Məhkəmə qərarları › İş №3(033)-274/2020

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-274/2020

01.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-274/2020 01.08.2020 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Fərrux Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs xx xxxx 1985-ci il tarixdə Zaqatala rayonu Qımır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, eyni inzibati xətanı il ərzində təkrar törətməmiş, Zaqatala rayonu Qımır kəndində qeydiyyatında olan və orada yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx xxxx 2020-ci il tarixdə saat 18:00 radələrində Zaqatala şəhəri, Vidadi küçəsində çayxananın qarşısında küçədə ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, ictimai qaydanın mühafizə vəzifələri icra edən polis əməkdaşını nalayiq söyüşlərlə təhqir etmiş, polisin qanuni tələblərinə qəsdən və qərəzli şəkildə tabe olmamış, buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Zaqatala rayon mühafizə idarəsinin polis nəfəri, polis serjantı Şahid1 raportla şöbənin rəisinə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində Zaqatala şəhəri Vidadi küçəsində yerləşən avtobus dayanacağında avtobus gözləyərkən həmkəndlisi Şəxs sərxoş vəziyyətdə dayanacağa gələrək sürücü və vətəndaşların yanında ucadan ona və polisin ünvanına nalayiq ifadələr işlətmişdir. O, həmin şəxsi nizam-intizama dəvət edərək, ondan ictimai qaydanı pozmamasını tələb etsə də, Şəxs öz hərəkətlərinə davam etmişdir. Bunu görüb kömək üçün Zaqatala Rayon Polis Şöbəsinə məlumat vermişdir. Həmin şəxs hadisə yerinə yaxınlaşan Zaqatala RPŞ-nin PPX Bölüyünün əməkdaşlarına da nalayiq söyüşlər işlətmişdir. Buna görə də, həmin şəxs polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Bunun əsasında onun haqqında xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi özünü təqsirli bilərək izahatında göstərdi ki, o, Zaqatala rayonu Qımır kəndində ailəsi ilə birgə yaşayır. xx.xx.2020-ci il tarixdə saat təxminən 11 radələrində yaşadığı Qımır kəndindən Zaqatala şəhərinə bazara gəlmişdir. Bazarda işləri qurtardıqdan sonra saat təxminən 14:00 radələrində Zaqatala şəhərində kafedə oturub yemək yeyərkən 3-4 bakal pivə içmişdir. 1-2 saat kafedə oturduqdan sonra evə getmək üçün Zaqatala şəhəri Texnika bankın qarşısında Qımır taksiləri dayanan yerə getmiş və orada çayxanada mühafizə polisində işləyən həmkəndlisi Rəşadı çay içərkən görmüş və ona yaxınlaşıb salamlaşmış və zarafat etmişdir. Həmin vaxtı Rəşadla mübahisə etmiş, əsəbi olduğu üçün ona qarşı ünvansız söyüşlər söymüşdür. O, ictimai qaydanı pozmuş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. O izahatında əlavə olaraq göstərdi ki, Rəşaddan Azər adlı polis əməkdaşının harada olduğunu soruşmuş, Azər adlı polis əməkdaşının ünvanına söyüş söyməmiş, ümumiyyətlə polislərin də ünvanına nalayiq ifadələr işlədərək təhqir etməmişdir. Ətrafda olan insanlar onun səsini eşitmişlər. Sərxoş olduğu üçün bu hərəkətləri etmiş, sərxoş olduğundan başqa hansı hərəkətləri etməsi yadına gəlmir. Polis əməkdaşlarından üzr istəmiş. Düzgün hərəkət etmədiyini dərk edir. Hazırda əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 izahatında göstərdi ki, Şəxsla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Zaqatala rayonu Qımır kəndində ailəsi ilə birlikdə yaşayır, özünə məxsus “Qazel” markalı mikroavtobus ilə Zaqatala rayonu Qımır kəndindən Zaqatala şəhərinə sərnişin daşıyır. xx.xx.2020-ci il tarixdə saat 17:40 radələrində o, axırıncı reys üçün Texnika Bankın qarşısında dayanan vaxtı həmkəndlisi Bahaddinlə çayxanada çay içərkən mühafizə polisində işləyən Rəşad yanlarına gəlib əyləşmiş və söhbət edərək çay içmişlər. Bir neçə dəqiqə sonra həmkəndlisi Şəxs da yanlarına yaxınlaşmış, Rəşadla salamlaşaraq onunla zarafatlaşmağa başlamışdır. X4 gedən polis əməkdaşı Azəri soruşmuşdur. Sonra onların arasında mübahisə düşmüşdür. Amid Azər adlı polis əməkdaşının ünvanına söyüş söymüşdür. Sonra Rəşadı da söymüşdür. Rəşad onu nizam intizama dəvət etmişdir. Onu sakitləşdirməyə çalışsalar da o, öz hərəkətlərini davam etdirmişdir. Rəşad mobil telefonu ilə Post Patrul Xidməti Bölüyünün əməkdaşlarını çağırmışdır. Sonra o, vaxtı bitdiyi üçün kəndə doğru getmişdir. O, əlavə olaraq göstərdi ki, həmin vaxtı çayxanada başqa vətəndaşlar da olmuşdur. Amidlə Rəşadın arasında mübahisə düşdükdə ətrafda olan insanlar həmin yerə yığışmışlar. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 izahatında göstərdi ki, Şəxsla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Zaqatala rayonu Qımır kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə saat 17:40 radələrində o, yaşadığı kəndə getmək üçün Texnika Bankın qarşısında dayanan marşrutu gözləyərkən marşrut sürücüsü Şahid3la birlikdə çayxanada əyləşib çay içdiyi zaman yanlarına mühafizə polisində işləyən Şahid1 gəlmiş, onlarla birlikdə əyləşib çay içmişdir. Bir neçə dəqiqədən həmkəndliləri Şəxs da gəlmiş və ona çay təklif etsələr də o, sərxoş olduğu üçün Rəşadla dost kimi zarafat etməyə başlamışdır. Sonra onların aralarında mübahisə başlamışdır. X5 adlı tanımadığı şəxsi soruşmuş, sonra həmin şəxsin ünvanına nalayiq söyüşlər söymüşdür. Sonradan Azər adlı şəxsin polis olduğunu bilmişdir. Rəşad həmin vaxtı Amidi sakitləşdirmək istəsə də, öz hərəkətlərini davam etdirmişdir. O, özü də onları sakitləşdirməyə çalışmış, lakin Şəxs öz hərəkətlərinə davam etmişdir. Rəşad həmin yerə polis çağırmış, sonra o, marşrut ilə kəndə getmişdir. O, əlavə olaraq göstərdi ki, Amid ünvansız söyüşlər söyərkən ətrafda insanlar olmuş, bu hərəkətlər də insanların narahatlığına səbəb olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 izahatında göstərdi ki, 2011-ci il tarixdən Daxili İşlər Nazirliyində xidmət aparır. Zaqatala rayonu Qımır kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində xidmətdən çıxıb yaşadığı ünvana getmək üçün şəhərin Vidadi küçəsində yerləşən avtobus dayanacağına gəlmiş, orada ictimai nəqliyyat vasitəsini gözləyərkən həmkəndlisi Şəxs sərxoş vəziyyətdə dayanacağa gələrək Qax rayonuna gedən polis əməkdaşı Azəri soruşmuş, sonra onun ünvanına söyüşlər söymüşdür. Ondan nə üçün polis əməkdaşını söydüyünü soruşduqda onun da ünvanına söyüşlər söyməyə başlamışdır. Onu nizam-intizama dəvət etsə də, o, hərəkətlərini davam etdirərək polis əməkdaşlarının ünvanına ucadan nalayiq küçə söyüşləri söymüşdür. Həmin vaxtı ərazidə xidmət aparan Zaqatala RPŞ-nin PPXB-nün polis nəfərləri onlara yaxınlaşmış, Şəxs onları gördükdə həmin polis əməkdaşlarının ünvanına da söyüşlər söymüş, onu nizam intizama dəvət etsələr də, o, ictimai qaydanı pozmuş, öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, onu məcburi qaydada polis şöbəsinə gətirmişlər. Həmin vaxtı yanında həmkəndliləri İsa və Bahaddin də olmuşdur. O, əlavə olaraq göstərdi ki, həmin vaxtı çayxanada başqa vətəndaşlar da olmuşdur. Amidlə onun arasında mübahisə düşdükdə ətrafda olan insanlar həmin yerə yığışmışlar. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 izahatında göstərdi ki, o, Zaqatala RPŞ-nin PPXB-nin polis nəfəridir. xx.xx.2020-ci il tarixdə saat təxminən 18 radələrində xidməti ərazisində xidmət apararkən növbətçi hissədən onlara Zaqatala şəhəri Vidadi küçəsində Texnika Bankın qarşısında bir nəfər şəxsin ictimai qaydanı pozması barədə məlumat gəlmişdir. Həmin məlumat əsasında hadisə yerinə yaxınlaşdıqda ictimai qaydanı pozan şəxs sonradan adını bildiyi Şəxs Zərifə Parkına doğru getdiyini görmüş, onu saxlamaq istədikdə onlara qarşı nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmağa davam etmişdir. Onu nizam intizama dəvət etsələr də, Şəxs onların qanuni tələbinə əməl etməyərək öz hərəkətlərinə davam etmişdir. Buna görə də, məcburi qaydada polis şöbəsinə gətirərək aidiyyəti üzrə təhvil vermişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin və şahidlərin izahatları və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğundan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin xətalardan daha ciddi xəta olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı Şəxs həmin əməli törətməsini səmimi etiraf edərək peşmançılıq çəkməsi müəyyən edildi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin əməli törətməsini səmimi etiraf edərək peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini və əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati həbs edilməsinin əvvəli onun Zaqatala rayon polis şöbəsinə aparıldığı vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən, saat 18:30-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclası zalında həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun Zaqatala rayon polis şöbəsinə aparıldığı vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən, saat 18:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Zaqatala RPŞ-nə həvalə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar