Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-269/2025 21.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, 00100-01078/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Zaqatala rayonu Yuxarı Tala 01 ünvanında qeydiyyatda olan Şəxs Bakı Baş Gömrük İdarəsində xx.xx.2024-ci il tarixli **********3922 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş, Belarus Respublikasından göndərilmiş taxta materialları yükü Xaçmaz Gömrük idarəsinin “Yalama” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair elektron formada qısa idxal bəyannaməsi əvvəlcədən verilməmişdir. Sumqayıt Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-1100/012/036694 nömrəli raporta əsasən Şəxs MMC-nin ünvanına 62342530 nömrəli vaqonla gələn “taxta materialları” yükü Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçərkən yükə dair qısa idxal bəyannaməsi verilməmişdir. Araşdırma zərurəti ilə əlaqədar “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsində təqdim edilən xx.xx.2024-ci il tarixli **********3922 sorğu nömrəli gömrük bəyannaməsi ilə “taxta materialları” Belarus Respublikasından xx.xx.2024-cü il tarixdə saat 17:03 radələrində 62342530 nömrəli vaqonlarla Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin mallar ölkə ərazisinə daxil olmamışdan əvvəl gömrük orqanına qısa idxal bəyannaməsi elektron formada əvvəlcədən təqdim edilməmişdir. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2025-ci il tarixl 1800/012/000059 nömrəli raport, xx.xx.2025-ci il tarixli **********2601 sorğu nömrəli gömrük bəyannaməsi, Gömrük Xidmətinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokol və işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC məhkəməyə ərizə ilə müraciət edərək bildirdi ki 4 ildir ki, Belarus Respublikasından taxta materiallarının idxalı və satışı ilə məşğul olur. xx.xx.2024-cü il tarixində Xaçmaz Gömrük İdarəsinin Yalama gömrük postundan keçməklə 62342530 nömrəli vaqonla Abşeron gömrük postuna daxil olmuş taxta yükü Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postunda **********3922 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Əlavə edir ki əməkdaşlıq etdikləri Belarus Respublikasında fəaliyyət göstərən mal göndərən şirkətin taxta məhsulu olan vaqona aid sənədləri vaxtında göndərməməsindən belə bir hal baş verib. Baş verən ilk hal olmasını nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin nümayəndəsi və Şəxs nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin və hüquqi şəxs Şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunan xx.xx.2024-ci il tarixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına Belarus Respublikasından 62342530 nömrəli vaqonla gələn “taxta materialları” yükü ölkə ərazisinə daxil olmuş və **********3922 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Rəsmiləşdirmə zamanı mallar gömrük ərazisinə daxil olmamışdan əvvəl qısa idxal bəyannaməsinin təqdim edilmədiyi aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan. malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs MMC-nin ünvanına Belarus Respublikasından 62342530 nömrəli vaqonla gələn taxta materialları yükü ölkə ərazisinə daxil olmuş və **********3922 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Rəsmiləşdirmə zamanı mallar gömrük ərazisinə daxil olmamışdan əvvəl qısa idxal bəyannaməsinin təqdim edilmədiyi aşkar olunmuşdur. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №3(033)-269/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-269/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver