Məhkəmə qərarları › İş №3(033)-290/2024

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-290/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-290/2024 05.09.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X7, tələbkar X1 və Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Zaqatala rayonu, Danaçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Zaqatala rayonu, Danaçı kəndində qeydiyyatda olan və orada da yaşаyan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Kamalov X4 Rayon Məhkəməsinin 2(033)-146/2023 nömrəli 12 may 2023-cü il tarixli icra vərəqəsi üzrə 5980 manat aliment borcunun ödənilməsi barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətmiş onun barəsində 05 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon İcra və X6 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş şəxs, Zaqatala rayon İcra və probasiya Şöbəsinin icra məmuru X8 izahatında göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 146/2023 nömrəli 12 may 2023-cü il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından 17 mart 2011-ci ildə doğulmuş X9, 01 yanvar 2014-cü ildə doğulmuş X11 və 15 fevral 2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 11 noyabr 2022-ci il tarixdən başlayaraq, cavabdeh Şəxs hər ay hər uşaq üçün 130 (bir yüz otuz), cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində tutularaq, iddiaçı X5 ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Tərəfindən borclu Şəxs «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədinin icrası tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin edilən xəbərdarlıqlara baxmayaraq Şəxs icra sənədi üzrə yaranmış aliment borcunu ödəməmişdir. Protokol məhkəməyə təqdim edildikdən sonra icra sənədi üzrə tərəflər olan tələbkarla borclu arasında razılıq əldə edilmiş, borclu tələbkara 500 manat ödəniş etmişdir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X10 izahat verərək bildirdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-146/2023 nömrəli 12 may 2023-cü il tarixli icra sənədinə əsasən birgə nikahlarından 17 mart 2011-ci ildə doğulmuş X9, 01 yanvar 2014-cü ildə doğulmuş X11 və 15 fevral 2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 11 noyabr 2022-ci il tarixdən başlayaraq, cavabdeh Şəxs hər ay hər uşaq üçün 130 (bir yüz otuz), cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində tutularaq, ona ödənilməlidir. İcra sənədi üzrə borclu Şəxs yaranmış 5980 manat aliment borcunun 500 manat hissəsini ona ödəmişdir. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-146/2023 nömrəli 12 may 2023-cü il tarixli icra sənədinə əsasən birgə nikahlarından 17 mart 2011-ci ildə doğulmuş X9, 01 yanvar 2014-cü ildə doğulmuş X11 və 15 fevral 2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 11 noyabr 2022-ci il tarixdən başlayaraq, ondan hər ay hər uşaq üçün 130 (bir yüz otuz), cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində tutularaq, iddiaçı X5 ödənilməlidir. Məhkəmə qərarından xəbərdardır. Bildirir ki, iş olan zaman fəhləliklə məşğul olur və cüzi miqdarda gəlir əldə edir. Uşaqların alimentini isə anası öz pensiyasından ödəyir. Hazırda yaranmış aliment borcunun 500 manatını ödəmişdir. Tələbkarla razılığa gəlmişdir. Göstərilənlərin nəzərə alınaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X12 çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola ona əlavə edilmiş sənədlərlə birlikdə baxarkən müəyyən etdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-146/2023 nömrəli 12 may 2023-cü il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından 17 mart 2011-ci ildə doğulmuş X9, 01 yanvar 2014-cü ildə doğulmuş X11 və 15 fevral 2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 11 noyabr 2022-ci il tarixdən başlayaraq, cavabdeh Şəxs hər ay hər uşaq üçün 130 (bir yüz otuz), cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində tutularaq, iddiaçı X5 ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Kamalov X4 Rayon Məhkəməsinin 2(033)-146/2023 nömrəli 12 may 2023-cü il tarixli icra sənədi üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmamış, əksinə o, yaranmış aliment borcunun bir hissəsini, yəni 500 manatını ödəmişdir. Onun borcunu birdəfədə ödəməsi üçün maddi imkanının olması hər hansı bir şəkildə öz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları protokol tərtib etmiş şəxsin, tələbkarın və borclunun məhkəmə iclası zamanı verdiyi izahatı ilə yanaşı, məhkəməyə təqdim edilmiş sənədlərlə də öz təsdiqini tapır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar