Məhkəmə qərarları › İş №3(033)-291/2021

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-291/2021

07.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-291/2021 07.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili X9, zərərçəkmiş şəxs X3 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi, X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1973-cü il tarixdə Zaqatala rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən il ərzində eyni xəta üzrə inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla Zaqatala rayonu Çökək kəndində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 07 iyul 2021-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 17 iyun 2021-ci il tarixdə saat 13 radələrində Zaqatala rayonu, Muğanlı kəndində evin həyətində X4 döymüşdür. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi, X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 17.06.2021-ci il tarixdə saat 11 radələrində Zaqatala rayonu Muğanlı kənd sakini X12 qohumu X3 onun barəsində yaydığı böhtana görə sonuncunun yaşadığı ünvana getmiş və aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı X10 Yusubovaya əl ilə vuraraq sonuncunun sağlamlığına zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirməklə Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Daha sonra, həmin tarixdə saat 13 radələrində Əfsunə bacıları Şəxs və X5 ilə Aqilə Qurbanəliyevanın yaşadığı ünvana getmiş və orada həmin şəxslər arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Şəxs Aqilə Qurbanəliyevanın saçından tutub dartışdıraraq sonuncunun sağlamlığına zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirməklə Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Toplanmış material üzrə Şəxs əməlində cinayət tərkib olmadığından cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Buna baxmayaraq, Şəxs əməlində Azərbaycan Respublikası İXMin 157-ci maddəsinin tərkibi olduğundan toplanmış material üzrə qəbul edilmiş qərarın surəti baxılması üçün aidiyyəti üzrə Zaqatala RPŞ-nin ictimai-təhlükəsizlik bölməsinə göndərilmişdir. Bundan sonra onların izahatları alınmış və qərarın əsasında onun haqqında 07 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, 17.06.2021-cı il tarixdə saat 09 radələrində Muğanlı kəndinə atasını ziyarət etməyə getmişdir. Atası evinə getməmişdən əvvəl həmin kənddə yaşayan bacısı Ayparənin evinə gedib orada olan xalçalarını yumuşdur. Oradan bacısı Ayparə ilə atası evinə getmişlər. Valideyinlərinin evində yaşayan bacısı Əfsunənin ağladığını görüb ondan nə baş verdiyini soruşmuş, Əfsunə xalası oğlu Məhəmmədin arvadı Aqilənin onu döydüyünü bildirmişdir. O, Əfsunədən mübahisənin səbəbini soruşanda, sonuncu Aqilənin Məhəmmədlə onun münasibətləri olması barədə böhtan atdığını bildirmişdir. Buna görə həmin gün saat 13 radələrində o, bacısı Ayparə və Əfsunə ilə Aqilənin yaşadığı ünvana getmişlər. Ayparə Aqilənin çöl darvazasını açıb sonuncunu çağırmışdır. Aqilə çölə çıxanda Ayparə ondan Əfsunə barəsində yaydığı böhtan barəsində və ona niyə vurduğunu soruşmuşdur. Aqilə cavab olaraq yaxşı etdiyini, Əfsunənin onun ailəsini dağıtdığını bildirmişdir. Bundan sonra Aqilə onlara qarşı nalayiq ifadələr demişdir. O, buna əsəbiləşib Aqilənin saçından tutub yolmuşdur. Həmin vaxt Ayparə onun tutub Aqilədən ayırmışdır. Bundan sonra, onlar evə getmək istəyəndə Aqilənin qızı Xansənəm çölə çıxmış və onlara “anamı tək görübsüz" demişdir. O, cavab olaraq “sən balacasan, qarışma” deyib çıxıb getmişdir. Bundan əlavə, o, mübahisə vaxtı Aqiləyə vurduğunu etiraf edir, Xansənəmə isə heç vurmamışdır. Ayparədə heç bir bıçaq olmamış, hadisəni kənardan heç kim görməmişdir. Dedikləri nəzərə alınmaqla qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X8 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 17.06.2021-ci il tarixdə saat 09 radələrində ərinin xalası qızı Əfsunə onların yaşadığı evə gəlmiş, ayaqqabını çıxartmadan evə girərək əri Məhəmmədin yanına getmək istəmişdir. O, Əfsunənin qarşısına keçib imkan verməmişdir. Buna görə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı o, əsəbiləşib Əfsunənin üstünə getmək istəyəndə əri Məhəmməd ona imkan verməmiş və Əfsunəni çölə çıxarmışdır. Bundan sonra Əfsunə çıxıb getmişdir. Bundan sonra, o, qızı Əsma ilə birlikdə diş çıxartmaq üçün həkimə getmişdir. Təxminən bir saat sonra, o, evə qayıtmış və evdə olan qızı Xansənəm ona Əfsunənin Bakı şəhərində yaşayan bacısı Əfsanənin onun barəsində nalayiq mesajlar yazdığını bildirmişdir. O, Əfsanəyə heç bir cavab yazmayaraq ev işləri ilə məşğul olmağa başlamışdır. Həmin vaxt küçədən çağıran səs eşitmişdir. O, evdən çıxıb çöldə Əfsunənin bacısı Ayparənin onu çağırdığını görmüşdür. Ona yaxınlaşanda Aypərə qəflətən onun sağ qolundan tutub itələmiş, o da yıxılmışdır. O yıxılan vaxt onun üstünə Ayparə və bacıları Elvira, Əfsusə, Əfsunə gəlmişlər. O, başını tutub dayanmış, onlar isə onun bədəninin müxtəlif hissələrinə sillə, yumruqlar vurub ona xəsarətlər yetirmişlər. Sonra oraya az yaşlı qızı Xansənəm gəlmişdir. Xansənəm onları ayırmaq istəyəndə Əfsusə qızının üstünə getmiş, sillə ilə vurmuş və xəsarət yetirmişdir. O, qışqıranda qonşusu Əfqan gəlib onları ayırmışdır. Onlar gedərkən Ayparənin əlində bıçaq olduğunu görmüşdür. Sonra o, DİN-in “102" xidmətinə zəng vurub məlumat vermişdir. Bundan əlavə, o, mübahisə zamanı heç kimə vurmamışdır. Hazırda Şəxs ilə barışmamışdır, ondan şikayətçidir, onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X13 məhkəmə iclası zamanı çıxış edərək Şəxs barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-in 157-ci maddəsinin tərkibi olduğundan qəbul edilmiş qərarın surəti baxılması üçün aidiyyəti üzrə Zaqatala RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Qərarın əsasında onun haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə həmin qərarı mübahisələndirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin, protokol tərtib edən şəxsin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, ekspert rəyi ilə və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır. Həmin Qanunun 6-cı maddəsinə əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün dövlət tədbirlər görür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, qadın olmasını, həmçinin inzibati həbsin tətbiq edilməsi üçün hər hansı müstəsna halın olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərlə yanaşı, məhkəmə onu da qeyd edir ki, İXM-in 100.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməlidir. Ancaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş və ciddi hesabat sənədi hesab olunan inzibati xəta haqqında 07 iyul 2021-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, protokol tərtib edən şəxs qanun pozuntusuna yol vermiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və fərdi identifikasiya nömrəsini protokolda qeyd etməmişdir Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə, zərərçəkmiş şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar