşdur. Protokolda onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsində göstərilən tələblərin pozulması qeyd olunaraq İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. Protokol tərtib edilən zaman o, inspektora bildirmişdir ki, ona görüntünü təqdim etsin, lakin inspektor müxtəlif bəhanələr gətirərək ona görüntünü təqdim etməmiş, amma inspektor onun avtomobilini saxladığı zaman BDYPİ-nə məxsus xidməti avtomobil görünütünü müşahidə kamerasına qeydə alırdı. Hər hansı bir yol hərəkəti qaydalarını pozmadığı halda baş inspektor heç bir qanuna istinad etmədən, təqsirini sübuta yetirmədən onun İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinin tələblərini pozması ilə əlaqədar 30 manat cərimə edilməsi ilə bağlı qərar çıxarmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq şikayət verən şəxs X4 və inzibati tənbeh vermə haqqında qərar qəbul edən şəxs məhkəmə iclasına gəlməmiş, lakin şikayət verən şəxs X4 məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qarşı tərəfin əsaslı bir sübut təqdim etmədiyi halda qərarın onun xeyrinə çıxarılmasını xahiş etmişdir. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X4 02 iyun 2021-ci il tarixdə, saat 10:50 radələrində idarə etdiyi VAZ 21063 minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Oğuz rayonu Bayan kəndində hərəkətdə olarkən işıq cihazından istifadə etmə qaydalarını pozduğuna görə onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Oğuz RPŞ-nin yol patrul xidməti baş inspektoru polis leytenantı X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə 02 iyun 2021ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. X4 inzibati xəta törətməməsini əsas göstərərək inzibati tənbeh vermə haqqında 02 iyun 2021ci il tarixdə TP ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən zəruriliyi nəzərə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Oğuz RPŞ-nin yol patrul xidməti baş inspektoru polis leytenantı X5 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlər CD diskə köçürülərək məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Oğuz RPŞ-nin yol patrul xidməti baş inspektoru polis leytenantı X5 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlərə məhkəmə iclasında baxış zamanı X1nun 02 iyun 2021-ci il tarixdə, saat 10:50 radələrində idarə etdiyi VAZ 21063 minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Oğuz rayonu Bayan kəndi ərazisində dairəvi yoldan Oğuz şəhəri istiqamətinə hərəkətdə olarkən işıq cihazından istifadə etmədiyi müəyyən edildi. Belə ki, videokamera vasitəsi ilə qeydə alınmış çəkilişdən görünür ki, X4 idarə etdiyi VAZ 21063 minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sağ tərəfə dönərkən işıq cihazından istifadə etməli olduğu halda, işıq cihazından istifadə etmə qaydalarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-otuz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nun 37-ci maddəsinin birinci bəndinin beşinci yarımbəndində göstərilmişdir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir. Həmin Qanunun 42-ci maddəsinin birinci bəndində göstərilmişdir ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 73-cü maddəsinin birinci bəndində göstərilmişdir ki, təhlükənin və ya hərəkətdə olan maneələrin aradan qaldırılması məqsədilə nəqliyyat vasitələrinin sürücüləri fara işıqlarından, bu və ya digər istiqamətə dönmə işıq göstəricilərindən, səs siqnallarından və ya əl işarəsindən istifadə edirlər. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nun şikayət ərizəsi iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, tədqiq edilmiş Oğuz RPŞ-nin yol patrul xidməti baş inspektoru polis leytenantı X5 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlərə məhkəmə iclasında baxış zamanı da X2 02 iyun 2021-ci il tarixdə, saat 10:56 radələrində idarə etdiyi VAZ 21063 minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Oğuz rayonu Bayan kəndində hərəkətdə olarkən işıq cihazından istifadə etmə qaydalarını pozduğu müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə X1nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 “Oğuz RPŞ-nin yol patrul xidmət baş inspektoru polis leytenantı X5 onun barəsində 02 iyun 2021-ci il tarixdə tərtib etdiyi TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar