Məhkəmə qərarları › İş №3(033)-278/2021

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-278/2021

02.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-278/2021 02.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X5 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala RPŞ-nin İTB-nin sahə rəisi X3 iştirakları ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X5 “Zaqatala RPŞ-in İTB-nin sahə rəisi polis baş leytenantı X4 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması” barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala RPŞ-in İTB-nin sahə rəisi polis baş leytenantı X4 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs X7 şikayət ərizəsində göstərmişdir ki, o, 04.05.2021-ci il tarixdə saat təqribən 16:00 radələrində Zaqatala şəhəri, F.Əmirov küçəsində “xxxx” QSC-nin Zaqatala regioanal mərkəzinin yerləşdiyi inzibati binanın qarşısındakı yolun qarşısındakı səki ilə piyada təkbaşına hərəkətdə olan zaman polis əməkdaşı özünü təqdim etmədən onu saxlayaraq guya açıq havada qoruyucu vasitə olan tibbi maskadan istifadə etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində MN seriyalı ******* nömrəli protokol tərtib etmişdir. O, həmin protokolla razılaşmadığı üçün barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etməmiş və protokolun surətini ona təqdim etmişdir. O, barəsində 04.05.2021-ci il tarixdə tərtib olunmuş MN seriyalı ******* nömrəli protokoldan və protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətini 09.05.2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Lakin məhkəmənin 07.05.2021-ci il tarixli 3(033)-228/2021 nömrəli qərardadı ilə şikayət ərizəsinə inzibati tənbeh vermə haqqında qərarı əlavə etmədiyinə görə şikayəti ona geri qaytarılmışdır. Bundan sonra barəsində 04.05.2021-ci il tarixdə qəbul edilmiş qərarın surətinin ona rəsmi qaydada verilməsi üçün Zaqatala Rayon Polis Şöbəsindən dəfələrlə xahiş etsə də, ona rəsmi qaydada göndərilməmişdir. Sonra onun müraciəti əsasında ona MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar verilmişdir. Hazırda ona həmin qərar 18.06.2021-ci il tarixdə rəsmi qaydada verilmişdir. Həmin protokolu və həmin protokol əsasında qəbul edilmiş 04.05.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz hesab edir. Çünki Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli 451 saylı Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi məcburidir. Həmin Qərarın qeyd edilən bəndindən görünür ki, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən açıq havadakı ictimai yerlərdə istifadə edilməsi məcburidir. Lakin həmin qərarın mətnində açıq havadakı ictimai yer anlayışının izahı verilməmişdir. Açıq havadakı ictimai yer dedikdə o, insanların sıx toplaşdığı yerləri başa düşür. Lakin polis əməkdaşı ona açıq havada təkbaşıma gəzərkən və ətrafında heç bir insanın olmadığı halda protokol tərtib etmişdir. Halbuki kafelərdə, çayxanalarda və ya restoranlarda bir sözlə insanların sıx toplaşdığı məkanlarda insanlar çay içərkən və ya yemək yeyərkən qoruyucu vasitədən istifadə etmir. Bu qərarın tətbiqində vətəndaşlar arasında müəyyən çaşqınlıq və anlaşılmazlıq yaranmışdır. Buradan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli 451 saylı Qərarının 1-ci bəndində qeyd edilən açıq havadakı ictimai yer anlayışının izahının verilməməsi onun təqsirli olması barədə şübhə yaradır və həmin şübhə onun xeyrinə həll edilməlidir. Şikayət verən şəxs X7 şikayət ərizəsini müdafiə edərək ona uyğun izahat vermiş, məhkəmə iclasında əlavə olaraq göstərmişdir ki, o, həmin vaxt tibbi maskadan istifadə etməmişdir. Onun cibində tibbi maska olmuşdur. Həmin ərazi ictimai yer olmadığından tibbi maskadan istifadə etməmişdir. O, maddi imkanı çox ağır olduğundan ona yazılmış cərimənin silinməsini xahiş edir. Hazırda isə şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib şəxs Zaqatala RPŞ-nin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, X5 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni, əsaslı və ədalətlidir. X7 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən qayda pozuntusunu etdiyinə görə o, inzibati qaydada 100 manat məbləğində cərimə edilmişdir. Belə ki, o, 04 may 2021-ci il tarixdə saat 16:55 radələrində Zaqatala şəhəri F.Əmirov küçəsində hərəkətdə olarkən tibbi maskadan istifadə etməmişdir. Qeyd olunan hal onun verdiyi izahatları ilə də öz təsdiqini tapır. Həmin vaxt ona etdiyi qayda pozuntusu barədə məlumat verilmiş və bu əsasla da X7 barəsində 04 may 2021-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında həmin tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Ona görə də onun şikayəti əsassızdır və şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X7 04 may 2021-ci il tarixdə, saat 16:55 radələrində Zaqatala şəhəri F.Əmirov küçəsində hərəkətdə olarkən karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozduğuna görə onun barəsində Zaqatala RPŞ-nin İTB-nin sahə rəisi X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında 04 may 2021-ci il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. X7 inzibati xəta törətməməsini əsas göstərərək inzibati xəta haqqında 04 may 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə-fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarından müəyyən edilir ki, X2 rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə etməmişdir. Həmçinin o, polis şöbəsində verdiyi izahatında göstərmişdir ki, “04 may 2021-ci il tarixdə saat 16:55 radələrində Zaqatala şəhəri F.Əmirov küçəsində olarkən tibbi maskadan istifadə etməmişdim. İzahat mənə oxundu, sözlərimlə doğru yazılıb, doğruluğunu öz imzamla təsdiq edirəm”. Göründüyü kimi, şikayət verən şəxs X7 həm şikayətində, həm də məhkəmə iclasında qoruyucu vasitə hesab olunan tibbi maskadan istifadə etmədiyini, lakin tibbi maskadan istifadə etmədiyi ərazinin ictimai yer olmadığını və həmin ərazidə tibbi maskadan istifadə etməsinin məcburi olmadığını əsas gətirərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etsə də, məhkəmə baxışı iclasında onun həmin vaxt qoruyucu vasitə hesab olunan tibbi maskadan istifadə etməməsi iş materialları ilə bir daha təsdiq olunur. Məhkəmə isə yuxarıda qeyd olunan hallara qiymət verərək qeyd edir ki, şikayətdə göstərilənlər heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi barədə 16 yanvar 2021-ci il tarixli Qərarına əsasən koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2020-ci il noyabrın 19-da “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” qərarı ilə müəyyən edilib ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. Bu tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu Qərar 2020-ci il 21 noyabr tarixindən qüvvəyə minir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinin 3-cü bəndinə əsasən, bütün dövlət orqanları, ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər. Həmin Qanunun 38-ci maddəsinin 1-ci və 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyrihüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır, Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülkihüquq məsuliyyətinə cəlb edilə bilərlər. Məhkəmə şikayətçinin qoruyucu tibbi maskadan istifadə etmənin məcburi olmaması ilə bağlı dəlilləri ilə də razılaşmır. Ona görə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tərkib əlaməti kimi göstərilmişdir ki, karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 29 may 2020-ci il tarixli Qərarından da görünür ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: Göründüyü kimi, karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələb ondan ibarətdir ki, sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Şikayətçi tərəfindən də bu tələblərə riayət olunmamış, tibbi maskadan istifadə etməmişdir. Məhkəmə şikayətçinin tibbi maskadan istifadə etmədiyi ərazinin ictimai yer olmaması ilə bağlı dəlilləri ilə də razılaşmır. Ona görə ki, açıq və qapalı məkanlarda, ictimai yerlərdə, harada ki, bir və ya iki şəxsin hərəkət etdiyi yer var, həmin yerlər ictimai yer hesab olunduğuna görə, həmin yerlərdə tibbi maskalardan istifadə edilməsi məcburi xarakter daşıyır. İctimai yerlərə insanların daha çox olduğu - küçə, prospekt, park, məhəllədaxili yerlər daxildir. Başqa sözlə, ictimai yer insanların yaşadığı evin kandarından başlayır. Yəni, iki və daha artıq şəxsin hərəkət etdiyi yer ictimai yer hesab olunur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nun izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, X5 və inzibati xəta haqqında protokol tərtib şəxs Zaqatala RPŞ-nin İTB-nin sahə rəisi X3 izahatları ilə yanaşı, tədqiq edilmiş sübutlarla məhkəmə iclasında baxış zamanı da X5 04 may 2021-ci il tarixdə, saat 16:55 radələrində Zaqatala şəhəri F.Əmirov küçəsində hərəkətdə olarkən karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozduğu müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə X1nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X5 “Zaqatala RPŞ-in İTB-nin sahə rəisi polis baş leytenantı X4 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar