Məhkəmə qərarları › İş №3(033)-282/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-282/2023

03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-282/2023 03.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili Zaqatala rayon Vəkil Bürosunun üzvü X1 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon Yol patrul xidməti inspektoru polis baş serjantı X2 iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ayan MMC-də işləyən, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilmiş, ünvan 1 ünvanında qeydiyyatında olan və orada yaşayan- Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 333.2-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “Mercedes Benz C200” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2023-cü il tarixdə saat 00:35 radələrində Zaqatala şəhəri F.Əmirov küçəsində hərəkətdə olan zaman işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə Zaqatala RPŞ-nin DYPB-nin inspektoru tərəfindən saxlanılıb sənədlərinə baxış keçirilən zaman nəqliyyat vasitəsini idarə etmək hüququ olan sürücünün avtomaşını alkoqoldan istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə eyni zamanda nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə idarə etməsi faktı aşkar edilmişdir. Bu barədə Zaqatala Rayon Polis X6 X5 Patrul Xidmətinin (bundan sonra-Zaqatala RPŞ-in DYPB-in YPX) baş inspektoru, polis baş serjantı X3 tərəfindən xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Zaqatala rayon Yol patrul xidməti inspektoru polis baş serjantı X3 izahatında yuxarıda qeyd edilən inzibati xəta hadisəsinin Şəxs tərəfindən törədildiyini, onun tərəfindən bundan əvvəl də eyni inzibati xəta hadisəsinin törədildiyini və həmin müddətdən bir ilin keçmədiyini bildirərək, barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında yuxarıda şərh edilən inzibati xətanı törətdiyini bildirirək, xx.xx.2023-cü il tarixdə saat təxminən 00:40 radələrində özünə məxsus olan “Mercedes Benz C200” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən YPX əməkdaşları tərəfindən saxlanılmışdır. O qaynatasının ad günündə spirtli içki içdiyi üçün YPX əməkdaşları tərəfindən Zaqatala RPŞ-yə aparılmış və onun barəsində protokol tərtib olunmuşdur. O, avtomaşını anasına dərman almaq üçün sərxoş vəziyyətdə idarə etmişdir. Əməlindən peşman olduğunu, cərimə ödəməyə maddi imkanı olmadığını bildirərək, barəsində aşağı həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən müdafiəçi Zaqatala rayon Vəkil Bürosunun üzvü X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, ailəsində yeganə qazanc gətirən şəxs olmasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, müdafiəçinin və Zaqatala RPŞ-nin DYPB-nin inspektorunun izahatlarını və çıxışlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-in 329.3, 332.1 və 333.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir və o, həmin inzibati xətaların törədilməsində təqsirlidir. Ona görə də o, inzibati qaydada tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs üzün qızarması, danışığının səlist olmaması, kəskin alkoqol iyinin gəlməsinə görə tibbi müayinəyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli alkotesterin qəbzindən görünür ki, Şəxs qanında alkoqolun konsentrasiyasının 0,866 promilli olması olunmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş “Avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Şəxs idarə etdiyi “Mercedes Benz C200” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilini Zaqatala RPŞ-in DYPB-in YPX-in polis baş serjantı Elçin Kərimov saxlanılması üçün qəbul etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinib barəsində 400 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir və tərəfindən cərimə cəzası ödənilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü seçərkən, onun inzibati məsuliyyətini yüngülləşdirən halı nəzərə aldım. Azərbaycan Respublikası İXM-in 32.1-ci və 32.1.1-ci maddələrinə görə inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası İXM-in 32.2-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar da nəzərdə tutula bilər. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qanunvericiliklə nəzərdə tutulmayan halları da məsuliyyəti yüngülləşdirən hallar hesab edə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşman olmasını, deməsinə görə himayəsində iki azyaşlı övladının olmasını onun inzibati məsuliyyətini yüngülləşdirən hallar qismində qiymətləndirirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-in 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi qeyd edilməlidir. İş materiallarında olan inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətaların xarakterini eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, inzibati həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 22, 30, 31.4, 43, 114-cü və 115-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 333.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-nin 333.2-ci maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 10 (on) gün müddətinə inzibati qaydada məhkəmə iclası zalından həbs edilsin. Həbs etmənin əvvəli onun tutulduğu 03 oktyabr 2023-cü il tarixdən saat 00:35-dən hesablansın. Qərarın icrası Zaqatala Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Qərarın surəti inzibati xətanı törədən şəxsə, müdafiəçiyə, Zaqatala Rayon Polis Şöbəsinə təqdim edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar