Məhkəmə qərarları › İş №3(033)-279/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-279/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-279/2025 03.07.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 Əli qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili X2, və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X3 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, eyni xətaya görə il ərzində inzibati məsuliyyətə cəlb edilmiş, Zaqatala rayonu, Aşağı Tala kəndində qeydiyyatında olan və orada yaşаyan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)-445/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə yaranmış 8060 manat borcun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, onun barəsində 13 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon İcra və X1 Rayon Məhkəməsinə göndərilmişdir. Zaqatala Rayon Məhkəməsinin 3(033)-279/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 13 may 2025-ci il tarixli, 3(033)-279/2025 saylı qərarından inzibati xəta haqqında protokol tərtib etmiş Zaqatala rayon İcra və probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Elvin Əhmədov tərəfindən şikayət verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-166/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Zaqatala rayon İcra və probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Elvin Əhmədov tərəfindən verilmiş şikayət qismən təmin edilərək,. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 13 may 2025-ci il tarixli, 3(033)-279/2025 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında protokol və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Zaqatala Rayon Məhkəməsinə qaytarılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən Şəxs icra məmurunun icra sənədi üzrə göstərişlərinə məhəl qoymamasını, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətməsini, məhkəmə prosesinə qədər sözügedən icra sənədi üzrə ödənilməli olan məbləğindən ödəniş etməməsini nəzərə almamışdır. Apellyasiya məhkəməsi onu da qeyd etməyi zəruri hesab edir ki, Şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq, qeyd olunmuş hal Şəxs öz əməlinə tənqidi münasibətin formalaşması ilə nəticələnməmiş, apellyasiya məhkəməsinin iclasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini olmasına baxmayaraq zərərçəkmiş şəxsə borcu olmadığını, borcun onun üzərinə qoyulduğunu bildirmişdir. İnzibati iş Şəki Apellyasiya Məhkəməsinin 20 iyun 2025-ci il tarixli məktubu ilə 23 iyun 2025-ci il tarixdə Zaqatala Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclası zamanı Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 izahatında göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-445/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 8060 manat pul vəsaiti tutularaq tələbkar X11 ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Tərəfindən borclu Şəxs «İcra haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədlərinin icrası tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin edilən xəbərdarlıqlara baxmayaraq, Şəxs icra sənədində göstərilən borcunu ödəməkdən imtina etmişdir. Buna görə də, onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. Şəxs məhkəmə tərəfindən vaxt verildikdən sonra tərəfindən tələbkar X8 xeyrinə 3660 manat borc ödənilmişdir. Bu halın nəzərə alınmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, həqiqətən də, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-445/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən 8060 manat pul vəsaiti ondan tutularaq tələbkar X11 ödənilməlidir. Məhkəmə qərarından xəbərdardır. Hazırda tərəfindən tələbkarın xeyrinə 3660 manat borc ödənilmişdir və qalıq qalmış borcunu da ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X5 çıxış edərək Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Şəxs tərəfindən “icra ödənişi” təyinatı ilə 3660 manat dəniş edilmişdir. Məhkəmə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola ona əlavə edilmiş sənədlərlə birlikdə baxarkən müəyyən etdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-445/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 8060 manat pul vəsaiti tutularaq tələbkar X11 ödənilməlidir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(033)-372/2024 saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Göründüyü kimi, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs kimi inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)-445/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmamış, əksinə o, borcunun əhəmiyyətli hesab edilən hissəsini, yəni 3660 manat hissəsini tələbkara ödəmiş, geri qalan borcunu qısa müddətdə qaytaracağını bildirmişdir. İşin qeyd edilən halları borclunun məhkəmə iclası zamanı verdiyi izahatı ilə yanaşı, icra məmurunu izahatı və məhkəməyə təqdim edilmiş sənədlərlə də öz təsdiqini tapır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar