Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-276/2023 22.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Vəkil və inzibati xəta haqqında protokol tərtib edən Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- xx xxxxxx 1998-ci il tarixdə Zaqatala rayonu Faldarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Faldarlı kəndində qeydiyyatında olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 22 sentyabr 2023-cü il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 22 sentyabr 2023-cü il tarixdə saat 01 radələrində Zaqatala rayonu Muğanlı dairəsi adlanan ərazidə polisin qanuni tələbinə tabe olmamışdır. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan Zaqatala Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cu il tarixdə saat 18:00-da Zaqatala- Balakən 127-ci km keçən hisəsi ərazisində xidmətdə olduğu zaman BDYPİ-nin bilavasitə tabeliyində olan YPX-nin alayının 5-cı tağımın YPX-nin inspektorları polis serjantı Sabir Qurbanov və polis serjantı Orxan Musayev tərəfindən **-HE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi törətmiş qayda pozuntusuna görə tərəflərindən saxlanılmış, sürücü polisin qanuni tələblərinə tabe olmadığından nəqliyyat vasitəsi duracağa yerləşdirilmişdir. Təxminən xx.xx/2023-cü il tarixinə keçən gecə polis əməkdaşı Natiq Mehdiyevin saat 00:29 radələrində istifadə etdiyi mobil telefona (070) ***-**-** nömrəsi ilə zəng gəlmiş, Natiq Mehdiyev həmin zəngə cavab verdiyi zaman bilmişdir ki, BDYPİ-nın bilavasitə tabeliyində olan YPX-nin alayının 5-ci tağımın YPX-nin inspektorları polis serjantı Sabir Qurbanov və polis serjantı Orxan Musayev tərəfindən saxlanılan **-HE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Zaqatala rayonu Faldar kənd sakini Şəxs İsa oğludur o, telefon vasitəsilə Natiqə nalayıq sözlərlə təhqir edərək nəqliyyat vasitəsini buraxmadığı təqdirdə posta gələrək avtonəqliyyatını yandıracağını bildirərək ona hədə qorxu gəlməklə söhbətə çağırmışdır. Polis əməkdaşı Natiq Mehdiyev öz növbəsində qanuna müvafiq qaydada şifahi formada Zaqatala RPŞ-nə müraciət edərək həmin Zaqatala rayonu Faldar kənd sakini Şəxs İsa oğlunun dediyi ünvana Zaqatala RPŞ-nın əməkdaşları ilə birgə getmiş, orada həmin şəxs ona eyni ilə telefonda işlətdiyi nalayiq ifadələri işlətmiş və ona fiziki təzyiq göstərdiyindən onu polisin qanuni tələblərinə tabe olmağa dəvət etsələr də o eyni əməllərinə davam etdiyindən Zaqatala RPŞ-nın əməkdaşlarının köməyi ilə RPŞ-yə gətirilmişdir. Onun sərxoşluq vəziyyəti yoxlandıqda onun sərxoş olduğu müəyyən edilmiş. O, ayıldıqdan sonra onun izahatı alınmış, onun haqqında 22 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə YPX-da işləyən Natiq adında şəxs atasına məxsus olan onun tərəfindən idarə olunan avtomobili cərimə meydançasına gətirdikdən sonra o, 22 sentyabr 2023-cü il tarixdə saat 1 radələrində Natiqə zəng etmişdir. Onunla Muğanlı dairəsi adlanan ərazidə danışmaq üçün görüşmüşdür. O həmin yerə getdikdən sonra Natiqlə aralarında münaqişə yaranmışdır. O, sərxoş olduğundan Natiqə qarşı hazırda deyə bilməyəcək dərəcədə nalayiq ifadələr işlətmişdir. Həmin zaman ərazidə xidmət aparan PPX əməkdaşları ora gəlmiş, o, polislərin də tələblərinə tabe olmamış, polislərə qarşı da nalayiq ifadələr işlətmişdir. Həmin ifadələri işlədərkən sərxoş olmuşdur. Lakin etdiyi hərəkətləri xatırlayır. Etdiyi hərəkətindən peşman olmuşdur və gələcəkdə bu kimi hallara yol verməyəcəkdir. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil çıxış edərək Şəxs barəsində yüngül tənbeh növünün tədbiq edilməsini xahiş edir. 22 sentyabr 2023-cü il tarixli, 359 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, 1998-ci il təvəllüdlü Şəxs orta dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, sahə rəisinin izahatları, videogörüntü və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmalıdır. Zaqatala RPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı onun həmin əməli törətməsini səmimi etiraf edərək peşmançılıq çəkməsi və onun sərxoş halda inzibati xəta törətməsi müəyyən edildi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin əməli törətməsini səmimi etiraf edərək peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin əməli sərxoş halda törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməsi və onların qanuni tələblərinə qəsdən tabe olmaması onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiqinə zərurət yaratmışdır. Digər tərəfdən, inzibati xəta törədən şəxsi tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə onun barəsində inzibati cərimə tənbehinin tətbiqi məntiqsiz və nəticə etibarilə səmərəsiz olar. Belə vəziyyətdə məhkəmə Şəxs inzibati həbs tənbehinin tətbiqini qaçılmaz sayır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını, onun şəxsiyyətini və əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, polis əməkdaşlarının şəxsiyyətlərinə qarşı belə bir nalayiq ifadələr işlətməklə onların qanuni tələblərinə tabe olmamasını nəzərə alaraq, eyni zamanda inzibati xəta törədən şəxsi tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati həbs edilməsinin əvvəli onun ayıldığı vaxtdan, yəni 22 sentyabr 2023-cü il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 22 sentyabr 2023-cü il tarixdən, saat 10:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Zaqatala RPŞ-nə həvalə edilsin. Qərarın surəti proses iştirakçılarına təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov .
Məhkəmə qərarları › İş №3(033)-276/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-276/2023
22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver