Məhkəmə qərarları › İş №3(033)-263/2022

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-263/2022

29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-263/2022 29.09.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi protokol tərtib etmiş orqan, Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə olan inzibati xətaya dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Zaqatala şəhəri Tala prospektində yerləşən sahibkarlıq obyektlərinin qarşısında soyuducular üzərində ümumi sayı 4 ədəd ümumi ölçüsü 5,97 kv.m Babək "xxxx" ASC-yə məxsus Sirab brendi reklamlarının müvafiq icazə sənədləri olmadan yerləşdirilmiş və yayımlanmaqdadır. Buna görə də, onun barəsində Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin Estetik Nəzarət şöbəsinin böyük müfəttişi X4 tərəfindən 29 avqust 2022-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş orqan, Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsinin nümayəndəsi X3 izahatında göstərdi ki, Zaqatala şəhəri Tala prospektində yerləşən sahibkarlıq obyektlərinin qarşısında soyuducular üzərində Babək "xxxx" ASC-yə məxsus Sirab brendi reklamlarının açıq məkanda icazəsiz reklam yerləşdirilməsi və yayımı faktı aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair İRY 002076 nömrəli, 28 iyul 2022-ci il tarixli akt tərtib edilmiş və həmin aktda göstərilmişdir ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələbləri pozulmaqla açıq məkanda Zaqatala şəhəri Tala prospektində sahibkarlıq obyektlərinin qarşısında Babək Sirab ASC-yə məxsus soyuducuların üzərində ümumi sayı 5 ədəd, ümumi ölçüsü 6,13 kv.m olan Sirab reklamları müvafiq icazə sənədləri olmadan yerləşdirilmiş və yayımlanmaqdadır. Bundan sonra, 28 iyul 2022-ci il tarixdə İMG 002076 nömrəli İcrası Məcburi olan Göstəriş tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-yə göstəriş göndərilmiş, sonuncu tərəfindən isə xəbərnaməyə imza edilməklə təhvil alınmışdır. Bundan sonra 29 avqust 2022-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə göndərilmiş, sonuncu tərəfindən də xəbərnaməyə imza edilməklə təhvil alınmışdır. Onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin tərkibi olduğundan barəsində qanuni tədbir görülməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X6 etirazla müraciət edərək Azərbaycan Respublikasının Dövlət X9 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş, MN № ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət X9 Regional Reklam İdarəsi tərəfindən "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli Rİ-5/01-03/-598 №-li xx.xx.2022-ci il tarixli məktub ilə müraciət olunaraq X10 İdarəsinin yurisdiksiyasında guya "xxxx" ASC-yə məxsus reklamların mövcud qanunvericiliyin tələbləri çərçivəsində rəsmiləşdirilmənin təmin edilməsi məqsədi ilə X10 İdarəsinə müraciət edilməsi xahiş olunmuşdur. Bununla bağlı həmin orqana müraciət olunaraq bildirilmişdir ki, X10 İdarəsinin yurisdiksiyasında yerləşən guya "xxxx" ASC-yə məxsus olduğu iddia olunan reklamlar ümumiyyətlə "xxxx" ASC-yə məxsus deyil və "xxxx" ASC tərəfindən həmin reklam fəaliyyətləri həyata keçirilmir. Belə ki, "xxxx" ASC ölkə ərazisində Sirab suyunun pərakəndə deyil, topdan satışını həyata keçirir. "xxxx" ASC yüzlərlə, o cümlədən də Şəki və digər şəhər və rayonlarda faliyyət göstərən hüquqi və fiziki şəxslərə Sirab suyunun satışını aparır. Həmin satışlar müqavilələr ilə rəsmiləşdirilir və bəzi hallarda sahibkarlara suyun satışını həyata keçirə bilmək üçün soyuducular da təqdim olunur. Həmin soyuducuları obyektlərdən kənarda yerləşdirmək və ya onlar vasitəsi ilə hər hansı reklamın həyata keçirilməsi barədə "xxxx" ASC-nin hər hansı tələbi mövcud deyil. Reklam haqqında Qanunun 26.1-ci maddəsinə əsasən, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən, reklam daşıyıcısı - reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan daşınmaz və daşınar (o cümlədən ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları, nəqliyyat vasitələri və s.) əmlak, kütləvi informasiya vasitələri, kino, video, audio materiallar və çap məhsulları, telekommunikasiya qurğuları və poçt göndərişləridir. Qeyd etdiyi kimi, "xxxx" ASC ilə yüzlərlə, o cümlədən də, Şəki və X10 İdarəsinin yurisdiksiyasında yerləşən hüquqi və fiziki şəxslərə Sirab suyunun satışını aparır. Həmin satışlar müqavilələr ilə rəsmiləşdirilir və bəzi hallarda sahibkarlara suyun satışını həyata keçirə bilmək üçün soyuducular da təqdim olunur. Həmin soyuducuları obyektlərdən kənarda yerləşdirmək və ya onlar vasitəsi ilə hər hansı reklamın həyata keçirilməsi barədə "xxxx" ASC-nin hər hansı tələbi mövcud deyil. Bundan sonra Azərbaycan Respublikasının Dövlət X9 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş, MN № ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xətaya dair iş baxıılması üçün Zaqatala rayon Məhkəməsinə göndərilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, Azərbaycan Respublikasının Dövlət X9 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş, MN № ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Reklam haqqında qanunvericiliyə görə açıq məkanlarda 1 kvadrat metrdən artıq sahədə reklam yerləşdirmək istəyən reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanından müvafiq icazə almalıdır. Zaqatala şəhəri, Tala prospektində yerləşən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu iddia olunan şəxsin ticarət obyektinin qarşısına üzərinə "xxxx" yazılmış soyuducuların yerləşdirilməsi üçün hər hansı şəxslə "xxxx" ASC arasında hər hansı bir razılaşma və ya müqavilə olması barədə hər hansı bir sənəd iş materiallarına əlavə edilməmiş və həmin reklamın məhz "xxxx" ASC tərəfindən yerləşdirilməsi heç bir sübutlarla təsdiq edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İş materiallarında olan 28 iyul 2022-ci il tarixli İRY seriyalı 002076 nömrəli aktdan görünür ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələbləri pozulmaqla açıq məkanda Zaqatala şəhəri Tala prospektində sahibkarlıq obyektlərinin qarşısında Babək "xxxx" ASC-yə məxsus soyuducuların üzərində ümumi sayı 5 ədəd, ümumi ölçüsü 6,13 kv. m olan Sirab reklamları müvafiq icazə sənədləri olmadan yerləşdirilmiş və yayımlanmaqdadır. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Babək "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Dövlət X9 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 29 avqust 2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan, ona əlavə edilmiş sənədlərdən görünür ki, 28 iyul 2022-ci il tarixdə Zaqatala şəhəri Tala prospektində sahibkarlıq obyektlərinin qarşısında açıq məkanda icazə sənədi olmadan soyuducu avadanlıqları üzərində "xxxx" ASC-yə məxsus Sirab brendinin reklamları yerləşdirilmişdir və yaymlanmaqdadır. Buna görə də inzibati xəta protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqan tərəfindən həmin soyuducuların Babək Sirab ASC tərəfindən açıq havada yerləşdirilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsinə əsasən Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: 428.7.1. müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə; 428.7.2. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə; 428.7.3. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə-fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.8-ci maddəsinə əsasən Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 1.3-cü bəndinə görə reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, haraslarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırmasında müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Zaqatala şəhəri Tala prospektində yerləşən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin ticarət obyektlərinin qarşısında Sirab suyunun reklamının yerləşdirilməsi ilə bağlı "xxxx" ASC ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs arasında razılaşma mövcud olmamış və həmin soyuducuların açıq məkanda "xxxx" ASC tərəfindən yerləşdirilməsinə dair hər hansı əsaslı sübut təqdim edilməmişdir. Belə ki, "xxxx" ASC ölkə ərazisində Sirab suyunun pərakəndə deyil, topdan satışını həyata keçirir. "xxxx" ASC yüzlərlə, o cümlədən də Zaqatala rayonunda faliyyət göstərən hüquqi və fiziki şəxslərə Sirab suyunun satışını aparır. Həmin satışlar müqavilələr ilə rəsmiləşdirilir və bəzi hallarda sahibkarlara suyun satışını həyata keçirə bilmək üçün soyuducular da təqdim olunur. Həmin soyuducuları obyektlərdən kənarda və obyektin daxilində yerləşdirmək və ya onlar vasitəsi ilə hər hansı reklamın həyata keçirilməsi barədə "xxxx" ASC-nin hər hansı tələbi mövcud deyil. Bundan başqa, Zaqatala şəhəri, Tala prospektində yerləşən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu iddia olunan şəxsin ticarət obyektinin qarşısına üzərinə "xxxx" yazılmış soyuducuların yerləşdirilməsi üçün hər hansı şəxslə "xxxx" ASC arasında hər hansı bir razılaşma və ya müqavilə olması barədə hər hansı bir sənəd iş materiallarına əlavə edilməmiş və həmin reklamın məhz "xxxx" ASC tərəfindən yerləşdirilməsi heç bir sübutlarla təsdiq edilməmişdir. Eyni zamanda o da qeyd olunmalıdır ki, "xxxx" ASC-nin elə bir imkanı da yoxdur ki, bütün soyuducuların ticarət obyektlərində yerləşmə vəziyyətinə nəzarət etsin. Soyuducuların obyektin hansı hissəsində yerləşdirilməsi ticarət obyektinin rəhbərinin səlahiyyətindədir. "xxxx" ASC-nin bununla bağlı hər hansı öhdəlik götürməsi iş materiallarından görünmür. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmiş, yəni öz təqsirsizliyini sübut etməyə, borclu deyildir. Əksinə şəxsin qeyd olunan inzibati xətanı törətməsi ilə bağlı hər hansı bir inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Bundan başqa inzibati məsuliyyətə cəlb olunan hüquqi şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. "xxxx" ASC-nin Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirməsi, bununla da, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı bir formada sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Zaqatala şəhəri Tala prospektində yerləşən sahibkarlıq obyektlərinin qarşısında olan, üzərində ümumi sayı 4 ədəd ümumi ölçüsü 5,97 kv.m Babək Sirab ASC-yə məxsus Sirab brendinin reklamları olan soyuducuların "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həmin obyektlərin qarşısına yerləşdirilməsi sübuta yetirilmədiyindən, iş üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1, 53.0.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Dövlət X9 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 29 avqust 2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Dövlət X9 Regional Reklam İdarəsinə təqdim edilsin (poçtla göndərilsin). Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar